"Ovçular evi"nin yerində deputatlara bina tikiləcək - FOTO/VİDEO
Paytaxt Bakıda sökülən "Ovçular Evi" adlı cəmiyyətin binasının yerində nə tikiləcəyi bəlli olub. Yasamal rayon İcra Hakimiyyətindən İstiPress-ə verilən məlumata görə, cəmiyyətin sökülən binasının yerində Milli Məclisin deputatları üçün yaşayış binası tikiləcək. Ərazidə yaşayanların İstiPress-ə verilən məlumata görə, söküntü bu gecə başlayıb və səhərə qədər davam edib. Nəticədə binanın bir hissəsi tamamilə sökülüb. Ərazidə yerləşdirilən məlumat lövhəsinə əsasən demək olar ki, binanın söküntü işlərini "Böyük Plaza" adlı tikinti şirkəti aparır. Tikiləcək binada isə yaşayış evlərindən əlavə, alış-veriş və əyləncə mərkəzi də olacaq. İndi 30 000 üzvü olan cəmiyyətin aqibəti sual altındadır. Əldə etdiyimiz məlumata görə, cəmiyyətin sədri Füzuli Əşrəfov binadakı dükan sahibləri ilə yanaşı, söküntü ilə bağlı heç kimə qabaqcadan məlumat verməyib. Binadakı dükan sahiblərinə söküntü ilə bağlı heç bir kompensasiya da verilməyib. Dükan sahiblərinin İstiPress-ə verdiyi məlumata görə, Füzuli Əşrəfovla dörd gündür ki, əlaqə saxlamaq olmur. Onlara üç ildən sonra başqa məkanda yer ayrılacağı söz verilib. Lakin cəmiyyət üzvləri və dükan sahibləri uzun müddətdir ki, söküntünü aparanlarla razılaşa bilmirlər. Söküntünü aparan iş icraçılarından cəmiyyət üzvlərinin aqibətini soruşduqda isə "bu bizim səlahiyyətimizdə deyil. Bu məsələ cəmiyyət sədrini maraqlandırmalıdır" cavabını aldıq. Xatırladaq ki, 2014-cü ildə "Azərovçu” kimi tanınan "Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin fəaliyyəti ilə bağlı ziddiyyətli xəbərlər gündəmə çıxırdı. Cəmiyyətə məxsus "Ovçular evi” binasının sökülərək yerində böyük biznes mərkəzinin tikiləcəyinə dair xəbərlər yayılmışdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Azərovçu” tərəfindən saysız-hesabsız qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən hələ 2006-cı ildə ETSN ilə “Azərovçu” arasında ovçuluq təsərrüfatlarının idarə olunmasına dair bağlanmış müqavilələr ləğv edilib. Bütün ovçuluq təsərrüfatları Nazirliyin balansına keçib.