Əli Həsənov MİSİRLİ jurnalistlərlə GÖRÜŞDÜ
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Beynəlxalq Avrasiya Mətbuat Fondu və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə ölkəmizə səfərə gəlmiş Misirin aparıcı media nümayəndələri ilə görüşüb. “AzerTaym” xəbər verir ki, görüşdə Əli Həsənov Azərbaycanın İslam aləmində həmrəyliyin gücləndirilməsinə böyük önəm verdiyini bildirib. Tarix boyu ölkəmizdə mövcud olmuş multikultural və tolerant mühitdən danışan Ə. Həsənov Azərbaycanın özünün tolerantlıq modelini, mədəniyyətlər və sivilizasiyalar arası dialoqu bütün dünyada fəal təbliğ və təşviq etdiyini diqqətə çatdırıb. Ə. Həsənov ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açıb. Prezidentin köməkçisi müsəlman ölkələrinin mətbuat nümayəndələri arasında əməkdaşlığın vacibliyini vurğulayaraq, xalqlarımızın və ölkələrimizin uğurlarının təbliği, problemlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından bu işbirliyinin önəmini qeyd edib, misirli jurnalistlərin suallarını cavablandırıb. Nümayəndə heyətinin üzvləri Azərbaycana səfərdən məmnunluqlarını ifadə edib, görüş üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər. Sonda qonaqlara son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasəti və qətliamlarla bağlı faktların yer aldığı nəşrlər təqdim olunub.