Yol Polisi sürücü XANIMların bayramını TƏBRİK etdi — FOTOLAR
Hər il olduğu kimi bu ildə Bakı Şəhər Dövlət Yol Polisi xanım sürücüləri, eləcə də yol hərəkəti iştirakçılarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. AzerTaym.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, keçirilən reyddə yol polisi əməkdaşları yol hərəkəti qaydalarını pozan, sənədlərində problem olan, avtomobili çirkli halda idarə edən qadın sürücülərə cərimə əvəzinə gül dəstəsi və qiymətli hədiyyələr veriblər. Aksiya şəhərin mərkəzi küçə və prospektlərində həyata keçirilib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov jurnalistlərə müsahibəsində bildirib ki, yol polisi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə gün ərzində Bakıda “Nümunəvi qadın sürücü” devizi altında keçirilən ənənəvi aksiya çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmayan xanım sürücülərə müxtəlif hədiyyələr təqdim edir: “Hər bir nümunəvi xanm sürücüyə tərəfimizdən 8 hədiyyəsi təqdim olunur. Onlara gül buketləri, restoranda 2 nəfərlik pulsuz şam etmək, pulsuz yanacaq doldurmaq üçün kuponlar, pulsuz sığorta, qida və kosmetika məhsulları, qablar və güllərlə mükafatlandırılırlar”. DYP polkovniki bütün Azərbaycan xanımlarını təbrik edib:"Qızlarımıza gəlin, gəlinlərimizə ana, analarımıza nənə, nənələrimizə isə uzun ömürlü olmağı arzu edirik. Xanım sürücülərə təhlükəsiz yol arzulayaraq qaydalara əməl etməyi tövsiyə edirik".Vaqif Əsədov əlavə edib ki, xanım sürücülərlə yanaşı paytaxt Bakıya gələn əcnəbi turistlər, o cümlədən Bakının təmizlik işlərini həyata keçirən zəhmətkeş Azərbaycan qadınları da yol polisləri tərəfindən hədiyyələrlə, gül buketləri ilə təltif olunublar. Aksiya çərçivəsində xanım sürücülər DYP əməkdaşlarının bu nəcib davranışını yüksək qiymətləndirərək qayda pozmayacaqlarına söz veriblər.