FHN-nin 9 ili tamam olur
Mürəkkəb geoloji və iqlim şəraitinə malik olan Azərbaycan Respublikasının ərazisi istər endogen, istərsə də eqzagen hadisələrin miqyasına və intensivliyinə görə dünyanın ən mürəkkəb regionlarından sayılır. Ölkənin demək olar ki, bütün ərazisi seysmik cəhətdən qeyri-sabitdir. Bütün bu şərtlər nəzərə alınaraq Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyi yaradılıb. Ötən dövr ərzində nazirlik böyük işlər görüb, uğurlu nəticələr qazanıb.
Mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması məqsədi ilə yaradılan nazirlik fövqəladə halların, təbii, texnogen və terror təhlükələrinin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edir.
FHN öz fəaliyyətində beynəlxalq təcrübəyə xüsusi əhəmiyyət verir, fövqəladə halların idarə olunması üzrə böyük təcrübəyə malik dövlətlərlə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir.
Ötən müddət ərzində nazirliyin maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığının artırılması, məlumat mübadiləsinin aparılması və digər sahələrdə məqsədyönlü işlər görülmüş, Belarus, Bolqarıstan, Fransa, Koreya, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və s. dövlətlərin müvafiq dövlət qurumları ilə, həmçinin BMT, NATO, ATƏT, MDB, Kimyəvi Silahların Qadağan Edilməsi Beynəlxalq Təşkilatı, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Mülki Müdafiə Təşkilatı və digər beynəlxalq və regional təşkilatlarla əlaqələr qurulub.
Nazirliyin əməkdaşları təcrübə toplamaq və ixtisas artırmaq məqsədi ilə müxtəlif beynəlxalq konfrans, treninq, seminar, yarış və təlimlərdə iştirak edirlər. Bu gün ixtisaslı kadrlar yetişdirmək, onların peşəkarlıq səviyyəsini artırmaq məqsədi ilə nazirliyin bir qrup əməkdaşı xarici ölkələrdə təhsil alırlar.
Nazirliyin “112 zəng mərkəzi”nin operatorları 24 saat ərzində (fasiləsiz) məlumat qəbul edir və operativ tədbirlərin görülməsi üçün müvafiq strukturları xəbərdar edir.
FHN-in əməkdaşları nəinki, respublikamızda, eləcə də xarici ölkələrdə baş vermiş təbii fəlakətlərin qarşısının alınmasında da iştirak edirlər.
Yüksək dövlət qayğısı ilə əhatə olunmuş FHN-in kollektivi ölkə ərazisində baş verə biləcək hər hansı fövqəladə hadisə barədə vaxtında xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin çevik və səmərəli şəkildə aradan qaldırılması, habelə beynəlxalq çağırışla planetin istənilən nöqtəsində baş verən fəlakətlərin vura biləcəyi ziyanın minimuma endirilməsi üçün bundan sonra da bütün qüvvə və bacarığını səfərbər edəcək.
FHN-in qüvvələri lazımi anda, lazımi yerdə fəlakətlə üzləşən insanların yanında olmağı bacarır.