6 milyardlıq maliyyə “inqilabı” - Şok təfərrüat
“Qafqazinfo” “Yeni Müsavat”a istinadən xəbər verir ki, dələduzluq, mülk mənimsəmə, maliyyə fırıldaqçılığı ittihamı ilə oliqarx Nizami Piriyevin, “Avesta” Konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin və Şəkinin sabiq icra başçısı Murad Cabbarlının, “Azərinşaat” MMC-nin rəhbəri Mehdi Əliyevin, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradovun, “Şəki-İpək Aqro” MMC-nin icraçı direktoru Cavid Muxtarovun, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynovun, Bayraq Meydanının sabiq rəisi Rəşad Məmmədovun, sabiq deputat Dünyamin Xəlilovun saxlanılması, dindirilməsi ilə bağlı xəbərlər verilib.
İlkin informasiyalarda, sızan xəbərlərdə bildirilir ki, bu şəxslər Beynəlxalq Banka külli-miqdarda ziyan vurublar, götürdükləri kreditləri mənimsəyiblər, geri qaytarmayıblar. O Beynəlxalq Bankdan ki, burada dövlətin payı 50,2 faizdir. Yəni bu adamlar dövlətin pulunu yağmalayıblar...
Amma bu, heç də onların günahının hamısı deyil. Oliqarxlar daha böyük cinayət xarakterli əməl, ölkə rəhbərliyinə qarşı sabotaj ediblərmiş!
“Yeni müsavat”a bu olayın detalları ilə bağlı ilginc məlumatlar daxil olub. İnformasiyanı verən mənbə bildirir ki, həbs olunan oliqarxlar əslində fevralın 21-də qəfildən verilən kəskin devalvasiya qərarının baiskarlarıdır. Qaynağın dediklərindən: “Hökumət hələ 2014-cü ilin noyabr ayından yumşaq devalvasiya kursu götürmüşdü. Bununla bağlı dövlətin bütün maliyyə qurumlarına, banklara məlumat verilmişdi ki, işlərini buna uyğun qursunlar. Elman Rüstəmov fevralın 18-də AzTV-də çıxışında da birmənalı şəkildə bəyan etmişdi ki, hökumət məhz yumşaq devalvasiyaya qərar verib. Lakin fevralın 21-də Mərkəzi Bank kəskin devalvasiya qərarı verdi. Bu, hökumət strukturlarında da şok effekti yaratmışdı, çünki əvvəlki kurs başqa idi. İndi məlum olur ki, iqtidar yumşaq devalvasiyaya dair daxili qərarı verəndən sonra Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev özündəki məxfi məlumat əsasında yaxın əlaqələri olan iş adamları ilə birlikdə 50,2 faizi dövlətə məxsus olan bankı faktiki olaraq talayıb. İddialara görə, onlar 2014-cü ilin dekabrından fevralın ortalarınadək Cahangir Hacıyevin razılığı, bəzi hallarda məsləhəti ilə ümumilikdə Beynəlxalq Bankda təqribən 6 milyardlıq maxinasiya ediblər. Belə ki, həmin oliqarxlar bu çətin ərəfədə hökumətə dəstək olmaq əvəzinə Beynəlxalq Bankın filiallarında bir neçə milyard manatı dollara çeviriblər. Həmin dollar kütləsi faktiki olaraq dövriyyədən çıxarılıb, şəxsi ehtiyatları kimi saxlanılıb. Məqsəd o olub ki, yumşaq devalvasiyanın sonunda onu dövriyyəyə buraxacaqlar, bununla ən azı 20 faiz qazanc əldə edəcəklər. Həmçinin həmin müddət ərzində Cahangir Hacıyev bu iş adamlarına külli miqdarda manatla kreditlər verib; həmin manatlar da onun tapşırığı ilə digər banklarda dollara çevrilərək saxlanılıb.
Bu cür qanunsuz əməllərlə üst-üstə Beynəlxalq Banka - başqa sözlə, dövlətə qısa müddət ərzində 6 milyard - təxminən büdcənin üçdə biri qədər zərər vurulub".
Mənbə iddia edir ki, bu prosesdən ilk olaraq maliyyə naziri Samir Şərifov xəbər tutub və ölkə rəhbərliyinə məlumat verib: “Xatırlayırsınızsa, kəskin devalvasiya qərarından dərhal sonra dövriyyəyə belə xəbər buraxıldı ki, bu qərarın verilməsinin təşəbbüskarı maliyyə naziridir. Amma məsələnin mahiyyəti fərqlidir. Samir Şərifov möhtəkir-oliqarxların fırıldağının önlənməsi üçün kəskin devalvasiya qərarının ən uyğun variant olduğunu bildirib. Məsələ rəhbərlikdə ən dar çevrədə müzakirə olunub və Şərifovun təklifi məqbul sayılıb.
Məsələ də ondadır ki, kəskin devalvasiya hökumətlə xalqı az qala, üz-üzə qoydu. Bu, elə bir riskli qərar idi ki, nəticə olaraq, hətta ölkədə etirazlar da başlaya bilərdi. Qaynağımızsa deyir ki, dövlət rəhbərliyi kəmfürsət oliqarxların əməllərinin qarşısını bu cür almasaydı, ölkədə ciddi böhran yarana bilərdi: bir neçə ay sonra sosial etirazları daha ciddi xarakter ala bilərdi. Faktiki olaraq, bir qisminin adları yuxarıda yazılan oliqarxlar yaranmış durumda sabotaj ediblər; dövləti, illərlə onlara varlanmaq üçün şərait yaradan hakimiyyəti, xalqı düşünməyiblər; yalnız bu durumdan kəmfürsətcəsinə, daha çox qazanmağa çalışıblar.
Ancaq göründüyü kimi, onların bu planları baş tutmadı. “Kredit oliqarxiyası” dərhal nəzarətə götürüldü; bank hesablarına həbs qoyuldu, özlərinin ölkədən çıxışı yasaqlandı. Hətta iddialara görə, onlardan bəziləri ölkədən qaçmağa təşəbbüs göstərərkən saxlanılıblar.
Cahangir Hacıyevdən kimin nə qədər pul daşıdığını dəqiqləşdiriblər, sonra həmin adamların özlərinin sorğu-sualı başlayıb. Bu zaman isə ortaya daha bir biabırçılıq çıxıb. Bəlli olub ki, oliqarxlar, məsələn, 50 milyon manat “çəkibsə”, Cahangir Hacıyevin təqdim etdiyi siyahıda onun götürdüyü məbləğ 70 milyon göstərilib. Üzləşmə zamanı “kredit oliqarxları” onların adlarına daha artıq məbləğ yazıldığını iddia ediblər. İndi onun dəqiqləşdirilməsi aparılır ki, “havada qalan” məbləği Cahangir Hacıyev özü dostlarından (?) gizlicə, onların adına yazaraq “həll edib”, yoxsa oliqarxlar özləri “fırlatdıqları” məbləği az deyir. Bu səbəbdəndir ki, saxlanılan, istintaqa cəlb olunan iş adamları özləri və vəkilləri mediaya verdikləri açıqlamada üstüörtülü şəkildə boyunlarına aldıqları məbləği açıqlayırlar; biri 310 milyon rəqəmi səsləndirir, birinin oğlu 1 milyard kredit alıb borclarını qaytaracaqlarını deyir və sair... Bu, iqtidara bir mesajdır ki, mən konkret bu qədər “çəkmişəm”, qalanını adıma yazıblar, mənlik deyil..."
Qaynaq deyir ki, “kredit oliqarxlarının” bank müdiri ilə əlbir olub həyata keçirdikləri bu hərəkətin adı “maliyyə çevrilişi”dir (deputat Zahid Oruc oliqarxların həbsi ilə bağlı bir neçə gün öncə saytlardan birinə verdiyi müsahibəsində də məhz bu termini işlətmişdi - red.): “Əgər onların bu əməllərindən ikicə ay gec xəbər tutulsaydı, indi ölkə iqtisadiyyatı tamamilə batmışdı, ölkə xaos içərisində idi. Təbii ki, bu maliyyə fırıldağı bağışlanası bir məsələ deyil, həmin şəxsləri ən ağır formada cəzalandıracaqlar, dövlətə vurduqları ziyanı qəpiyinə qədər ödətdirəcəklər, üstəlik, bir neçə il də həbsdə qalası olacaqlar. Bu olay həmçinin hakimiyyətin məmur-oliqarxlara güvənini sarsıdıb. İllərlə bu adamlara hakimiyyət şərait yaradıb, milyonçu olublar, çətin durumda isə onlar xəyanət etdilər. Bu səbəbdən ölkədəki demək olar bütün iri iş adamları nəzarətə alınır və yoxlanılır. Bu proses davamlı olacaq”.