Koronavirus ən çox bu xəstəliyi olanları öldürür
Koronavirusa yoluxma və ölü sayında virusun məskəni sayılan Çini geridə qoyan İtaliyadan epidemiya ilə bağlı vacib məlumatlar daxil olub. BAKU.WS xəbər verir ki, bu barədə İtaliya Ali Səhiyyə İnstitutu məlumat yayıb. İtaliyada bu günə kimi 110 mindən çox insan koronavirusa yoluxub ki, onların da 13 min 155 nəfəri qurbana çevrilib. Buna qədər COVID-19 virusunun xroniki xəstəliyi olan insanlarda təsirli olduğu deyilirdi. İtaliya Ali Səhiyyə İnstitutundan (İSS) verilən məlumata görə, ölkədə koronavirusdan ölənlərin arasında yüksək qan təzyiqi olan xəstələr ilk sırada qərarlaşır. İSS-in prezidenti Silvio Brusaferro bəyan edib ki, COVID-19 virusuna yoluxanların orta yaş həddi 62 yaş təyin olunub. Virusa yoluxanların 55,7 faizi isə kişilərdir. Bütün yaş qruplarında orta ölüm nisbəti 1,4 faiz artaraq 10,6 faizə çatıb. Koronavirusdan ölən 10 min 26 nəfərdən 2-si (0,02 faiz) 20-29 yaşında, 20-si (0,2 faiz) 30-39 yaşında, 89-u (0.9 faiz) 40-49 yaş, 369-u (3,7 faiz) 50-59 yaş, 1162-si (11,6 faiz) 60-69 yaş, 3456-sı (34,5 faiz) 70-79 yaş, 3984-ü (39,7 faiz) 80-89 yaş və 939-u (9,4 faiz) 90 yaş və daha yuxarı yaş qruplarına aid şəxslərdir.