Oktyabrın 2-də Daxili Qoşunların Ali Hərbi Məktəbinin “Gizirlərin hazırlanması kursu”nun 13-cü mərhələsinin buraxılışı münasibəti ilə təntənəli tədbir keçirilib.
Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ali Hərbi Məktəbin rəisi, general-mayor İlqar Məmmədov “Gizirlərin hazırlanması kursu”nun müvəffəqiyyətlə başa çatdığını bildirərək, bu müddət ərzində tədrisin keyfiyyətlə təşkil olunmasına, nizamnamə tələblərinin və hərbi intizamın hərbi qulluqçular tərəfindən daha dərindən mənimsənilməsinə, onların bilik səviyyəsinin artırılmasına xüsusi diqqət yetirildiyini bildirib.
İ. Məmmədov tədris kursunu başa vuran gizirlərin əldə etdikləri biliklərdən hərbi hissələrdə xidmətlərini davam etdirərkən istifadə edəcəklərinə, müəllim və komandir heyətinin onlara olan inamını doğruldacaqlarına əminliyini ifadə edib.
Sonra Ali Hərbi Məktəbin rəisi kursu əla qiymətlərlə bitirərək, 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülən məzunlara şəhadətnamələri təqdim edib.
Məzunlar adından çıxış edən gizir Əlisuvar Həsənov da tədris kursu müddətində istər müəllim, istərsə də komandir heyəti tərəfindən hər bir hərbi qulluqçuya xüsusi diqqət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb. O bundan sonra da Vətənə, xalqa, dövlətə, sədaqətlə xidmət edəcəklərini, həvalə olunan bütün tapşırıqları vicdanla və məsuliyyətlə yerinə yetirəcəklərini qeyd edib.
Tədbir gizir Ə. Həsənovun “Gizirlərin hazırlanması kursu”nun 13-cü mərhələsi adından “Xatirə kötüyü”nə üzərində adı həkk olunmuş lövhəni vurması ilə başa çatıb.