Artıq döyüş strategiyamıza yeni təcrübə kimi yanaşılır
Azərbaycan Ordusu 25 gündür davam edən döyüşlərdə silahlanmanın ən müasir tətbiqi olan texnologiyalar əsasında hərbi əməliyyatlar aparır. Ordumuzun arsenalında olan pilotsuz uçuş aparatlarının Dağlıq Qarabağdakı erməni hədəflərini necə vurduğunu göstərən videogörüntülər bunun bariz nümunəsidir. Kamikadze dronlarımız atəş açmadan, ona çırpılmaq yolu ilə hədəfi məhv edir. Ermənistan ordusu isə əsasən 90-cı illərin silahları ilə döyüşür, eləcə də döyüş taktikaları da 90-cı illərin şablonunu xatırladır. Onların 30 ildə nəinki silahları, eləcə də döyüş taktikaları dəyişməyib. Ermənistandan fərqli olaraq, Azərbaycan bu müddət ərzində müasir silahlanmanın tərkibi olan pilotsuz uçuş sistemləri almağa daha çox üstünlük verib. İlk dəfə 2016-ci ilin Aprel döyüşlərində də bunun şahidi olduq. Belə ki, Aprel döyüşlərində Azərbaycan ordusu tərəfindən İsrailin kamikadze PUA-ları olan “Harop”lardan istifadə edilib. Nəticədə bir çox vacib hədəflər dəqiqliklə məhv edilib. Bu arada bildirək ki, “Harop” ilk dəfə 2016-cı ilin aprelində erməni işğalçılarına qarşı “4 günlük müharibə” hərbi əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən istifadə olunub. Onu da qeyd edək ki, bu hadisə dünya hərb tarixinə ilk dəfə “gəzən sursatdan” istifadə kimi düşüb. Hazırda Azərbaycan Ordusu dünyada ən uzaq mənzilə malik “gəzən sursat” olan “Harop”un postsovet məkanında yeganə istifadəçisidir. Aprel döyüşlərində həmçinin Silahlı Qüvvələrimiz tərəfindən yeni silah sistemi olan “Spayk”dan istifadə edilib. Bu müasir silah da işğalçı ordunun kabusuna çevrilmişdi. /“Qafqazinfo”
27 sentyabrdan etibarən başlayan əks-hücum əməliyyatlarında isə Azərbaycanın bir müddət əvvəl Türkiyədən aldığı PUA-lar yeni tarix yazırlar. Həmin PUA-lar hava hücumundan müdafiə sistemlərini, ağır silahları, canlı qüvvəni dəqiqliklə məhv edir. Qeyd edək ki, ölkələrin silahlı qüvvələrinin əməliyyat gücü, mövcud silah sistemlərinin texnoloji qazanclarına görə qiymətləndirilir. Hazırda bir ölkənin hava qüvvələrinin kəmiyyət və keyfiyyət göstəricisi bu nöqteyi-nəzərdən fərqlənir. Orduların arsenalında yüksək tutumlu bir sistemin olması güclü bir sistem olması anlamına gəlmir, həm də günün şərtləri və texnoloji imkanlarıyla da uzlaşma prosesdə əksini tapmalıdır. Məlumdur ki, aviasiya sahəsi hərbi və iqtisadi baxımdan strateji əhəmiyyətə malikdir. Hava qüvvələrinin ərazi bütövlüyünün qorunmasında vacib amil olduğu vurğulanmaqdadır. Çünki dövlətlərin ərazi bütövlüyü yalnız quru və ya dəniz qüvvələri ilə müəyyən edilməməlidir. Azərbaycan Ordusunun apardığı yeni müharibə strategiyası isə əsgərlərimizin həyatının daha çox qorunmasına yönəlib. Həmçinin Şanlı Ordumuzun istifadə etdiyi bu taktikadan sonra düşmən özünə gələ bilməyəcək. Elə bu səbəbdən də ölkənin hərbi büdcəsi ildən- ilə məqsədyönlü şəkildə artırılıb. Təkcə 2020-ci ilin dövlət büdcəsi xərclərinin 3 milyard 853,6 milyon manatı müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə yönəlib. Bu il orduya ayrılan xərclər 2019-cu ilə nisbətən 666 milyon manat və ya 20,9 faiz çox olub. Hərbi əməliyyatların başladığı dövrdən etibarən Azərbaycan xalqı da orduya öz dəstəyini davam etdirir. Hər kəs Silahlı Qüvvələrə Yardım Fonduna imkanları daxilində pul köçürməklə ordumuza dəstək olur. Bu gün döyüş meydanında hər bir vətəndaş formalaşdırılmış hərbi büdcənin bəhrəsini görür. Ali Baş Komandanın bütün döyüş tapşırıqları ən müasir silahlarla təchiz olunmuş müzəffər ordumuz tərəfindən uğurla icra edilir. Bu gün Ordumuzun müasir döyüş strategiyasına hərbi aləmdə yeni təcrübə kimi yanaşılır və bu sahədə də Azərbaycan standartları öyrənilir.