Penitersiar Xidmətin Müalicə Müəssisəsinin rəisi xəstə məhkumlara ZÜLM EDİR... - İTTİHAM VAR!
Penitersiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 1-ci qrup əlil məhkum Səmədov Əli Azər oğlu ailə üzvləri vasitəsilə ölkə rəhbərliyinə və aidiyyəti orqanlara müraciətn ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Yazaraq bildirmək istəyirəm ki, Penitersiar Xidmətin Müalicə Müəssisəsində özbaşınalıq davam edir. Dövlətin qoyduğu qayda-qanunlara riayət etməyən müəssisə rəisi Mayıl Məmmədov xəstə məhkumlar üzərində hegemonluq etməkdədir. Adi bir anlaşılmazlıq səbəbilə, yaxud məhkumlar öz haqq və hüquqlarını tələb etmək istədikdə, onların şərəf və ləyaqəti alçaldılır, işgəncələrə məruz qalırlar. Bundan əlavə, müəssisə daxili gizli şəkildə narkotik vasitələrin ticarəti həyata keçirilir. Mayıl Məmmədovun bütün qanunsuzluqlarına Əməliyyat şöbəsinin rəisi Azər Əliyev, həmçinin Rejim şöbəsinin rəisi Rəhim Babayev köməklik göstərir. Həyətdə inşa edilmiş otaqlar var, hansıki rəis Mayıl Məmmədov bu yerləri çox bahalı qiymətlərə imkanlı məhkumlara satır. Müalicə Müəssisəsinin binasında olan təmirli və normal şəraitlə təmin olunmuş otaqları isə rüşvət qarşılığında xəstə məhkumlara verirlər. Lakin mən Mayıl Məmmədova və ya onun rüşvətxor komandasına rüşvət vermədiyinə görə, onlar məni burada soyuq otağa saldılar. Halbuki mən 1-ci qrup əliləm. Səhətimdə ağırlaşmalar olduğu üçün Cəzaçəkmə Müəssisələrindən təcili şəkildə buraya etab edilmişəm. Mayıl Məmmədov digər xəstə məhkumlara etdiyi kimi, mənim də haqqımı qəsb elədi. Artıq bir neçə gündür ki, Müalicə Müəssisəsindəyəm. Baxımsızlıq ücbatından vəziyyətim daha da pisləşib.
Mən mətbuat vasitəsilə üzümü cənab Prezidentə, Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə tutaraq xahiş edirəm, Penitersiar Xidmətin Müalicə Müəssisəsində geniş və növbədənkənar obyektiv yoxlamalar aparılsın. Bununla yanaşı, hüquq mühafizə orqanları mənim təhlükəsizliyimi təmin etsinlər. Ümid edirəm ki, burada xəstə və çarəsiz məhkumlara edilən haqsızlıqlara son qoyulacaq, Mayıl Məmmədov və onun hegomon heyəti layiqli cəzasını alacaqdır".
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...