Banklarla əlbir olan kollektorların “QULDURLUGU”...

Banklarla əlbir olan kollektorların “quldurluğu”...

Ölkədə kollektorların fəaliyyəti qanunla tənzimlənmir, qanunsuz işlə məşğul olan qurumları kimlər himayə edir? 

 

Ölkədə banklarla bağlı geri qaytarılmayan kredit və borc problemi həll edilmədikcə, kollektorlarla bağlı yeni nüanslar ortaya çıxır. Bildirilir ki, kollektorlar banklarla əlbir olaraq kreditini geri qaytara bilməyən vətəndaşa hədə-qorxu gəlir və pulu tələb edirlər. Ölkədə kollektorların fəaliyyəti qanunla tənzimlənməsə də, vətəndaşa qarşı təzyiq və təhdidlərlə məşğul olan bu qurumlar hər hansı məsuliyyətə də cəlb olunmurlar. Əslində isə onların ölkədə fəaliyyəti qanunsuzdur.
 
Ölkədə yaradılan ilk antikollektorun rəhbəri Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bizdə kollektorların fəaliyyəti prinsipcə qanunsuzdur: “Çünki banklar problemli borc işini kollektor qurumuna verəndə bank sirrini pozmuş olur. Həm banklar haqqında qanuna görə, həm də Mülki Məcəlləyə görə, bankla olan istənilən əməliyyat haqqında kredit haqqında məlumatı yalnız müştərinin özünə vermək olar, bir də müəyyən dövlət orqanlarına. Kollektor da elə qurum deyil, heç birinə aid deyil. Bank məlumatı verə bilməz ki, kollektor gedib o işlə, borcu geri qaytarmaqla məşğul olsun, məlumat onlara verilə bilməz. İlk növbədə burada bank sirri pozulur. Yəni Azərbaycanda belədir. 
Digər ölkələrdə icazə verilir ki, kollektora həmin məlumatlar verilsin. Amma həmin ölkələrdə də kollektorların fəaliyyəti qanunla tənzimlənir. Bizdə isə tənzimlənmir. Digər tərəfdən, xaricdə hər kəs kollektor işi ilə məşğul ola bilməz. Qanun onlarda məsələləri tənzimləyir. İlk növbədə deyir ki, kobud desək, hər yoldan keçən kollektor ola bilməz. Birinci növbədə onun özünün pulu olmalıdır. 
Müəyyən nizamnamə kapitalı olmalıdır ki, bilinsin, bu insanlar ciddi insanlardır, quldurlar, banditlər deyil. İkinci məsələ odur ki, kollektorların təhsilinə, təcrübəsinə qanun müəyyən tələblər qoyur, qanunda müəyyən məhdudiyyətlər olur. Hansısa cinayətə görə məhkum olunmuş şəxs kollektor işləyə bilməz. Yəni bütün bu məhdudiyyətlərə cavab verən şəxslər xaricdə kollektor ola bilərlər. Xaricdə qanunlar tənzimləyir ki, kollektor hansı yolla, hansı üsullarla hansı vətəndaşlar borcu tələb edə bilər, gün ərzində vətəndaşa neçə dəfə zəng edə bilər, necə danışmalıdır və sair. Vətəndaşa da ixtiyar verilir ki, kollektorla olan görüşünü videoya çəkə bilsin və sair. Qanun bunların hamısını tamamilə tənzimləyir, bizdə bunların heç biri yoxdur. Azərbaycanda kollektorun nizamnamə kapitalı yüz manatdır, yəni pulları yoxdur. İlk gündən ona istiqamətləniblər ki, camaatın pulunu əllərindən alsınlar. Sonra bu şirkətlərdə kimlər işləyir, bizə məlum deyil. İstədikləri vaxt vətəndaşlara zəng edirlər, söyürlər, qorxudurlar, evinə gedirlər, döyürlər, saxlayırlar. Təəssüf ki, Azərbaycanda qanunvericilik kollektorların fəaliyyətini hələlik tənzimləmir. Bu qanunsuzluqlar da davam edir”.
Əkrəm Həsənovun sözlərinə görə, əgər vətəndaşın gəliri yoxdursa, o borcunu ödəyə bilmirsə, bu, onun təqsiri deyil. Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə görə, şəxsə cəza yalnız o təqsirli olarsa, verilə bilər. Onun sözlərinə görə, bu tipli işlə bağlı bir neçə gün əvvəl Avropa İnsan Haqları məhkəməsinə müraciət edib. Onun sözlərinə görə, borca görə həbs olunma Azərbaycan qanunlarından əlavə Avropa İnsan Hüquqları Konvensiyasına ziddir: “Avropa Məhkəməsi fəaliyyəti boyunca yüz minlərlə qərarlar çıxarıb, amma borca görə həbsə dair Avropa Məhkəməsinin bir dənə də qərarı yoxdur. Bu, o deməkdir ki, Azərbaycan yeganə Avropa ölkəsidir ki, borca görə həbs baş verib. Bu, biabırçılıqdır”.
Ekspertin sözlərinə görə, kredit borcuna görə həbslər davam edərsə, nəticələr pis ola bilər: “İntiharların sayı arta bilər. İnsanların psixoloji durumları pisləşəcək və cəmiyyətdə sosial gərginlik artacaq. Həm də bu, Azərbaycanın beynəlxalq imicinə zərbədir”.
Qeyd edək ki, ölkədə kollektorlardan biri bir müddət əvvəl vətəndaşdan böyrəyini satmağı istəmişdi. Bu baxımdan kollektor fəaliyyətinin tənzimlənməsi ortaya ciddi məsələ kimi çıxır. Ə.Həsənovun sözlərinə görə, ölkədə kollektorlar borcluların başına min oyun açır və bütün bunlar cəzasız qalır: “Kollektorların fəaliyyətini tənzimləyən qanuna ehtiyac var. Yəni vətəndaş tanımadığı üçüncü şəxslə - kollektorla əlaqə saxlamağa, təmasda olmağa məcbur edilir. Buna görə də qanun kollektorların fəaliyyətini tənzimləməlidir”.
 
Ekspertin sözlərinə görə, kollektorla yanaşı, vətəndaşın müflisləşməsi barədə də qanunun qəbuluna ehtiyac var: “Rusiyada, aparıcı ölkələrdə olduğu kimi, belə qanun da var. Yəni borcunu ödəyə bilməyən vətəndaş özünü müflis elan edir və ondan artıq heç kəs borcu tələb edə bilməz. Əvəzində ona bəlli vəzifə tutmaq və bəlli fəaliyyətlə məşğul olmaq müəyyən dövr ərzində qadağan edilir. Üstəlik, bu adamın adı da müflislər siyahısına daxil edilir ki, hami borc verəndə ehtiyatlı davransın. Bizdə də bu qanuna ehtiyac var”.

 






Fikirlər