Daha bir struktur islahatı yetişir: növbə bu dəfə Əkbər Hacıyevə çatacaq...

Daha bir struktur islahatı yetişir: növbə bu dəfə Əkbər Hacıyevə çatacaq...Prezident İlham Əliyev ötən həftə Nazirlər Kabinetinin iclasında ilin birinci rübündə ölkədə həyata keçirilmiş struktur islahatlarının mahiyyəti barədə danışıb.


Xəbər verildiyi kimi, prezident artıq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyətindəki ciddi nöqsanlar haqda danışıb. İlham Əliyev məsələni konkretləşdirməsə də bildirib ki, torpaq fondunun vəziyyətinə dair hazırlanan xəritələr reallıqla uyğun gəlmirdi və peyk görüntüləri ilə üst-üstə düşmürdü.

Digər mühüm struktur islahatı isə elektrik enerjisinin paylanması və satışı funksiyasının “Azərenerji”dən alınaraq Bakının bir vaxtlar bərbad hala salınmış elektrik şəbəkəsini modernləşdirmiş “Bakelektrikşəbəkə”nin bazasında yaradılan yeni struktura - “Azərişıq”a verilməsidir.

Prezident bu islahatın səbəbini də açıqlayıb. Deyib ki, bölgələrdə elektrik enerjisi ilə təchizatı yaxşılaşdırmaq üçün dəfələrlə verdiyi göstərişlər, görülən inzibati tədbirlər nəticə vermədiyi üçün bu struktur islahatını həyata keçirib. Və “Azərişıq”ın qarşısında ölkənin regionlarında da elektrik enerjisi ilə təchizatı Bakının səviyyəsinə qaldırmaq vəzifəsi qoyulub.

Fəaliyyəti tamamilə yararısız olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsindən, onun səlahiyyətlərinin Əmlak Məsələləri Dövlət Komitəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməsindən, habelə “Azərenerji”dən elektrik enerjisinin paylanması və satışı funksiyasının alınmasından sonra daha bir ciddi struktur islahatı yetişməkdədir. Və bu dəfə növbə ARDNŞ-in tərkibində olan “Azəriqaz”a və onun rəhbəri Əkbər Hacıyevə çatacaq. Gözlənilir ki, təbii qazın paylanması və satışı funksiyaları ARDNŞ-dən, konkret olaraq onun tərkibinə daxil olan strukturdan alınacaq, ölkədə təbii qazın paylanmasını və satışını həyata keçirmək üçün müstəqil ASC yaradılacaq. Çox güman ki, bu, “Azəriqaz”ın bazasında yaradılan yeni struktur olacaq.

Nəyə görə ölkənin təbii qaz operatorunun fəaliyyətində və funksiyalarında ciddi dəyişikliklər həyata keçirmə zərurəti yaranıb? Əkbər Hacıyevin fəaliyyətində prezidenti narazı salan nöqsanlar nədən ibarətdir?

Məsələ burasındadır ki, prezident İlham Əliyev vaxtilə əhalinin təbii qaz, elektrik enerjisi və içməli su ilə təchizatı sahəsində vəziyyətin kökündən dəyişdirilməsinə dair müvafiq strukturlar qarşısında vəzifələr qoyanda “Azəriqaz”ın da fəaliyyətində ciddi dönüş həyata keçirilməsi nəzərdə tutulmuşdu. Çünki “Barmek” Bakının elektrik enerjisi ilə təchizatını necə bərbad hala salmışdısa “Azəriqaz”da da paytaxtın, habelə ölkənin digər şəhər və rayonlarının qaz təchizatını eynilə bərbad durumda həyata keçirirdi. Bu sistemdə ciddi maxinasiyalar, oğurluq, o cümlədən abonentlər tərəfindən qaz oğurluğu baş alıb gedirdi. Nəticədə “Azəriqaz”da hər il böyük həcmdə qaz itkisi qeydə alınırdı, qaz operatoru satdığı qazın pulunu yığa bilmirdi.

Təkcə 2009-cu ildə “Azəriqaz”a verilən təbii qazın 1,2 milyard kubmetrə yaxını itkiyə getmişdi, yaxud itki adı altında rəsmiləşdirilmişdi.

2009-cu ildə prezident bu sahədə vəziyyəti kökündən dəyişdirmək üçün struktur islahatlarına getdi - “Azəriqaz”ın nəhəng məbləğdə borcu silindi və bu struktur ARDNŞ-in tərkibinə verildi. Tarif Şurası isə əhaliyə satılan təbii qazın qiymətini iki dəfə artırdı, bununla da “Azəriqaz”ın gəlirlə işləməsinə imkan yaradıldı.

Daha bir struktur islahatı yetişir: növbə bu dəfə Əkbər Hacıyevə çatacaq...

O vaxtdan ölkənin qazla təchizatında vəziyyət qismən də olsa dəyişməyə başladı. Bakı və ətraf qəsəbələrdə təbii qaz xətləri yeniləndi, abonentlərin smart tipli sayğaclarla təchizatı həyata keçirildi, bütün bunlar milyardlarla manat kapital qoyuluşu hesabına başa gəlirdi.

Lakin qaz operatorunun fəaliyyətində ciddi nöqsanlar qalmaqda idi. Məsələn, abonentlərin smart tipli sayğaclarla təchiz olunmasına, qaz xətlərinin yenilənməsinə baxmayaraq qaz itkisinin həcmində radikal azalma baş verməyib. Rəsmi statistik rəqəmlərə görə, təkcə 2013-cü ildə “Azəriqaz”da qaz itkisi 7,2 faiz (təxminən 890 milyon kubmetr) təşkil edirdi.

Əslində isə itkilərin miqdarının daha yüksək-ildə 1-1,2 milyard kubmetr olduğu təxmin edilir. Lakin itkilərin “Azəriqaz”ın rəsmən təsdiq etdiyi kimi 7-8 faiz arasında olduğu qəbul edilsə belə bu, dəhşətli dərəcədə yüksək rəqəmdir.

Ölkənin qaz təsərrüfatına milyardlara manat vəsait qoyulduğu halda itkiləri ötən 6 il ərzində radikal şəkildə azaltmaq nəyə görə mümkün olmayıb? Necə ola bilər ki, indiki “Azərişıq”ın baza strukturu olan “Bakelekrikşəbəkə” elektrik enerjisi itkilərini faktiki olaraq sıfra endirə bilib, “Azəriqaz”da isə hələ də ildə orta hesabla 1 milyard kubmetr qaz itkiyə gedir?

Hansı ki, bu həcmdə qaz Ermənistan kimi kiçik və zəif inkişaf etmiş ölkənin qaza tələbatının az qala yarısını, Albaniyanın isə tələbatının hamısını təşkil edir.

Digər tərəfdən, “Azəriqaz” ölkədə qazlaşdırma səviyyəsini prezidentin müəyyən etdiyi səviyyəyə - 95 faiz səviyyəsinə qaldırmağa hələ də nail olmayıb. Prezident “Azəriqaz” qarşısında vəzifə qoymuşdu ki, ölkənin qazlaşdırılması səviyyəsi ən geci 2013-cü ildə 95 faiz səviyyəsinə çatmalıdır.

Lakin qaz operatoru bu vəzifənin də öhdəsindən gələ bilməyib - qazlaşdırma səviyyəsi hələ 90 faizə də çatmayıb. Ölkənin bir çox regionlarında, məsələn, Gədəbəyin Ermənistanla sərhəd Şınıx bölgəsində illər əvvəl başlamış qazlaşdırma işləri yarımçıq qoyulub.

Bölgələrdə qazlaşdırma işlərinin olduqca ləng getməsini prezident İlham Əliyev ötən il Nazirlər Kabinetinin iclaslarının birində vurğulamışdı. Prezident demişdi ki, o hər dəfə bölgələrə səfər edəndə qazlaşdırma işlərinin gedişinə dair məlumatlar alır, alınan məlumatlar isə bu sahədə vəziyyətin dözülməz olduğunu göstərir.

Belə ki, prezidentə ayda cəmi 1-2 kəndin qazlaşdırıldığı haqda raport verilir və İlham Əliyev bu sahədə vəziyyətin dəyişdirilməsinə dair göstəriş vermişdi.

Əslində prezidentin həmin iclasda “Azəriqaz”ın fəaliyyəti haqda işlətdiyi bu fikirlər qaz operatorunun rəhbərliyi üçün ciddi siqnal olmalı idi. Çünki məlumdur ki, prezident bu və ya digər sahədə nöqsanları aşkar edəndə dərhal radikal inzibati tədbirlərə əl atmır, vəziyyətin düzəldilməsi barədə bir neçə dəfə göstərişlərini verir, səbrlə gözləyir və bu tədbirlər gözlənilən nəticəni verməyəndə problemi kökündən həll etmək üçün radikal struktur islahatlarına gedir.

Ona görə də gözləmək olar ki, ölkənin qaz təsərrüfatındakı ciddi nöqsanlar barədə məlumatlı olan prezident bu sahədə də vəziyyəti kökündən dəyişmək üçün struktur islahatlarına qərar verəcək - təbii qazın satışı və paylanması funksiyasını hasilatçı şirkətdən alacaq və yeni, müstəqil qaz operatoru yaradacaq.






Fikirlər