KƏMALƏ Ağazadə barəsində cinayət İŞİ BAŞLANDI
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə barəsində cinayət işi başlanıb. "AzerTaym" Criminal.az-a istinadən xəbər verir ki, cinayət işini birlik sədrinin qohumu Həcər Kəngərlinin şikayəti əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı mübarizə İdarəsi qaldırıb. Şikayətçi Həcər Kəngərli açıqlamasında bildirib ki, bir müddət əvvəl K.Ağazadənin təşkilatında işlədiyi Mahir Bayramovla bilrikdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı mübarizə İdarəsinə ərizə yazıblar. Onun sözlərinə görə, şikayət etməsinə səbəb K.Ağazadənin onun və iş yoldaşlarının 8 aylıq əməkhaqqını məcburən almasıdır: ''Mən Azərbaycan Uşaqlar Birliyində Qlobal Fondun ''Zərərin azaldılması proqramı'' layihəsində əvvəl sosial işçi, sonra isə koordinator işləmişəm. İşlədiyim müddətdə aylıq məvacibim əvvvl 350, sonra isə 450 manat olub. Layihənin müddəti bitdiyi üçün Kəmalə Ağazadə bizə dedi ki, 8 ayın əmək haqqını ona verək və o Səhiyyə Nazirliyi, Qlobal Fondla müqavilə bağlayacaq və bir də 2 il işləyəcəyik. Pulu verilməyəcəyi halda bizi işdən çıxaracağı ilə hədələdi. Biz də işdən çıxamayaq deyə, 8 ayın pulunu ona verdik ki, müqavilə bağlasın, 2 il işləyə bilək. 2016-cı ilin yanvar ayında müqavilə bağlanmalı idi. Biz işçilər Kəmalə Ağazadəyə çox etibar edirdik. Lakin 2016-cı ilin yanvarından indiyə kimi heç bir müqavilə bağlanmadı. Aldadıldığımız anlayıb pulumuzu geri istəyəndə isə bildirdi ki, yazılı surətdə mənə pul verməmisiniz, sübut edə bilməzsiniz''. H.Kəngərli əlavə etdi ki, şikayətlərinə prokurorluqdan cavab gəlib. Rəsmi bildirişdə göstərilib ki, şikayət əsasında Cinayət Məcəlləsinin 308.1-ci, 178.2.3 və 178.2.4-ci maddələri ilə cinayət işi başlanıb. K.Ağazadə isə açıqlamasında bildirib ki, hal-hazırda bu işlə hüquq-mühafizə orqanları məşğul olur. Birlik sədrinin sözlərinə görə, barəsində şikayət edən H.Kəngərli onun ailəsinin üzvü olub və qərəzli şikayət edib. ''Hər halda istintaq şər-böhtan məsələsini də araşdıracaq və hüquqi qiymət verəcək'' deyə K.Ağazadə vurğulayıb.