“Qarnını qaşıyan kök gədələr, göbəyiaçıq məşuqələr...” - Xalq artisti od püskürdü...

“Qarnını qaşıyan kök gədələr, göbəyiaçıq məşuqələr...” - Xalq artisti od püskürdü

Son vaxtlar Azərbaycanda komediya janrında çəkilən serialların, bu tip verilişlərin sayı artır. İnsanları güldürməyə çalışan bir sıra aktyorlar efirə çıxır, böyük salonlarda əyləncələr təşkil edirlər. Onların fəaliyyəti cəmiyyətin bir qismi tərəfindən bəyənilsə də, çoxları komediyaçıları süniliklə, bayağı mövzular seçməklə günahlandırır və əvvəlki  komediya ustalarının daha professional olduğunu bildirir.

 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bu tip komediya aktyorlarını ağ yuyub, qara sərib:

“Təəssüflər olsun ki, bu gün telekanallarımızı bir qisim “gülməli” aktyorlarımız işğal edib. “Komedixana”da oynayan kök gədələr, “Fəlakət”lərimiz var. Ayıb deyilmi?! Televiziyalar onlara efirə çıxmağa niyə icazə verirlər? Axı onlar kimdir?

Guya xalqı göstərirlər. Azərbaycanda o cür insan var? Göstərdikləri elə özləridir. O qədər eybəcər, səviyyəsiz, əttökən, primitiv, rüsvayçı şeyləri efirə çıxarıb təbliğ edirlər ki, adam söz tapmır desin. Bu nədir bilmirəm. Televiziya rəhbərləri də pulun dərdindən onları efirə çıxarır, reklam edir. Millətim əxlaqını, mənəviyyatını, ideologiyasını, intellektini məhv etməklə pul qazanırlar. Belə şey olmaz!

Dünyanın bir çox ölkəsi enerji içkilərini rəsmi olaraq qadağan edib. Lakin bizdə gecə-gündüz onu təbliğ edirlər. Niyə heç kəs bundan danışmır? Kimdi həmin firmanın rəhbəri?”

Rejissor bu tip seriallara və verilişlərə sponsor olan şirkətləri də tənqid atəşinə tutub:

“Şirkətlər xalqı təhqir edən, aşağılayan gic-gic tamaşalara sponsor olurlar.  Onların məqsədi xalqın mənəviyyatını çökdürməkdirmi? Əgər sən xalqın sənətinə, mədəniyyətinə xidmət etmək istəyirsənsə maliyyəni peşəkarlara, teatrlara, kinostudiyalara ayır. Bunlar kimdir axı, ətli qadınlara, göbəyiaçıq məşuqələrə, yarımqulaq gədələrə sponsor olursunuz?! Biri bığ qoyur, biri bədənini qaşıya-qaşıya gəzir, ləhçə ilə danışır. Bu bizim dərdimizdir.

Telekanallarımız dəhşətli durumdadır. Ay televiziya rəhbərləri, siz bu xalqdan nə istəyirsiniz? Nə qədər efirdə uğursuz ailələri, ərindən qaçan arvadları təbliğ edərlər? Saatlarla bu insanları göstərirlər. Məgər Azərbaycanda bir nümunəvi ailə yoxdur ki, 1 saat onlara qulaq asaq? Ölkəni manısxana ediblər.

Sponsorlar mənasız insanlara maliyyə ayırırlar. Onsuz da çapıb-talayırsınız, haram xoşunuz olsun, heç olmasa o pulu mədəniyyətimizə ayırın. Xahiş edirəm, o pulları məşuqələrinizə verib onu televiziya qəhrəmanı etməyin. Verin peşəkarlara heç olmasa milli kinomuz, teatrımız dirilsin. Hansı kanalı açırsan kimsə kiminsə məşuqəsinin baldırı, sinəsi ilə reklam tutur...”






Fikirlər