Mərhum müğənni İlhamə Quliyevanın qalmaqallı mirası nə oğulluğu Orxan Nadirova, nə də dövlətə qalıb.
Müğənninin varislərinin xala uşaqları və bibi uşaqları olması ilə bağlı qətnamə çıxarılıb. Bu barədə müğənninin oğulluğa götürdüyü O.Nadirovun hüququnu müdafiə edən vəkil mətbuata açıqlama verib.
O, bildirib ki, Səbail Rayon Məhkəməsində şikayətləri təmin olunmayıb: “Övladlığa götürmə faktı var. Biz də şahid ifadələrinə və fotogörüntülərə uyğun olaraq Səbail Rayon Məhkəməsinə müraciət etdik. Amma şikayətimiz təmin olunmadı. İlhamə Quliyevanın qanun üzrə vərəsələrinə gəldikdəsə, bu kateqoriya beş növə bölünmüşdü: Xala uşaqları, bibi uşaqları ortaya çıxdı. Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən xalauşaqları və bibiuşaqlarının şikayəti təmin olundu və varis kimi tanındı. Miras da onlara qaldı”.
Məsələ ilə bağlı xalq artistinin oğulluğu hesab edilən O.Nadirovun münasibətini öyrənməyə çalışdıq. O, musavat.com-a açıqlamasında bildirdi ki, qərarla bağlı münasibətini yalnız fevralın 25-dən sonra bildirəcək.
Mərhum sənətkarın vəkili olmuş Elmira Məmmədova məhkəmə qərarına öz rəyini bu cür ifadə etdi: “Tezliklə bu məsələ ilə bağlı Orxanla görüşüb söhbətləşəcəyik. Lakin həmişə qeyd etmişəm ki, Mülki Məcəllədə məcburi pay var, yəni qanunla Orxana da pay düşür”.
Xatırladaq ki, ötən il vəkil Elmira Məmmədova mətbuata açıqlama verərək mərhum müğənninin mirasını açıqlamışdı. Vəkilin dediyinə görə, sənətkarın 2 milyonluq dəyərində mirası var ki, bura da 4 ev, 50 sot torpaq, 2 avtomobil, qızıl-zinət əşyaları daxildir. Mərhum sənətkarın mirası ilə bağlı dəfələrlə onun yaxınları, o cümlədən, oğulluğu Orxan Nadirov və bacıları, müğənni Əli Mirəliyev arasında qalmaqal yaşanmışdı.