“Yoldaşım toya getməyimə icazə vermir” – 5 uşaq anası Bəyimxanım Vəliyeva – VİDEO
ARB TV-nin “Boş anlar” proqramının növbəti qonağı əməkdar artist Bəyimxanım Vəliyeva olub. Xanəndə ailə qurarkən həyat yoldaşının hansı cəhətlərinə önəm verdiyindən bəhs edib: “Evlənərkən həyat yoldaşımın ən əsası, insanlığına, məni başa düşməyinə önəm verdim. Belə bir deyim var, adam kimi adam idi. Ailə quranda hakim bizdən soruşur ki, acısı ilə, şirini ilə hər şeyə şərik olmağa razısınızmı? Biz də deyirik, bəli. Amma gedişatda narazılıqlar olur. Yoldaşım qazana bilmir, filan deyilir. Başa düşmürlər ki, bu insandır. Axı o da istəyər ki, ailəsini yaxşı saxlasın. Ümumiyyətlə gənc yaşlarımdan çox var-dövlətdən qorxmuşam. Birdən çox imkanlıya gedərəm, sonra rahat yata bilmərəm. İstəmişəm ki, orta gəlirim olsun. Əsas ailəmin, övladlarımın canı sağlam olsun”. Söhbət zamanı Bəyimxanım Vəliyeva həyat yoldaşının ona qoyduğu qadağalardan da danışıb: “Qadınlar həyat yoldaşının dilini tutmağı bacarmalıdır. Addımı atanda bilirsən ki, onun bu hərəkətdən xoşu gəlir, ya yox. Xoşa gəlməyən hərəkətlə uçuruma getdiyini bilirsən, demək ki, bilərəkdən edirsən. Ailənin təməlli olmağını istəyirsənsə, bəlli şeylərə sərhəd qoymalısan. Evlənməzdən öncə el şənliklərinə gedirdim. Evlənəndən sonra yoldaşım toya getməyimi istəmədi, mən də getmirəm. Əlbəttə, bu, maddi olaraq yaxşı idi, indi də olsaydı ailəyə dəstək olardım”.