FÜZULİ HÜSEYNOV: "O xanım haqqında bizim aktyorlar yaxşı statuslar yazıblar" — MÜSAHİBƏ

Fizuli Hüseynov: "O xanım haqqında bizim aktyorlar yaxşı statuslar yazıblar" — MÜSAHİBƏ

İsrafil İsrafilovun Akademik Milli Dram Teatrının direktoru vəzifəsindən getməsi kollektiv arasında bayram kimi qarşılandı. 

Hər halda, bunu açıq-aşkar nümayiş etdirənlər də var idi, sezdirməyə qorxanlar da. Şübhəsiz ki, "29-lar hərəkatı" kimi tarixə düşən bu aktyor birliyin öncüllərindən, hərəkətverici qüvvələrindən biri tanınmış aktyor, əməkdar artist Fizuli Hüseynov idi. Ölkə.az yeni direktor təyinatından sonra aktyorun fikirlərini öyrənib.

- Fizuli müəllim, əvvəlcə ondan başlayaq ki, teatra təyin olunmuş yeni rəhbərlikdən gözləntiləriniz nədir?

- Açığı mən heç vaxt heç kimdən heç nə gözləməmişəm. Amma hər halda, doğrudan çox böyül sevinc oldu. Heç vaxt konfliktə meylli insan olmamışam, mübarizə aparmamışam. Bu mübarizə isə içimdən gəldiyinə görə qoşuldum. Ən böyük sevinc ötən ilin sonu, bu ilin əvvəli oldu. Teatr nəfəs almağa başlamalıdır və başlayacaq.

- Fikrinizcə, keçmiş direktor İsrafil İsrafilovun ən böyük səhvi nə oldu?

- (gülür) O elə başdan ayağa səhv idi də. Onun səhvlərini xırdalamaq üçün vaxt lazımdır. Adam əlində qılınc, yox, qılınc böyükdür, biz tərəfdə dəyənək deyirlər, bir az balacasına da çubuq deyirlər. Çubuqla gəldi ki, mən belə dağıdacam, belə sökəcəm. Onun haqqında danışıb şərəf vermək istəmirəm. Getdi, bitdi, vəssalam.

- Bildiyimə görə, son beş ildə bir neçə tamaşadan imtina etmişdiniz. Səbəb nə idi?

- Bu haqda bir neçə dəfə danışmışam. Rus ədəbiyyatşünası, akademik Dmitri Lixaçov var idi. Bir neçə il öncə dünyasını dəyişdi. Stalinin dövründə Sankt-Peterburqda ölüm hökmü çıxarmaq üçün bir komissiya yaradılmışdı. Akademik Lixaçov da həmin komissiyanın üzvü idi. Bu barədə keçmiş direktora da danışmışdım. Lixaçov deyirdi ki, mən ölüm hökmünə qol çəksəm də, çəkməsəm də adamı güllələyirdilər. Ancaq qol çəkmək məqamı gələndə qarınağrısı bəhanəsiylə həyətə düşürdüm, həyətdəki odun anbarında-odunların arsında gizlənirdim ki, qol çəkməyim. Vicdanım təmiz olurdu ki, bu qolçəkmədə iştirak etmirdim. Mən də prinsipial olaraq İsrafilovun özünə bu barədə dəfələrlə demişdim. Bir dəfə deyəndə eşitmirdi, problemi var idi deyəsən (gülür). Demişdim ki, mən sizin anormal eksperimentlərinizdə iştirak etməyəcəyəm. Çox şükür ki, onun anormal eksperimentlərində iştirak etmədim.

- Fizuli müəllim, tənqidçi Sevda Sultanova “Azdrama” aktyorlarının bufet təfəkkürü" adlı yazısında sizi, o cümlədən "Azdrama"nın bir neçə tanınmış aktyorunu ortabab adlandırıb. Bu məsələyə də münasibət bildirməyiniz maraqlı olardı...

- Heç vaxt özümə böyük aktyor deməmişəm. O xanım haqqında bizim aktyorlar yaxşı statuslar yazıblar (gülür). Eşitdiyimə görə yas içindədir. Keçmiş direktorun tələbələrindən olub və ona görə də onun belə münasibəti normaldır. Kimi ortabab, kimi dahi hesab etməsi onun öz işidir. Cəmiyyətdir və bu cəmiyyətdə hər şey olmalıdır. Amma hər halda əlini vicdanına qoysun. Deməli, dərsi düzgün mənbədən almayıb. Neçə yaşı olduğunu bilmirəm, hər halda gəncdir və belə yaşamaq çətin olacaq.

- Yazıda sizin də olduğunuz "azadlıq selfisi" barədə məqam da əksini tapıb. Müəllif qeyd edir ki, əgər aktyorlar həmin fotonu "Bufetimiz canlanır" kimi yox, “Sənətimiz canlanır, teatrımız canlanır” kimi təqdim etsəydilər, bu yazını yazmayacaqdı. Doğrudanmı, teatrın bufetindəki canlanmanın sənətlə hər hansı əlaqəsi var, yaxud da əksinə?

- Mənim Fikrimcə Konstantin Stanislavski səhv edib deyib ki, teatr asılqandan başlayır (gülür). Əslində, deməliydi ki, teatr elə bufetdən başlayır. Bizim bufetdə nələrdən söhbət etdiyimizi o adam yəqin bilmir, bilsə, yaxşı olardı. Bəli, bizim sənət haqda bütün söhbətlərimiz, mübahisələrimiz məhz bufetdən başlayır. Elə oranı da ölü halına salan onun müəllimi, keçmiş direktor idi. İndi bufetdə canlanma var. orada canlanma varsa, deməli, səhnədə də olacaq. Məncə, müəllimi bunu ona deməliydi. Müəlliminin bufetdən xoşu gəlmədiyi üçün belə yazıb. Özü heç vaxt bufetə gəlməsin, ona orada yer yoxdur.

- "29-lar hərəkatı"na qoşulmayanların vəziyyətini də bilmək maraqlıdır.

- Vəziyyətləri necə olacaq? Çalışacaqlar ki, yeni müdiriyyətə yarınsınlar. Bir az qaralanlar, bir az ağaranlar, bir az saralanlar var. Bizim bu hərəkata teatr təəssübü çəkənlər öz istəkləri ilə qoşulmuşdular. Həmin hərəkatda heç kimin şəxsi ambissiyası yox idi. Kimsə rol əsiri olduğuna görə, yaxud istedad zəifliyindən gəlməmişdi. Onlar teatrı xilas etmək üçün gəldilər və xilas etdilər. Bizə qoşulmayanların özünü belə xilas etdilər. Özləri yavaş-yavaş dərk edəcəklər. Həyat boyu sapı özümüzdən olan balta da deməyə dilim gəlmir, "lapatka"lar, sınıq saplar olur. İnşallah, onları da yoluna qoyacağıq. Hər halda, ömrümüzün bir hissəsini bir yerdə işləmişik. Mənə elə gəlir ki, keçmiş direktor bəzilərini özü ilə aparacaq. Onlar bunu çox arzu edirdilər. Aparsın, biz sevinərik.

- Direktor demişkən, bildiyimə görə, direktor gedərkən özü ilə dörd ədəd dekorativ şam ağacı da aparıb.

- (ucadan gülür) Belə görünür ki, bu zavallı beş il yarım bizim ömrümüzü buna görə çürüdüb. Düşünüb ki, bu şam ağaclarını necə çıxardım aparım. Bunu əvvəldən deyərdi, Rusiyadan ən yaxşı yolkalar gətirdərdim, kömək edərdik, əkərdi. Sizin vasitənizlə deyirəm ki, həmin yolkaları gətirib yerinə əksin. Ora çox maraqlı, yaxşı bir yerdi. Gətirib yerinə əkdirsin, onun verdiyi doqquz manat sutkalıqlardan pul yığıb dörd yox, on yolka alıb verərik aparıb əksin. Həftədə bir dəfə də o ağaclara su verib otursun kölgəsində.

- Ola bilərmi ki, İsrafilov teatrın bağbanlarının işindən narazı olub və bu səbəbdən də şam ağaclarını onlara etibar etmək istəməyərək, özü ilə aparıb?

- Əksinə, o heç özünə də etibar eləmir (gülür). Teatrda 250 nəfər çalışır. Onun heç olmasa 240-ı etibarlıdır, gətirib əksin. Biz ona əkməyə şeylər verə bilərik. Sevimli tələbələrini başına yığıb həmin ağacların kölgəsində oturanda bizi yad edər... Xahiş edirəm, sonda bunları da qeyd edəsən. Ölkə.az saytına və sənə, Aznews.az-dan Bahar Rüstəmliyə, Lent.az-dan Ümidə Həsənliyə təşəkkür edirəm. Hər zaman doğrunun yanında oldunuz. Bütün vicdanlı jurnalistlərə, peşəkar qələmi olan hər bir kəsə özümün və yaxın dostlarımız adından təşəkkürümü bildirirəm.






Fikirlər