AYAZ MÜTƏLLİBOV: “Qarşılarına məqsəd qoymuşdular ki, nəyin bahasına olursa-olsun hakimiyyəti götürməliyik”

Ayaz Mütəllibov: “Qarşılarına məqsəd qoymuşdular ki, nəyin bahasına olursa-olsun hakimiyyəti götürməliyik”

Azərbaycanın eks-prezidentindən ilginc açıqlamalar və sərt ittihamlar

 

Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov uzun fasilədən sonra “Yeni Müsavat”a müsahibə verib. Qarabağ ətrafında baş verənlər, qarşıdakı Vyana görüşü ilə bağlı gözləntilərdən başlayan söhbətimizin sonrakı bölümündə 90-cı illərin əvvəllərinə ekskurs etdik və eks-prezident ilginc fikirlər söyləməklə yanaşı, xeyli sərt fikirlər söylədi.
- Ayaz müəllim, Qarabağ ətrafında ciddi proseslərin cərəyan etdiyi bir dövrdə sizin susmağınız heç yaxşı görünmür. Niyə mətbuatdan məsafə saxlamağı üstün sayırsınız?
- Təəssüflər olsun ki, elə adamlar tapılır buna başqa rəy verirlər.
- Yəqin sizin də ən böyük arzunuz Azərbaycan ərazilərinin işğaldan azad olunmasıdır... 
- Ona şübhə yoxdur.  
- Uzun fasilədən sonra Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü gözlənilir. Sizin gözləntiləriniz nədən ibarətdir?
- Mən onu gözləyirəm ki, bu danışıqların nəticəsində ermənilər bizim zəbt olunan rayonlarımızı qaytaracaqlar.
 
- Yəni bu dərəcədə nikbinsiniz? 
- Bəli, mən belə düşünürəm. Çünki çox hadisələr bunu göstərir. Çoxları gözləmirdi ki, Azərbaycan hücuma keçsin, qüvvəsini göstərsin. Ona görə indi bir zəmin yaratmışıq və bunun əsasında danışıqlar getməli, rayonlar şərtsiz qaytarılmalıdır.
- Ancaq erməni tərəf fərqli mövqedədir, aqressiya davam edir, hətta Azərbaycanın içərilərindəki obyektləri vuracağı ilə hədələyir...
-  Güman edirəm ki, bu, daxili auditoriyaya hesablanıb və sadəcə, təbliğat üçündür.
- Sərkisyan rejimi elə vəziyyət yaradıb ki, erməni ictimaiyyəti də güzəştə meylli görünmür.
- Mən də bu fikirlə razıyam.

Mənim istefaya getməyimdə, baş verən hadisələrin hamısında Moskvanın bəzi dairələrinin əli var idi”

- Elə isə Sərkisyan güzəştlərə imza ata bilərmi? Belə olan təqdirdə onu gözləyənləri göz önünə alırmı?
- Nə deyim vallah. Reallığa nəzər salsa, özü öz taleyini müəyyənləşdirməlidir.
- Ayaz müəllim, beynəlxalq güclər, xüsusilə həmsədr dövlətlər Azərbaycan ərazilərinin qaytarılmasını istəyirmi?
- Bunların mövqeləri fərqlidir. Ruslar Azərbaycanla bağlı elə bir mövqedə dayanıblar ki, buradan onların milli təhlükəsizliyinə xəta gəlməsin. Yəni Azərbaycanda Qərbin dayaqları o qədər də çox olmasın. Qərb də ki, öz yolu ilə gedir, yəni keçmiş respublikaların Rusiyanın nüfuz dairəsinə keçməsinə etiraz edir.
- Bu gün NATO tankları Gürcüstan və Moldovadadır, bu ölkələrdə hərbi təlimlər keçirilir. Alyansın Rusiyanın sərhədlərinə yaxınlaşması nə vəd edir? Belə bir situasiyada toqquşmalar realdırmı?
- Aydındır ki, Rusiya öz mövqeyini müdafiə edəcək. Hansı şəkildə, bunu demək çətindir. Ancaq biganə qalmayacaq. Mən güman etmirəm ki, NATO qoşunları sonadək keçmiş SSRİ məkanında qalsın.
- Qarabağ məsələsinin həlli ilə bağlı 5+2 formulundan çox danışılır. Söhbət 5 rayonun azadlığının qarşılığında rus sülhməramlılarının bölgədə yerləşdirilməsindən gedir. Yəqin ki, sizin prezidentliyiniz dövründə də Rusiya hansısa vədlər olub. İndi siz də bunu Azərbaycana qarşı tələ sayırsınızmı?
- Rus qoşunları vaxtilə SSRİ qoşunlarının bir hissəsi kimi bölgədə yerləşirdi. Ancaq indi vəziyyət başqadır. Siyasi razılığa gəlməsək, nə isə baş verməməlidir. Əsas məsələ siyasi anlaşmadır. Vasitəçilərin iştirakı ilə razılığa gəlinməlidir, ondan sonra danışmaq olar. Tarixi təcrübə göstərir ki, sülhməramlı qüvvələr o qədər də effektiv olmur.
- Yəni siz də hesab edirsiniz ki, rus sülhməramlılarının Qarabağda yerləşdirilməsi Azərbaycan üçün təhdiddir?
- Bəli.
 
- Bəs, rayonların mərhələli qaydada geri qaytarılması təkliflərinə razılaşmaq olarmı? Bəzən deyilir ki, bu, bizi tələyə salmaq üçün ortaya atılır...
- Olar təbii ki. Tələyə-zada salmaz. Regiondakı hadisələrə yeni təkan verər.
 
- Yuxarıda dediniz ki, Vyana görüşündən yüksək nəticə gözləyirsinzi. Əgər bu, baş verməsə...
- (sualı yarımçıq kəsir) Yox. Mən Vyana görüşündən yüksək nəticə gözləmirəm. İstərdik ki, nəticə olsun, ancaq dəqiq deyə bilmərəm. Görək danışıqlar hansı istiqamətdə gedəcək, mətbuata nə sızdırılacaq. Ondan sonra şəxsən mən bu barədə daha konkret fikir bildirə bilərəm. Ancaq ehtimallar var.
 
- Ehtimallardan biri də budur ki, nəticə əldə olunmasa, böyük savaş başlaya bilər...
- Onu istisna etmək olmaz. 
 
- Siz də o fikirdəsinizmi ki, Azərbaycan daha bir neçə il gözləməməli, torpaqlarını hərbi yolla azad etməlidir?
- Azərbaycanın buna tam ixtiyarı var. Qarabağ Azərbaycanın torpağıdır. Biz BMT-nin tərkibinə konkret sərhədlərimiz daxilində qəbul olunmuşuq. Ona görə ora Azərbaycan əraziləridir. O ki qaldı Dağlıq Qarabağın statusuna, bu məsələ danışıqlar yolu ilə həll oluna bilər. 
- Ancaq belə yanaşma da var ki, Ermənistan atəşkəs haqqında razılaşmaya əməl etmədiyi üçün Azərbaycan danışıqların sıfır variantına qayıtmalı, referendum güzəştindən də imtina etməlidir. Razılaşırsınızmı? 
- Bəli, təbii ki. 
- Azərbaycan genişmiqyaslı əməliyyatlara başlasa, Rusiyanın müdaxiləsi mümkündürmü?
- Bu suala dəqiq cavab verə bilmərəm. Təhlükəni istisna etmək olmaz. 
- Söhbətimiz 14-15 may hadisələrinin 24-cü ildönümünə təsadüf edir. Bu gündən baxanda hansı qənaətə gəlirsiniz, bəlkə hakimiyyətə bir neçə saatlıq qayıtmaq niyyətinə düşməsəydiniz, həm özünüzün, həm də ölkənin vəziyyətinin bu qədər ağırlaşmasına səbəb olmazdınız... 

Çoxları deyirlər ki, Ayaz Mütəllibov rusmeyilli adamdır”

- Yox, mənim hakimiyyətə qayıdışım ölkəyə zərər gətirməzdi, əksinə, ölkənin xeyrinə olardı. Hakimiyyətdə olmadığım vaxtlarda gördünüz Azərbaycanda nə baş verdi, torpaqlar getdi, bir-birimizə qarışdıq, düşmən də bu situasiyadan yararlandı. Ona görə də bu gün bir az ehtiyatlı olmalıyıq. 
 
- O zaman iddialar var idi ki, Ayaz Mütəllibov hakimiyyətə qayıtsaymış, Rusiya da Şuşanı qaytaracaqmış. Bu, nə dərəcədə həqiqətdir?
- Bəli, bu söhbətdə reallıq var idi. Özü də bu məsələ təkcə Şuşaya aid deyildi, ümumiyyətlə, Dağlıq Qarabağa aid idi. 
- Rusiyanın marağı nə idi ki, Dağlıq Qarabağı məhz sizin prezidentliyiniz olduğunuz zaman qaytarmaq istəyirdi? Əgər doğrudan da qaytarmaq istəsəydi, elə prezident olduğunuz zaman qaytarardı...
- Rusiya məni müdafiə etməyib, əksinə, məni hakimiyyətdən aşırmaq üçün Rusiyadakı bəzi qüvvələr də çalışıb. Dağlıq Qarabağın Azərbaycana qaytarılması barədə marağın yaradılması ilk növbədə Azərbaycan tərəfin borcu idi. Ruslar elə indinin özündə də burada müxtəlif təşkilatların yaradılmasına çalışır, təşəbbüslər göstərirlər. Biz buna da diqqətlə yanaşmalıyıq. Dəfələrlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlüyünə dəvət olunmuşuq. Şərt də bu ola bilərdi. Bu məsələ indi də ruslar üçün aktualdır. 
 
- Azərbaycan indiki situasiyada torpaqların azadlığının qarşılığında KMTM-ya, yaxud Avrasiya Birliyinə qoşula bilərmi? 
- O baxır biz hansı marağı əsas tuturuq. Torpaqlarımızın azad olunmasını əsas tuturuqsa, burada güzəştlərə getmək olar. Ancaq əvvəlcə ərazilər geri qaytarılmalıdır.
 
- Belə anlaşıldı ki, o zaman sizin hakimiyyətə qayıdışınızın müqabilində bu şərtlər olub, eləmi? 
- Yox, mənə bu barədə deməyiblər. O vaxt mənimlə söhbət aparılmayıb. Mənim mövqeyim o idi ki, Azərbaycanın ərazi bütövlüyü şərtsiz bizim xeyrimizə həll olunmalı idi. Elə bunun əngəlinə şəxsən özüm düşdüm. Çoxları deyir ki, Ayaz Mütəllibov rusmeyilli adamdır. Ancaq mənim istefaya getməyimdə, baş verən hadisələrin hamısında Moskvanın bəzi dairələrinin əli var idi. Adlarını çəkmək istəmirəm, ancaq bu adamlar indi də yaşayırlar.
 
- Çox maraqlıdır. Lakin siz uzun illər “sizi hakimiyyətdən devirənlərin” ölkəsində yaşadınız...
- Mənim maddi cəhətdən elə böyük imkanım yox idi ki, dünyanı gəzim. Mən 1992-ci ildən Moskvada məskunlaşan və indi orda yaşayan azərbaycanlılardan heç nə ilə fərqlənmirdim. Adi azərbaycanlı kimi yaşayırdım.
- Azərbaycandakı “beşinci kolon”dan çox danışılır. Hətta sizi də bu sıraya daxil edirlər. Azərbaycanda “beşinci kolon” nə dərəcədə güclüdür?
- Məni bu məsələyə daxil eləyən adamın başı yoxdur. Bu, sirf böhtandır, ağılsız sözlərdir. 
 
- Bəs, Azərbaycanda belə bir qüvvə varmı? 
- Mən ona cavab verə bilmərəm. Bu, mənim işim deyil. 
- Ayaz müəllim, elə sizinlə danışmişkən bir məsələyə münasibətiniz öyrənmək istəyirəm. Bu günlərdə videokadrlar yayıldı, orada sizin hakimiyyətiniz dövründə qaldırılan yaş senzindən də bəhs edilir. O zaman da deyilirdi ki, qanuna dəyişiklik etməklə siz Heydər Əliyevin hakimiyyətə gəlişinə mane olmağa çalışmışınız. Həmin layihənin müəllifi kim idi? 
- Vallah sözün doğrusu, heç yadıma da gəlmir ki, bu məsələ ilə şəxsən mən məşğul olmuşam. Ali Sovetdə belə danışıqlar var idi, ancaq mənim rəyim olmadan. Çünki demokratiyaya uyğun olmayan qərar olardı, əgər biz onu qəbul etsəydik. Yəni yaş senzi ola bilməz.     
 
- Xahiş edirəm, səmimi deyəsiniz, 24 il əvvəl Laçın rayonunun işğal olunmasında sizin hakimiyyətə qayıdış cəhdiniz nə dərəcədə rol oynadı?
- Xeyr, bu məsələnin heç bir rolu olmayıb. 
 
- Ancaq iddialar var ki, o zaman sizin hakimiyyətə gəlişinizin qarşısını almaq istəyən cəbhəçi qüvvələr Bakıya axın etməsəydi, Laçın da müdafiəsiz qalmazdı...
- Yox, yox, o düz deyil. Mən vəzifəmdə olsaydım və müxalifətlə, cəmiyyətlə birlikdə başlıca məqsədimizi, torpaqlarımızın azadlığı uğrunda çalışsaydıq, xeyli iş görə bilərdik. Qarabağ erməniləri, Ermənistan, erməni lobbisi, erməniləri dəstəkləyən Moskva siyasətçiləri, hakimiyyət nümayəndələri hamısı mənə qarşı idi. Mən tək bunlarla necə bacara bilərdim? Halbuki, arxamdan da özlərini müxalifət qüvvələri adlandıranlar mənə zərbə vururdular.
- Ancaq siz 3 ay əvvəl istefa verməklə yaxşı nümunə qoymuşdunuz, bəlkə də təkrar qayıdışınız doğru qərar deyildi. Qayıtmasaydınız, bəlkə də hadisələr ayrı səmtdə inkişaf edərdi...

“Qarşılarına da məqsəd qoymuşdular ki, nəyin bahasına olursa-olsun hakimiyyəti götürməliyik, yoxsa Ayaz Mütəllibov Qarabağ məsələsini həll etsə, ömrü boyu oturacaq vəzifədə”

- Mən istefamı vermişəm. Çünki mənim istefam Xocalı hadisələrilə bağlı idi. Mən ona heç cür yol verə bilməzdim. Əsas məsələ bu idi. Adımı böhtanlardan təmizləmək istəyirdim.  
- Amma qayıdışınız vəziyyəti mürəkkəbləşdirdi. 
 
- Nəyi mürəkkəbləşdirdi, nəyi?!
- Zəhmət olmasa, o hadisələri xatırlayın. Bəlkə ozamankı hakimiyyətlə əməkdaşlıq etsəydiniz, Laçın kimi böyük bir rayon da işğal olunmaz, Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz açılmazdı...
- (Qeyzlənir) Ə, nə əməkdaşlıq e? (Bu yerdə təhqiramiz ifadə işlədir) Vəziyyətdən istifadə edib meydana çıxan adamlar müxtəlif işlərlə məşğul idilər. Qarşılarına da məqsəd qoymuşdular ki, nəyin bahasına olursa-olsun hakimiyyəti götürməliyik, yoxsa Ayaz Mütəllibov Qarabağ məsələsini həll etsə, ömrü boyu oturacaq vəzifədə. Bunu deyənlər indi də sağdırlar.
- Bu, sizin dediklərinizdir. Amma qarşı tərəfin arqumentləri tam fərqlidir.
- Qarşı tərəfin fikri məni maraqlandırmır!






Fikirlər