Lukaşenko Moskvanı HƏDƏLƏDİ: “XOŞBƏXTLİYİMİZİ başqa yerlərdə…”

Lukaşenko Moskvanı HƏDƏLƏDİ: “Xoşbəxtliyimizi başqa yerlərdə…”

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşərək Belarus məhsullarının Rusiyaya çatdırılması məsələlərini müzakirə etmək niyyətindədir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Belarus prezidentinin özü bildirib.

“Əgər Rusiya bizi anlamırsa və anlamaq istəmirsə, onda inaqurasiyadan sonra prezidentlə görüşək və bütün məsələləri ətraflı və əsaslı şəkildə müzakirə edək”, - Lukaşenko deyib.

Dövlət başçısı həmçinin Belarus istehsalçılarına öz məhsullarının ixracı üçün başqa bazarları axtarmağı tövsiyə edib.

“Əgər onlar bizi əyməyə qərar verdilərsə, onda başqa yerlərdə öz xoşbəxtliyimizi axtaracağıq. Buna görə də başqa bazarları axtarın. Həmişə bir bazarda oturmaq olmaz. Rusiyaya məhsul tədarükü ilə bağlı problemlər ucbatından yeni bazarlar axtarmaq lazımdır”, - Belarus lideri qeyd edib.

Lukaşenko eyni zamanda, Rusiya ilə münasibətlərin müsbət inkişafına ümidini ifadə edib.

Qeyd edək ki, Rusiya tərəfinin Belarusa qarşı tətbiq etdiyi iqtisadi məhdudiyyətlər zaman-zaman tərəflər arasında gərginliyə səbəb olur. Son olaraq Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti (“Rosselxoznadzor”) Belarusdan gətirilən Pekin kələmini yoxlamaq barədə qərar verib.

İdarənin əməkdaşlarında şübhələr yaranıb ki, tərəvəz üçüncü ölkələrdən gətirilir və Rusiyanın fitosanitar normalarını pozur. İxracın qəfildən təxminən 6 dəfə artması yoxlamanın səbəbi olub. İdarədən bildiriblər ki, Belarus bunun üçün lazım olan istehsal güclərinə malik deyil.

Belarus prezidenti isə Rusiyanı dəfələrlə sərhəd və gömrük nəzarətinin gücləndirilməsinə görə tənqid edib.

“Biz rusiyalılar və beloruslar bərabər hüquqlarla fəxr edirdik. Amma rusiyalılar bu gün sərhəddə dəcəllik etməyə başlayırlar. Gömrükçülər malları bloklayır”, - Lukaşenko ötən il “Rossiya 24” telekanalına müsahibəsində bildirmişdi.

Prezident həmçinin iddia etmişdi ki, ittifaq dövlətinin yaradılması çərçivəsində Rusiya və Belarus arasındakı münasibətlərdə mənfi dinamika qeyd edilir.






Fikirlər