“ÖLKƏ QANUNLARLA DEYİL, GÖSTƏRİŞLƏRLƏ İDARƏ OLUNUR” – “Dərhal cinayət işi qaldırılmalıdır”
Ədalət partiyasının sədri İlyas İsmayılovun Ovqat.com-a müsahibəsini təqdim edirik: - İlyas müəllim, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev keçirdiyi mətbuat konfransında qeyd etdi ki, bu ilin ilk yarısında 3874 vətəndaşın müraciətinə baxılıb. Onun sözlərinə görə, bu dövr ərzində 126 cinayət xarakterli material araşdırılıb. Sizcə, sözügedən qurumun korrupsiyaya qarşı bu qədər fəallaşması hansı zərurətdən doğub? Niyə indiyə qədər eyni fəallıq müşahidə olunmurdu? – Fikrimcə, bu suala Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məsul şəxsləri daha dolğun aydınlıq gətirə bilərlər. Mənim fikrimi soruşursunuzsa, hesab edirəm ki, korrupsiyaya qarşı mübarizə Baş Prokurorluğun həmişə ən ümdə məsələsi olmalıdır. Çünki bu cinayət cəmiyyəti kökündən sarsıdır, dövlət əmlakı dağıdılır, bir çox haqsızlığa, sosial ədalətsizliyə yol açır, ölkəni sosial partlayışa aparır, qanunun alilik prinsipini nüfuzdan salır, dövlət orqanlarına və vəzifəli şəxslərə inamı yox edir. Acınacaqlı haldır ki, korrupsiyanın miqyası günü-gündən genişlənir, işgüzar fəaliyyətin dərinliklərinə işləyir. Bu bəla ilə mübarizə isə, təəssüf ki, kosmetik xarakter daşıyır. İndiyədək hüquq mühafizə orqanlarının məsələyə kifayət qədər diqqət yetirməməsi başadüşülən deyil. O ki qaldı korrupsiyaya qarşı mübarizə tədbirlərinin birdən-birə “gücləndirilməsinə”, zənnimcə, bu, Prezident İlham Əliyevin bir müddət əvvəl Nazirlər Kabinetində etdiyi çıxışıyla bağlıdır. Bilirsiniz ki, 2018-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş həmin iclasda ölkə başçısı üzünü hakimiyyət nümayəndələrinə tutaraq, onları korrupsiyaya qarşı mübarizəyə səslədi. Bildirdi ki, bu barədə müvafiq nazirliklərə, dövlət qurumlarına konket göstərişlər verilib. Əgər tapşırıqlara əməl edilməsə, həmin qurumlar cəzalandırılacaqlar. Görünür, Baş Prokurluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi də bu göstərişdən nəticə çıxarıb. Doğrusu, ölkə başçısının bu təşəbbüsünü ancaq alqışlamaq olar. Ən azı ona görə ki, Fransanın əfsanəvi generalı və kemiş prezidenti Şarl de Qollun təbirincə desək, hər hansı problemi həll edə bilmirsənsə, heç olmasa onu gündəmdə saxlamaq lazımdır. Prezidentin də bu məsələni gündəmə gətirməsi müsbət hadisədir. Amma korrupsiyaya qarşı mübarizə tapşırıqlarla, göstərişlərlə yox, qanunlarla aparılmalıdır. - Yeri gəlmişkən, həmin hesabat xarakterli açıqlamada diqqətimi bir məqam çəkdi. Hörmətli Kamran Əliyevin dediyinə görə, korrupsiya faktının ən çox qeydə alındığı sahə tikinti sektoru olub. Qəribədir ki, korrupsiya faktı ilə əlaqədar çoxsaylı cinayət işləri açılıb. Amma nədənsə, bu cinayətin ən çox tuğyan etdiyi tikinti sektorunda yalnız bir şirkət sahibi hüquqi məsuliyyətə cəlb olunub. 13 şirkət sahibinə isə ciddi xəbərdarlıq edilib. Kamran müəllimin açıqlamasından o da aydın oldu ki, korrupsiya əməlinə görə canını xəbərdarlıqla qurtaranlar təkcə inşaat rəhbərləri də deyil. Yüksək vəzifəli məmurlardan bəziləri də bu əmələ görə töhmət və ya şiddətli töhmət alıblar. Korrupsiya və xəbərdarlıq, yaxud töhmət… Adi bir sözə görə jurnalistlərin, siyasi xadimlərin illərlə məhbəs həyatı yaşadığı bir ölkədə bu cinayət-cəza əlaqəsi absurd görünmürmü? – Zənnimcə, bu sualın cavabı elə onun öz içində gizlənib. Əlbəttə, cəzalar cinayətlərin xarakterinə uyğun olmalıdır. Vaxtilə Karl Marks deyirdi ki, xalqın əxlaqı, mənəviyyatı iki halda pozulur: birincisi, cinayət görüb cəza görmədikdə; ikincisi, cəza görüb cinayət görmədikdə. Təəssüf edirəm ki, bu iki halın ikisi də Azərbaycanda mövcuddur. Əlbəttə ki, iri bir məmur yol verdiyi korrupsiyaya görə sadəcə töhmətlə, hansısa müəllim valideyndən aldığı 50 manata görə korrupsiya ittihamıyla cəzalandırılırsa, burda ədalət axtarmağa dəyməz. Üstəlik, müəllimin valideyndən, həkimin xəstədən aldığı pulun adı korrupsiya da deyil. Hakimiyyət korrupsiya adıyla manipulyasiya edirsə, cəmiyyəti kökündən sarsıdan və bütün bəlalarımızın anası olan bir mərəzə qarşı ciddi mübarizə aparmaq mümkün deyil. Korrupsiya dövlət aparatı ilə cinayət maraqlarının çulğalaşmasından ibarətdir. Məsələn, MTN-ni cinayət yuvasına çevirən Eldar Mahmudov və digər işçilərinin fəaliyyəti. Korrupsiya ilə mübarizə üçün çox ciddi, qanun əsasında kompleks tədbirlər həyata keçirilməlidir. - Kompleks tədbirlər deyəndə nəyi nəzərdə tutursunuz? – Korrupsiyaya qarşı mübarizə tədbirləri barədə Ədalət Partiyasının hazırladığı konsepsiya var. Həmin konsepsiyada konkret vəzifələr və atılacaq addımlar göstərilir. Biz bu barədə çox demişik. İndi də təkrar etməyə məcburuq: korrupsiya ilə effektli mübarizə ilk növbədə milli qanunvericilik bazasının yaradılmasından keçir. Çox təəssüf ki, respublikamızda belə zəruri qanunvericilik baza hələ də yaradılmayıb. Korrupsiya ilə uğurlu mübarizə dövlət vəzifə daşıyıcılarının gəlirləri üzərində ciddi nəzarətin olmasını, onların gəlirləri, əmlakları barədə mənbəyi, ödənilən vergilərin miqdarı göstərilməklə, deklarasiya verilməsini tələb edir. Bu barədə hələ 2005-ci ildə – təsəvvür edin, 13 il bundan qabaq, – qanun da qəbul olunub, ancaq məlum olmayan səbəblərdən indiyə qədər bu qanun tətbiq edilmir. Deməli, ölü qanundur. Dünyanın aparıcı ölkələrində bu deklarasiya sistemi fəaliyyət göstərir, bizdə isə yox. İkincisi, korrupsiya ilə mübarizə, mahiyyət etibarilə, xərclər barəsində də deklarasiya tələb edir. Prezident də yuxarıda qeyd etdiyimiz çıxışında xərclər üzərində də nəzarətin gücləndirilməsini vacib sayıb. Yeri gəlmişkən, bu barədə Rusiya Federasiyasında qanun qəbul edilib. Həmin sənəd belə adlanır: “Dövlət vəzifələrini tutan şəxslərin və digərlərinin xərclərinin gəlirlərinə uyğun olması üzərində nəzarət haqqında”. Belə bir qanunu təcili olaraq biz də qəbul etməli və onun tətbiqinə nail olmalıyıq. Düşünurəm ki, bu, gəlirlər barədə deklarasiyadan daha vacibdir. Özü də, gəlirlər və xərclər haqqında deklarasiyalar mütləq elektron qaydada müvafiq dövlət qurumlarının saytlarında yerləşdirilməlidir ki, xalq oxusun və hər şeyi bilsin. Başqa sözlə, şəffaflıq təmin olunsun. Üçüncüsü, hamımıza məlumdur ki, bizdə varlı adamlar biznesmenlər yox, vəzifəli şəxslərdir. Bu şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunla qadağan olunmuş sahibkarlıq fəaliyyətilə məşğul olurlar. Birbaşa korrupsiyaya aparan yollardan biri də budur. Bunun qarşısını almaq üçün mən hələ deputat olduğum vaxt Milli Məclisə korrupsiya ilə ciddi mübarizə üçün, Prezidentin təbirilə desək, dünyanın aparıcı ölkələrində olduğu kimi, sahibkarlıqla məşğul olan vəzifəli şəxslərin cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi təqdim etdim. Çox təəssüf ki, uzun vaxtdan sonra Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi layihəni müzakirə üçün plenar iclasa təqdim etmədi və bununla, əslində korrupsionerlərə töhfə vermiş oldu. Düşünərəm ki, Prezidentin yuxarıda göstərilən mövqeyinə uyğun olaraq, bu qanun layihəsini tezliklə MM-ə göndərməlidir. Yəqin ki, MM-də onun təşəbbüsünün əleyhinə getməzlər. Dördüncüsü, korrupsiya ilə ciddi mübarizə, demək olar ki, əksər nazirliklərdə yaradılıb, həmin nazirliklərin mənafelərinə qulluq edən istintaq şöbələrini ləğv edib Vahid İstintaq Komitəsinin yaradılmasını, bütün vəzifəli şəxslərin, nazirliklərin və digər dövlət qurumlarının qanunauyğun fəaliyyətini təmin etmək üçün prokurorluğun ümumi nəzarət funksiyasının, habelə nəqliyyat prokurorluqlarının bərpasını tələb edir. Beşincisi, bu gün sosial-iqtisadi durumumuzun böyük bəlası olan inhisarçılıqdan çox danışılır. Amma bu bəla ilə mübarizə üçün tələb olunan qanunvericilik bazası yaradılmır. Haqlı olaraq da sual yaranır: 2-ci oxunuşdan hələ 2006-cı ildə, deməli, 12 il əvvəl keçmiş Rəqabət Məcəlləsi indiyədək hansı səbəbdən qəbul edilmir, burada marağı olan kimlərdir? Hansı qanun və qaydaya görə qanun layihəsi iki oxunuşdan sonra səsverməyə çıxarılmadı? Belə bir normativ akt yoxdur. Bu hal bir daha sübut edir ki, ölkə qanunlarla deyil, artıq yuxarıda qeyd olunduğu kimi göstərişlərlə idarə olunur. Elə fəlakətimizin əsas səbəblərindən biri də budur. İnhisarçılığın tamamilə ortadan qaldırılması da korrupsiyaya qarşı mübarizənin başlıca metodlarındandır. Xatırlatmaq yerinə düşər ki, II Dünya Müharibəsindən sonra bədbəxt hala salınmış Almaniyanın iqtisadiyyatını dirçəltmək üçün ABŞ-ın keçmiş dövlət katibi və Müdafiə naziri Marşalın planında nəzərdə tutulan tədbirlər içərisində inhisarçılığın ləğvi birinci yerdə dururdu. Çünki inhisarçılıq inkişafa maneçilik törədən əsas amildir. Məhz inhisarçılıq insanın hüquq və azadlıqlarını pozur, onların təşəbbüskarlıqlarını aradan qaldırır, azad rəqabətə yol vermir, korrupsiyaya meydan açır, var-dövlətin ayrı-ayrı korrupsioner məmurların, soyğunçu sahibkarların cibinə axmasına qulluq edir. Odur ki, ölkə iqtisadiyyatına və mənəviyyatına ölümcül zərbə vuran inhisarçılığa qarşı amansız mübarizə aparılmalıdır və bunun üçün də tezliklə Rəqabət Məcəlləsi qəbul olunmalıdır. Nəhayət, korrupsiya ilə mübarizə dövlət işlərində, hakimiyyət münasibətlərində, vəzifə əlaqələrində, kadrların seçilməsində ailəçiliyə, qohumbazlığa, yerlibazlığa yol verilməməsini tələb edir. Qısası, korrupsiyaya qarşı mübarizə yalnız Baş Prokurorluğun səlahiyyəti daxilində deyil. Bütün hakimiyyət qolları və müvafiq orqanlar bu işdə maraqlı olmalı, tələb olunan kompleks tədbirlər həyata keçirilməlidir. - İlyas müəllim, bir az mövzudan uzaqlaşacağam. Amma bir məsələyə də aydınlıq gətirmənizi istərdim. Bu yaxınlarda Qərb ölkələrinin birindən azərbaycanlı miqrantlar deportasiya edildilər. Digər müsəlman və Afrika ölkələrindən gedənlər də eyni tale ilə üzləşirlər. Sizcə, korrupsiyanın, min cür haqsızlığın baş alıb getdiyi məmləkətlərin rahat həyat üçün Qərbə sığındığı vətəndaşlarını geri qaytarmaq nə dərəcədə ədalətlidir? – İstənilən problemi həll etmək üçün ilk növbədə onu doğuran səbəblər, onların baş verməsinə kömək edən şərait aşkar edilməli və ortadan qaldırılmalıdır. Qərb ölkələrinin miqrasiya siyasəti isə səbəblərlə yox, nəticələrlə mübarizəyə yönəlib. Azərbaycandan, eyni zamanda Yaxın Şərq və Afrika ölkələrindən Avropaya sığınanlar əslində həmin müstəmləkəçi dövlətlərin siyasətlərinin birbaşa nəticəsidir. Adama deyərlər ki, sən BMT TŞ-nin icazəsi olmadan quldur kimi nə üçün İraqa hücum etdin, ölkəni viran, insanlarını ümidsiz qoydun? Nə üçün təhsilin, səhiyyənin, mənzilin pulsuz olduğu, hər ailədən bir nəfəri xaricdə oxudan Liviyanı məhv etdin? 40 ildir ki, Əfqanıstanda əsassız müharibə aparanda, Suriyada və digər ölkələrdə vətəndaş müharibəsinə rəvac verəndə onun nəticələrini nəzərə almırdın? Yaxud öz xalqına düşmən kəsilmiş korrupsioner rejimləri dəstəkləyəndə hansı fəlakətlərin yaranacağının fərqində deyildinmi? Evi dağılan, həyatı təhlükədə olan, hər an ölümlə üz-üzə gələn bu adamlar nə etməlidir? Başını götürüb hara qaçmalıdır? Həyatda Ədalət deyilən bir İlahi Qanun var. Həmin Qanuna əsasən, təsir əks-təsirə bərabərdir. Müstəmləkəçi dövlətlər bir yeri işğal edəndə, orada yaşanması mümkün olmayan şərait yaradanda istər-istəməz özləri də işğala məruz qalırlar. Yəni güclülər zəifləri silah gücünə, zəiflər isə güclüləri silahsız işğal edirlər. Xristianların müqəddəs kitabı Bibliyada belə bir kəlam var: “Zülm geri qayıdandır”. Yəni, bumeranq kimi rəqibə atılan silah bir gün mütləq eyni sürətlə sənin özünə geri dönər. Öz imperialist siyasətləri naminə İlahi Ədaləti yaddan çıxaran Qərb ölkələri bu gün onun labüd nəticələri ilə üzləşirlər. Yaşananlardan ibrət dərsi almaq əvəzinə, qarşısıalınmaz prosesləri inzibati yolla dayandırmağa çalışırlar. Bu isə mümkün deyil. Öz yaşadıqları ölkələrdə qalmaq Qərbə sığınmaqdan daha təhlükəli olduğundan miqrantlar da məcburən risk etməli olur, yaşamaq ümidiylə dənizlərdə boğulmağı, sığındıqları yad ellərdə qeyri-müəyyənliyi, ikinci sinif insan olmağı seçirlər və bu zülm dayanmadıqca onun təzahürləri ortaya çıxar. Biz bunu xüsusilə Yaxın Şərq ölkə insanlarının timsalında görürük. Miqrasiya məsələsi hazırda elə həddə çatıb ki, Qərb ölkələrinin liderləri qarşısı alınmayacağı təqdirdə, bu prosesin Avropa dövlətlərinin etnik xarakterini dəyişdirəcəyindən ehtiyatlanırlar. Bu yaxınlarda Çexiyanın prezidenti Miloş Zeman maraqlı iddia ortaya atmışdı. Demişdi ki, vaxtilə avropalılar Amerikaya gedəndə yerli qəbilə başçılarından biri həmsöhbətinə bu ağdərililərin öz ölkələrinə qayıtmaq fikrində olmadığını bildirərək söyləyib: “Bu gedişlə bütün Amerika bunların olacaq”. İndi Avropaya sığınan miqrantlar da zaman keçdikcə qitənin əsl sahiblərinə çevriləcəklər. Doğrudan da Avropada bu təhlükə realdır. Futbol üzrə dünya çempionu olan Fransanın milli komandasının tərkibi bunun bariz sübutudur. Avropa və Amerika nə edir etsin, miqrantların qarşısını ala bilməyəcək. Vaxtilə imrerialistlərin silah gücünə köləyə çevirdiyi bu insanlar silahsız Afropanı fəth edəcəklər. Bu İlahi Ədalət qanunun tələbidir. - İlyas müəllim, respublika ictimaiyyətini narahat edən məsələlərdən biri də Gəncə hadisələridir. Bu barədə Sizin fikirlərinizi bilmək yaxşı olardı. – Hadisələrlə bağlı istintaq gedir. Odur ki, hələlik fikir söyləmək çətindir. Amma mənim diqqətimi başqa bir fakt cəlb etdi. Gəncənin icra başçısına sui-qəsd edən Yunis Səfərovu polisdə ölümcül döymüşdülər. Onun meyitə oxşayan şəkili sosial şəbəkələrdə yayılmışdı. Yazırdılar ki, onu polis işçiləri və icra başçısının oğlu bu hala salıblar. Düşünürəm ki, bu faktla bağlı dərhal cinayət işi qaldırılmalı və təqsirli şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Heç kim dövlətin cəzavermə funksiyasına sahib çıxıb bu özbaşınalıqları törətməməlidir.