Hafiz Hacıyevdən İqbal Ağazadəyə seçki İTTİHAMI: “Elə bilirlər ki, mandat alma-armuddur...”
Xeyli vaxtdır ölkə xaricində olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev parlament seçkiləri ilə bağlı iddialarla çıxış edib. Seçkilərə hazırlıq mərhələsindən danışan H. Hacıyev Modern.az-a ölkədən kənarda olduğu müddətdə partiyanın Gədəbəy rayon təşkilat sədrinin aldadıldığını söyləyib. O, İqbal Ağazadənin sədri olduğu Ümid Partiyasının Müasir Müsavat üzvünü ələ alaraq, öz tərəfinə çəkdiyini qeyd edib: “Mən səhhətimlə bağlı müalicə üçün Türkiyəyə getməli oldum. Gedəndə partiyanın rayon təşkilatlarına göstəriş verdim ki, bütün məsələlər müzakirə edilsin, qayıdanda parlament seçkilərində iştirak məsələsini Siyasi Şuraya çıxaraq. Türkiyədən yenicə qayıtmışam. Bu həftənin sonunda, yaxud gələn həftənin əvvəlində parlament seçkilərində iştirakla bağlı qərar qəbul edəcəyik. Mən burda olamayanda çox qəribə hadisə baş verib. “Ümid” Partiyası bizim partiyanın Gədəbəy rayon təşkilatının sədri Xəqani bəyi öz tərəfinə çəkib. Ona müxtəlif vədlər verməklə, “Ümid” partiyasından namizədliyini irəli sürməyə razılıq alıblar. “Ümid” Partiyası Müasir Müsavatın təşkilat sədrinə guya hökumətlə razılaşdığını deyib. Partiyanın üzvləri bildiriblər ki, guya, hökumət “Ümid”ə 20 yer verib. Onlar elə bilirlər ki, mandat alma-armuddur, kimə gəldi paylayırlar. Halbuki, seçkidə xalqın iradəsi qalib gəlir. Biz bu hadisə ilə bağlı ölçü götürmüşük. Xəqani bəy, yəqin ki, partiyamızdan xaric ediləcək. Bundan sonra gedib “Ümid” partiyasından namizədlik verə bilər. O, hətta mənim adımdan istifadə edib, dələduzluğa da əl atıb. Üstəlik keçmiş polis işçisi olub. Xəqani bəy haqqında rayon icra hakimiyyətinə məlumat veriləcək. “Ümid” Partiyası bu barədə bizə heç bir açıqlama verməyib. Aydındır ki, bu partiyanın simasında bəzi partiyalar seçkilərə kölgə salmaq üçün belə “qara piar” kampaniyaları ilə məşğuldurlar”.