Milli Şura üzvü istefalardan danışdı: “Fikirlərimiz üst-üstə düşmürdü”
“Son zamanlar Milli Şuranın daxilində Koordinasiya Mərkəzinin üzvləri ilə digər üzvlərin fikirləri üst-üstə düşmürdü. Bu cür mübahisələr bir-iki dəfə təkrarlandı və dostlarımızın bəziləri istefa verdilər”. "AzerTaym.az" bildirir ki,bunu modern.az-a Milli Şurann daxilində gedən proseslər haqqında danışarkən Şuranın Koordinasiya Mərkəzinin üzvü Vahid Məhərrəmli deyib. O qeyd edib ki, istefalardan sonra Milli Şuraya qarşı fərqli münasibət ortaya qoyulur: “Hər bir üzvümüzün fikrinə hörmətlə yanaşıram. Şuranı tərk etmək də onların öz seçimidir. Amma təbii ki, biz bütün hallarda işimizi davam etdiririk. Müzakirələrimiz olur. Ölkədə baş verən hadisələrə münasibət bildiririk. Xüsusilə, sosial-iqtisadi vəziyyətlə bağlı müzakirələrimiz davam edir. Sabah-birigün mənim də Milli Şuranın Koordinasiya Mərkəzinin digər üzvləri ilə problemim yarana bilər. Həyatdır, hər şey olar. Ancaq bu o demək deyil ki, istefa verən olanda Milli Şura fəaliyyətini dayandırmalıdır. Heç bir problem yoxdur”. V.Məhərrəmlinin sözlərinə görə, son zamanlar Milli Şuranın sıralarına qatılmaq istəyən siyasətçilər və siyasi təkilatlar olmayıb: “Karantin rejimi olduğuna görə, biz canlı görüşlər keçirə bilmirik, əlaqə saxlayan fəal şəxslərlə ünsiyyət qura bilmirik. Aktiv üzvlərimizi bir yerə toplayıb, təşkilatı məsələlərlə bağlı söhbət etməliyik. Hələlik bunu həyata keçirmək real deyil. Onlayn şəkildə konfranslarımızı təşkil edirik, bütün məsələləri belə həll edirik. Ona görə, hələlik Şuranın işinə qoşulmaq üçün müraciət edənlər yoxdur. Karantin bitəndən sonra canlı iclasları da, qəbul prosesini də daha aktiv şəkildə davam etdirəcəyik”.