Yaqub Məmmədovun rusiyaçılığı və RÜSVAYÇILIĞI...

İnanmaq çətindir ki, bir zamanlar, ağlının güclü, enerjisinin aşıb-daşan, ambisiyasının kükrəyən vaxtında qısa müddət də olsa Azərbaycana rəhbərlik etmiş adam bu düşüncədədir.

Söhbət 1992-ci ilin martından may ayının 15-nə qədər ölkə parlamentinin sədri olaraq Azərbaycan prezidentinin səlahiyyətləri vəzifəsini icra etmiş tibb professoru Yaqub Məmmədovdan və onun Rusiya-Ukrayna münasibətinə dair açıqladığı mülahizələrdən gedir.

Çox gözlənilməzdir. Bu şəxs yüksək səviyyəli danışıqlarda tərəf olmuş, Qarabağ münaqişəsi ilə bağlı Rusiya, İran və Ermənistan rəhbərliyi ilə danışıqlar aparmış, adı çəkilən dövlətlərin rəhbərliyinin namərdliyini, “... Bizans siyasəti”ni görmüş adamdır, nə əcəb indiyəcək bilmir ki, regionu, ümumiyyətlə, dünyanı elektriklə işləyən mikser kimi qarışdıran hansı dövlətdir.

41.jpg (5 KB)

Heç ola bilməz ki, o, 30 il öncə dağılmış qırmızı imperiyanın xiffətini çəkə-çəkə, onu yenidən bərpa etmək istəyən ölkənin şovinist dairələrinin məkrli niyyətindən xəbərdar olmasın. Heç ola bilməz. Ona görə də belə anlaşılır ki, professor bunu bilə-bilə həmin dövlətin tərəfini tutur.

Yoxsa o, aşağıdakı kimi fikirlər bildirməzdi. Sitat: “Rusiya Qərb üçün deyil, Qərb Moskva üçün təhlükə yaradırdı. Bu, Qərb-Rusiya qarşıdurmasıdır və indiki məsələdə haqq-ədalət Rusiyanın tərəfindədir”.

Söhbət hansı təhlükədən gedir? Məgər bir böyük dövlətin başqa bir böyük dövlətlə həmsərhəd olması ikinci üçün təhlükədir? NATO Rusiya sərhədinə yaxınlaşarsa, bir gün ona hücum edərək, ərazi bütövlüyünü pozacaq? Bunlar əfsanə söhbətlərdir. Heç bir dövlət əlində iki cüt nüvə başlığı olan dövlətin sərhədini poza bilməz. Ona qalsa Meksika və Kanada 200 ildir ABŞ-ın şimal və cənub qonşularıdır və kütləvi qırğın silahına malik deyillər, məgər ABŞ onlara qarşı ərazi iddiası sürür, yaxud bu dövləti parçalamaq istəyir, öz ştatlarına çevirmək istəyir? Dinc, yanaşı, mehriban qonşuluq şəraitində yaşayırlar.

51.jpg (11 KB)

Haqq-ədalət necə Rusiyanın tərəfində ola bilər ki, məhz o, 30 il öncədən suverenlik qazanmış böyük bir dövlətin ərazisinə müdaxilə edib, iki qondarma “respublika” yaradıb və onun şəhərlərini dağıdır, hərbçilərini və mülki insanlarını qırır.

Ümumiyyətlə, hərbi aqressor heç bir halda haqlı ola bilməz. O, başqa dövlətin sərhədindən bir addım içəri keçən kimi nələrdəsə haqlıysa da, dərhal haqsız duruma düşür. Tibb professoru bunu bilməliydi.

Başqa bir sitat: “Moskvanın yeganə tələbi o idi ki, NATO Ukraynaya, Rusiyanın qərb sərhədlərinə gəlməsin, qoşun yığmasın.... Qərb öz vədini dəfələrlə pozub, Polşaya, Rumıniyaya, Çexiyaya girib. Ukraynaya müdaxilə son hədd idi”.

45.JPG (29 KB)

İndi Polşa, Rumıniya, Çexiya bir zamanlar Moskvanın vassalı olubsa, Ukrayna (eləcə də Gürcüstan, Azərbaycan və başqaları) iki əsrə yaxın bir müddətdə rus işğalında yaşayıbsa, bu fakt onların tam müstəqil dövlət olmaq, öz müttədiqlərini özü seçmək, azad və qanuni seçkilər keçirərək öz rəhbərlərini seçmək hüququnu əllərindən alırmı? Onlar dünya durduqca Rusiyanın vassalı olmalıdırlarmı?

Siyasətlə maraqlanan hər kəs bilir, Ukraynanın başına bu fəlakətlər 2004-cü ildən sonra gəldi. O zaman Ukrayna xalqı iradə göstərərək ölkəni özünü Kremlin canişini, Ukrayna qubernatoru kimi aparan Leonid Kuçmadan qurtulmaq, onun yerinə Viktor Yuşşenkonu seçmək istəyirdi.

21.jpg (56 KB)

Rusiya bu planın qarşısını almaq üçün daha nələr etmədi? Yuşşenkonu nadir preparatla zəhərlədilər, Kuçmanı xalqın iradəsinə zidd getməyə, saxtakarlıq etməyə sövq etdilər, baş nazir Yanukoviçi prezident postuna yerləşdirməyə çalışdılar. Rusiya televiziyaları gecə-gündüz xalq hərəkatçılarını gözdən salmaqla məşğul oldu, amma yetmədi, Yuşşenko prezident seçildi. Fəqət 5-ci kolon və Ukrayna daxilindəki sabotaj qrupları onun uğurlu prezident olmasına imkan vermədilər. Nəticədə 2010-cu ildə Kreml hakimiyyətə yenə öz adamını – Viktor Yanukoviçi gətirdi. Ukrayna xalqı isə bu layihəni puç etdi, Yanukoviç devrildi. O zamandan bəri rəsmi Moskva Ukrayna ilə soyuq müharibə aparırdı, bir neçə il öncə açıq düşmənçiliyə başladı, bu il fevralın 24-də isə qanlı müharibəyə start verdi.

Məsələ budur: Rusiya keçmiş SSRİ respublikalarının heç birinin tam müstəqil dövlət olmasına imkan vermək fikrində deyil. Bütün azadlıqlara qarşıdır Kreml. O, bütün qonşu ölkələrin rəhbərlərini təxminən dövlət üçündə muxtar bir istibdad yuvası yaratmış Kadırov kimi görmək istəyir. Hamı ona tabe olsun, öz xalqlarını isə bildikləri kimi idarə etsin.

Yaqub müəllim isə orta əsrlərin “fateh” adlandırılan qəsbkar hökmdarlarına uyğun siyasət yeridən dövlətin haqlı olduğunu deyir, Ukraynaya fitvanı Qərbin verdiyini bildirir.

Guya Ukrayna xalqı bilmirmi ki, hansı dövlətlə müttəfiq olsa, daha müstəqil, azad və firavan yaşaya bilər?

Bu, artıq heç kəsə sirr deyil. Hətta uzun illər Rusiyanın federal subyekti statusunda yaşayan və Moskvadan hər cür – maddi, iqtisadi, hərbi yardımlar alan Ermənistan da fərqindədir ki, Qərblə yaxınlaşsa, daha firavan yaşaya bilər.

Yaqub Məmmədovdan daha bir sitat: “Rusiya böyük dövlətdir, təbii sərvətləri çoxdur. İnanmıram ki, müharibə və sanksiyalar nəhəng bir ölkəni çökdürsün. Müəyyən problemlərin yaşanacağı qaçılmazdır, amma sadəcə iqtisadi sanksiyalarla Rusiyanı diz üstə çökdürmək mümkünsüzdür”.

Təsəvvür edin ki, bu mülahizələrin sahibi dövlət başında bir neçə il artıq qalsaydı, ölkə hansı günə düşərdi.

81.jpg (8 KB)

Rusiya bəşər tarixindən bəri indiyədək heç bir dövlətin üzləşmədiyi miqyasda beynəlxalq təcridlə üzləşib. Kosmik sferadan tutmuş ta pişik müsabiqəsinə qədər bir dövlətə tətbiq edilə biləcək hər cür sanksiyaya məruz qalan ölkə necə duruş gətirə bilər? Mümkün deyil. Sürətlə silahlanma yarışı SSRİ-nin sonunu gətirdiyi kimi, qlobal təcrid də Rusiyanın dizini yerə gətirəcək.

Bununla belə, Yaqub müəllimin ruspərəst açıqlaması vaxtilə Şuşanın işğalı üzərindəki müəmmaya müəyyən dərəcədə işıq salır. Belə çıxır ki, o zaman onun komandası Şuşanın müdafiəsini ya bilərəkdən, ya da sırf bu sayaq səriştəsizlikdən təşkil etməyib. İndiyədək təsdiq olunmayan iddialar haqlıymış, o vaxt Şuşanı rusların məsləhəti ilə ermənilərə ona görə təhvil veriblər ki, bu fondakı şokdan istifadə edərək Ayaz Mütəllibovu hakimiyətə qaytarmaq mümkün olsun. Fəqət bu plan mayın 14-ü gecəyə qədər işlədi, Yaqub Məmmədov Ayaz Mütəllibovun hakimiyyətə qayıtdığını elan edə bildi, ancaq mayın 15-də AXC-nin təşkil etdiyi kütləvi aksiya nəticəsində, özü də, Mütəllibov da hakimiyyətdən getməli oldu.

Bir tərəfə baxanda, siyasət tarixində “biz siyasətdə peşkayıq” ifadəsi ilə qalmış şəxsdən müdrik bir dəyərləndirmə gözləmək əbəsdir.

musavat.com

 






Fikirlər