Yeni dünya nizamı: "Rusiya üçüncü və ya dördüncü güc olacaq"

 Yeni dünya nizamı:

“Ukraynada müharibə təkcə Rusiya ilə Qərb deyil, ümumən beynəlxalq münasibətlərdə böyük dəyişikliklər formalaşdırıb”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında misirli analitik, Yaxın Şərq və Türk dünyası üzrə tədqiqatçı Əhməd Abdah Tarabeyk deyib.

Siyasi şərhçi Qərb və Rusiya arasında olan tarixi mübarizədən söz açıb:

“1991-ci ildə Sovet İttifaqının dağılmasından və Soyuq müharibənin başa çatmasından sonra çoxları düşünürdü ki, Şərqlə Qərb arasındakı və ya daha dəqiq desək, dünyanın iki böyük gücü arasında münaqişə sona çatdı və dünya birqütblü oldu. Lakin Rusiyanın Ukraynada apardığı müharibə beynəlxalq münasibətlərin yönümünü dəyişdirdi və dünya nizamı yenidən formalaşdı. Buna görə də, Ukraynada müharibədən əvvəlki dünya nizamının forması müharibə bitdikdən sonra, əlbəttə, eyni olmayacaq.

Bəli, Rusiya Sovet İttifaqını əvəz etməyəcək, lakin yeni dünya nizamında üçüncü və ya dördüncü güc olacaq. Fikrimcə, Rusiyanın Ukraynadakı müharibəsi yazın sonu və ya yayın əvvəlində başa çatacaq. Bu, Rusiyanın nəzərdə tutduğu kimi tez olmayacaq.

Müharibənin bitməsi ilə bir çox ölkə digər dövlətlərlə əlaqələrini formalaşdıracaq və önümüzdəki dövrdə enerji məsələsi böyük rol oynayacaq”.

Mütəxəssisin sözlərinə görə, Avropa ölkələri indiki halda Rusiyadan asılı olmaq istəmir:

“Buna görə də, onlar neft və qaz idxalçıları kimi Rusiyaya alternativ axtarır. Lakin bu münaqişədə ən çox uduzan tərəf Ukraynadır. O, müharibədən tamamilə dağıdılmış şəkildə çıxacaq. 2014-cü ildə Ukrayna ölkənin şərqində, xüsusən Luqansk və Donetskdə, eləcə də Krım yarımadasında nəzarəti itirdikdən sonra ölkənin bərpası üçün onilliklər olmasa da, uzun illər lazım olacaq.

Yadınızdadırsa, 2008-ci ildə Gürcüstanda Cənubi Osetiya işğal olunanda Qərb buna qarşı heç nə etmədi. İndi də belə olacağına kimsə şübhə etmir.

Bu məsələ çoxlu müzakirələrə ehtiyac duyur. Hazırda Amerika qlobal liderliyin və hegemonluğun zirvəsindən enməkdədir. Bəli, bu, qısa müddətdə olmaya bilər, amma Çin və Rusiya yeni dünyanı birlikdə idarə etməyə niyyətlidir”.

 






Fikirlər