Türkiyədəki hadisələrin PƏRDƏARXASI - Politoloq SİRLƏRİ AÇDI...

Türkiyədəki hadisələrin PƏRDƏARXASI - Politoloq SİRLƏRİ AÇDI

"Əslində bir növ İmamoğlunun başına gələnlər vaxtilə Ərdoğanın başına gəlmiş hadisələrə çox bənzəyir. Amma Əkrəm İmamoğlu potensial bir R.T Ərdoğan deyil".

AzerTaym.az bildirir ki,bu sözləri yenisabah.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib. O qeyd edib ki, Türkiyədə baş verən hazırki proseslərdə heç bir təəccüblü məqam yoxdur:

"Ümumiyyətlə baş verən hadisələr kifayət qədər diqqət çəksə də, təəccüblü bir məqam olduğunu düşünmürəm. Türkiyə siyasi tarixində həbslər, saxlanmalar, hətta partiyaların bağlanması kimi hadisələr olub və bu təbiidir. Hətta CHP kimi bir partiya belə bir müddət bağlanılıb. Türkiyədə yuxarıda sadaladığım hadisələr yaxın tarixində tez-tez baş verdiyi üçün adi qəbul olunur. Yəni Əkrəm İmamoğlunun həbsi və ya onun diplomunun ləğv edilməsi kimi hadisələrdə qeyri-adi bir şey olduğunu düşünmürəm. Qəribə də olsa Türkiyədə həbslər siyasi şəxslərin reputasiyasına pis təsir etmir. Əksinə, onların karyerasına müsbət təsir edir. Ümumiyyətlə, siyasətdə həbs görmüş şəxslər kütlə tərəfindən daha xarizmatik qəbul olunur. Əkrəm İmamoğlunda da bu olacaqmı demək hələlik çətindir. Amma nəzərə almaq lazımdır ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan da vaxtilə həbs edilib və o da İstanbul böyükşəhər bələdiyyəsinin rəhbəri olub. Əslində bir növ İmamoğlunun başına gələnlər vaxtilə Ərdoğanın başına gəlmiş hadisələrə çox bənzəyir. Amma Əkrəm İmamoğlu potensial bir R.T Ərdoğan deyil. İmamoğlunun kifayət qədər tərəfdarı və CHP daxilində yüksək nüfuzu var. Lakin onun həbsi sonrası baş verənlər təkcə onunla bağlı deyil. Məncə bu daha çox R.T Ərdoğan hakimiyyətindən narazı olan qrupların əlinə düşmüş fürsətdən istifadə cəhdidir. Hadisələr hələ ki qarışıqdır. Mən baş verənləri Rəcəb Tayyib Ərdoğan hakimiyyətinin sonu kimi qiymətləndirmirəm. Məncə prezidenti də dəstəkləyən kifayət qədər böyük bir kütlə var. Artıq əks-aksiyalar da başlayıb".  

Politoloq qeyd edib ki, Türkiyədə xalq etirazlarının hakimiyyəti dəyişməsi təcrübəsi yoxdur:

"Şübhəsiz ki, Türkiyənin regionda aparıcı rol oynaması bəzi gücləri narahat edir. Ümumən R.T Ərdoğan hakimiyyəti bu tip situasiyalardan yaxşı çıxmağı bacarır və inanıram ki, bu hadisələr fonunda da hakimiyyətini qoruyacaq. Ancaq bu hadisələr növbəti seçkilərə təsir edəcək. Türkiyədəki siyasi prosesləri başa düşmək üçün cəmiyyətin dinamikalarına baxmaq lazımdır. Bu günə qədər heç bir tarixi dövrdə Türkiyədə xalq hərəkatı ilə başa gələn lider olmayıb. Türkiyədə inqlablar daha çox yuxarıdan olur. Biz buna "ağ inqilab" deyirik. Yaxud ən çox baş verən hərbi inqlablar özünü göstərir. R.T Ərdoğan hakimiyyəti də ilk iş olaraq, ordu daxilində təmizləmələr apardı. Ona görə də, ordudan gələcək bir təhlükə yoxdur. MİT və ordu Türkiyə prezidentinin yanındadır. Yəni məsləyə bu aspektdən baxmaq lazımdır".






Fikirlər