Bu il PARLAMENT seçkiləri, gələn il PREZİDENT seçkiləri – Müxalifətin ANYİBÖHRAN LAYİHƏSi təsdiqləndi

Bu il parlament seçkiləri, gələn il prezident seçkiləri – Müxalifətin antiböhran layihəsi təsdiqləndi

  Müsavat qərargahında Milli Strateji Düşüncə Mərkəzi (MSDM) Azərbaycanda böhrandan çıxış yollarına dair xüsusi layihəsinin müzakirəsinə həsr olunan Dəyirmi Masa keçirilib.

MSDM-in sədri İsa Qəmbərin aparıcı olduğu müzakirələrdə Müsavat başqanı Arif Hacılı, Turan agentliyinin direktoru Mehman Əliyev, istiqlalçı millət vəkilləri Hacıbaba Əzimovİsgəndər Həmidov, görkəmli ziyalılar Mehriban vəzir, Almaz Əliqızı, Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı, İcra Aparatının rəhbəri Gülaga Aslanlı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli, Müsavat başqanının müavini Elman Fəttah, tanınmış jurnalist, Müsavat Divanının üzvü Alya Yaqublu və digər ictimai-siyasi xadimlər iştirak etdilər.

Çıxışlarda mövcud hakimiyətin ölkəni böhrandan çıxarmağa qadir olmadığı vurğulandı. Qeyd edildi ki, hakimiyyət böhrandan zərər çəkən təbəqələrin müdafiəsi istiqamətində təxirəsalınmaz tədbirlər görməli, bunun ardınca isə hakimiyyəti xalqa təhvil verməlidir. MSDM bu il növbədənkənar parlament seçkilərinin, gələn il isə prezident seçkilərinin keçirilməsini təklif edir. Bu müddətdə konstitusiya islahatlarının aparılması da vacib sayılır.

Sənədin preambula hissəsində deyilir ki, indi həm neftin qiymətinin yenidən artacağına ümid bəsləyən hakimiyyət, həm böhrandan çıxış yolları barədə tutarlı təkliflər verən müxalifət, həm də hakimiyyətin ya islahatlara gedəcəyinə, ya da dəyişəcəyinə ümid edən xalq gözləmə mövqeyindədir.

MSDM hesab edir ki, bütün bu gözləntilər sadəcə ehtimaldır. Mənfi ehtimalların qarşısını almaq, müsbət ehtimalları gerçəkliyə çevirmək üçün demokratik qüvvələr siyasi iradə nümayiş etdirməli və cəmiyyəti bu iradənin ətrafında bütövləşdirməlidir. Yalnız bu halda hakimiyyət xalqın yekdil mövqeyi ilə hesablaşmalı olacaq.

Qeyd edək ki, İsa Qəmbərin rəhbərlik etdiyi MSDM-in toplantılarında siyasət adamları və iqtisadçılarla yanaşı, öz sahələrinin uzmanı olan mütəxəssislər və ziyalılar iştirak edir. 

Müzakirələrdən sonra MSDM-in təklif etdiyi "Böhrandan imkana” adlı  Yol Xəritəsinin layihəsi təsdiqlənib. Sənədi təqdim edirik:

"Milli Strateji Düşüncə Mərkəzinin müraciəti

Ölkəmizdə sosial-iqtisadi böhran gündən-günə dərinləşməkdədir. Dünya bazarında neftin qiymətinin davamlı şəkildə düşməsi  korrupsiya və inhisarçılığn, səriştəsizlik və bərbad idarəçiliyin girovuna çevrilmiş Azərbaycanda fəlakətli bir vəziyyət yaratmışdır.  Yarımçıq, ziddiyətli, kosmetik addımları ilə əslində böhranın qarşısını almağa  qadir olmadığını nümayiş etdirən hakimiyyət  beynəlxalq maliyyə mərkəzlərindən borc almaq  cəhdləri ilə gücsüzlüyünü etiraf etmiş oldu. Yanvar ayında bölgələrdə əhalinin etiraz aksiyaları zahirən zəif  və pərakəndə görünsə də bu aksiyalar müstəqil Azərbaycan tarixində sosial-iqtisadi tələblərlə keçirilən ən yekcins, davamlı və sinxron kütləvi tədbirlər kimi aydın şəkildə nümayiş etdirdi ki, etiraz aksiyalarının böyüməsi, sosial-iqtisadi gərginliyin ictimai-siyasi gərginliyə çevrilməsi zaman məsələsidir.

Uzun illərdən bəri sərgilədiyi  məsuliyyətsiz davranışını  böhran şəraitində də  davam etdirən hakimiyyətdən fərqli olaraq, demokratik düşərgə bu mərhələdə də son dərəcə yetkin və məsuliyyətli mövqe nümayiş etdirdi. Əhalinin spontan etiraz aksiyalarına mənəvi-siyasi və informasion dəstək verən müxalifət  bu prosesin xaosa aparmasında maraqlı olmadığını əməli şəkildə sübut etdi. Eyni zamanda demokratik qüvvələr böhranın dərinləşməsinin qarşısını almaq, əhalini böhranın zərbələrindən qorumaq,  ölkədə iqtisadi prosesləri inkişaf  istiqamətinə yönəltmək yollarını cəmiyyətə və hakimiyyətə göstərdilər. Müsavat partiyasının böhrandan çıxış yolları barədə təkliflər paketi, AXCP-nin, REAL-ın, digər qurumların və müstəqil ekspertlərin bir çox təklifləri, tövsiyyələri, ideyaları kifayət qədər cəlbedici, inandırıcı və diqqətəlayiqdir.

Bütün bunlarla yanaşı bütövlükdə ölkə və prosesin əsas iştirakçıları gözləmə mövqeyindədirlər. Xalq problemlərin hanısısa formada həll olunacağına ümid edir və əks təqdirdə etirazların daha kütləvi və qarşısıalınmaz olacağına, əhalinin maraqlarını nəzərə almayan və problemlərini həll etməyə qadir olmayan hakimiyyətin ən qısa zamanda dəyişəcəyinə  inanmaq istəyir.  Hakim rejim neftin yenidən bahalaşacağına ümid edir , o zamana qədər  kiçik güzəştlər və böyük repressiyalarla cəmiyyəti nəzarətdə, hakimiyyəti  öz inhisarında  saxlaya biləcəyinə inanmaq istəyir.  Demokratik düşərgə isə bu ziddiyyətli gözləntilərin sosial partlayışa,  xaosa gətirməyəcəyinə ümid etmək  və xalqın dinc kütləvi hərəkatı ilə köklü müsbət dəyişikliklərin baş verəcəyinə inanmaq istəyir.

MSDM hesab edir ki, bütün bu gözləntilər sadəcə ehtimaldır. Mənfi ehtimalların qarşısını almaq, müsbət ehtimalları gerçəkliyə çevirmək üçün demokratik qüvvələr siyasi iradə nümayiş etdirməli və cəmiyyəti bu iradənin ətrafında bütövləşdirməlidir. Yalnız bu halda hakimiyyət xalqın yekdil mövqeyi ilə hesablaşmalı olacaq.

MSDM cəmiyyətə yeni Yol Xəritəsi təklif edir. Bu yol xəritəsi əhalinin böhrandan qorunması, iş adamlarına azad iqtisadi fəaliyyət, demokratik qüvvələrə öz potensialını gerçəkləşdirmək imkanı, rejimə isə hakimiyyətin dinc və tədrici şəkildə xalqa təhvil vermək şansı  yarada bilər. Nəticədə Azərbaycan 2018-ci ilə – Respublikamızın 100-cü ildönümünə yenilənmiş şəkildə daxil ola bilər.

 Böhrandan İmkana Yol  Xəritəsi

  1. Təcili sosial tədbirlər:

Böhranın zərbələri altında əzilən əhaliyə, xüsusən aztəminatlı təbəqələrə  yardım məqsədi ilə zəruri qərarların qəbul edilməsi. Devalvasiya nəticəsində kəskinləşmiş İşsizlik, aşağı maaşlar, kredit borcu və digər problemlərin həlli üçün təxirəsalınmaz addımlar

  1. Təcili iqtisadi tədbirlər:

    Korrupsiya və inhisarçılığa son qoyulmasına, azad iqtisadiyyatın formalaşmasına, kiçik və orta biznesin dirçəldilməsinə, kənd təsərrüfatı, turizm və digər qeyri-neft  sahələrinin  inkişafına  münbit  şəraitin yaranmasına yönəlmiş  ilkin addımlar
  1. Təcili siyasi tədbirlər:
    Siyasi məhbusların azad edilməsi, siyasi azadlıqların bərqərar edilməsinə, qeyri-hökumət təşkilatlarının və medianın normal fəaliyyətinə, siyasi partiyaların azad, bərabər hüquqlu rəqabətinə imkan yaradacaq addımlar
  2. Xarici siyasət  sahəsində beynəlxalq birliyə yönəlmiş prinsipial mesajlar verilməsi: Azərbaycanda əsas siyasi və iqtisadi azadlıqların bərqərar edilməsi ilə bağlı kursun bəyan edilməsi;  Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına uyğun olaraq ölkəmizin avroatlantik inteqrasiya istiqamətində addımlar atacağının bəyan edilməsi, Avropa İttifaqına, NATO-ya üzvlüklə bağlı müraciət edilməsi və Ümumdünya Ticarət Təşkilatı ilə üzvlük danışıqlarının sürətləndirilməsi
  1. 2016-cı il fevralda yeni Konstitusiya (və ya Konstitusiyaya əlavə və dəyişikliklər) layihəsinin hazırlanması məqsədilə Konstitusiya  komitəsi yaradılması
  1. 2016-cl ilin yazında yeni Konstitusiya (və ya Konstitusiyaya əlavə və dəyişikliklər) üçün referendum keçirilməsi
  1. 2016-cı ilin ikinci yarısında parlament seçkiləri keçirilməsi
  1. 2017-ci ildə prezident seçkiləri keçirilməsi

 Sənəd MSDM-in 6 fevral  2016-cı il tarixli toplantısında qəbul edilmişdir”.(bastainfo.com)

 

 






Fikirlər