AZƏRBAYCANA qarşı XAİN PLAN - ŞOK məlumatlar !!!

 
Azərbaycana qarşı xain plan - şok məlumatlar

Maliyyə boslarının 21 dekabr yanlışı- ölkə fəlakətdən necə dönüb...; Yanvar ayında rayonlarda başlayan sosial etirazlar kənar güclərin müdaxiləsindən son anda çıxarılıb; bütün ölkəboyu vətəndaş-hakimiyyət qarşıdurması yaratmaq ssenarisi prezidentin çevik addımları sayəsində pozulub; “martda Azərbaycanda sabitliyi pozmaq” ssenarisinin qarşısı alınmasaydı.... 

 

Dekabrın 21-da baş vermiş ikinci devalvasiyadan sonra Azərbaycanda hakimiyyətin gözləmədiyi bir proses baş verdi. Regionlarda müxalifətə heç bir bağlılığı olmayan və siyasi proseslərə qarışmayan bir təbəqə ayağa qalxdı. Daha çox kasıb təbəqənin nümayəndələri yerli icra hakimiyyətlərindən və hüquq-mühafizə orqanlarından tələb edirdilər ki, onların üzləşdiyi maddi çətinliyi hökumət aradan qaldırsın. 
Bu, iqtidar üçün gözlənilməz situasiya idi.  Xatırladaq ki, 2012-ci ilin elə bu günlərində Qubada, 2013-cü ilin isə yanvar ayında İsmayıllıda əhalinin etiraz aksiyaları olmuşdu. Lakin həmin aksiyalar sırf mental məsələlərlə bağlı baş vermişdi. Qubada icra başçısı iclasda yerli əhali haqda həqarət söyləmişdi. Onun bu çıxışı sosial şəbəkələrdə və saytlarda yayıldıqdan sonra Quba əhalisi başçının villasına od vurmuş, rayonda ara qarışmış, polislə, Daxili Qoşun əsgərləri ilə toqquşmalar baş vermişdi. 
 
 
 
İsmayıllı hadisələri də söyüşdən və həqarətdən alovlanmışdı. Onun da ortaya çıxmasında mental amillər ciddi rol oynamışdı. Rayonun icra başçısının qardaşı oğlu - o vaxtkı əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu bir qrup yerli sakinlə mübahisə zəminində İsmayıllı camaatı haqda nalayiq sözlər işlətmişdi. Bu, Ələkbərovlara da,  hökumətə də, hətta İsmayıllı sakinlərinə də baha başa gəldi. Ələkbərovlar hakimiyyətdəki mövqelərini birdəfəlik itirdilər, bu olaylarda iştirakı olan və olmayan xeyli rayon sakini isə həbs edildi. 
İsmayıllı hadisələrinə siyasi müxalifəti də qatdılar - Müsavat başqanının müavini Tofiq Yaqublu ilə REAL Hərəkatının həmsədri İlqar Məmmədov İsmayıllıdakı iğtişaşlarda iştirakda günahlandırılaraq həbs edildilər. Hər iki siyasətçi hələ də məhbəsdədirlər. Əslində nə T.Yaqublunun, nə də İ.Məmmədovun bu olaylarda zərrə qədər rolu olmayıb. Sadəcə, o vaxt hakimiyyət yanlış olaraq İsmayıllıda baş verənləri siyasi müxalifətin ayağına yazmağa, hadisəyə siyasi don geydirməyə çalışdı. 3 ildir iqtidar həmin libası əynindən heç cür çıxarıb ata bilmir... 
***
Bu ilin yanvarında rayonlarda keçirilən aksiyalar isə sosial-iqtisadi problemlərdən doğmuşdu. Əhali ucuz un, çörək və iş tələb edirdi. Xalq devalvasiyadan sonra üzləşdiyi ağır şəraitə etiraz edərək küçələrə çıxmışdı. 
Mərkəzi hakimiyyət bu etirazlardan ciddi şəkildə təşviş keçirdi. Bu təşviş hakimiyyətin situasiyaya çox radikal və çevik müdaxilə etməsinə səbəb oldu. Nəticədə həmin etirazlar yatırıldı. Spontan xarakterli o aksiyaların yatırılmasında gücdən istifadə etməklə paralel, həm də narazı əhalinin etirazlarını aradan qaldıran bəzi addımlar da atıldı: unun, çörəyin qiyməti ucuzlaşdırıldı. Bəzi rayonlarda imkansız ailələrə un, ərzaq paylanıldı, prezident tərəfindən pensiya və əməkhaqlarının artırılması ilə bağlı sərəncamlar imzalandı, azad sahibkarlıq və kənd təsərrüfatının inkişafı üçün fərmanlar verildi. Bu və digər addımlar cəmiyyətdə artmaqda olan emosional əhvalı xeyli yumşaltdı. 
Heç şübhəsiz ki, bəzi iqtidar deputatlarının həmin dövrdə müxalif libasına bürünüb hakimiyyətin bəzi qollarını, nümayəndələrini sərt şəkildə tənqid eləməyi, müxalifət liderlərinə fürsət və meydan tanımamağı  da bu prosesdən hakimiyyətin itkisiz çıxmasına kömək oldu. 
Müxalifətin yanvarın ortalarında cərəyan edən sözügedən prosesə qoşulmaması da hakimiyyətə nəfəs almağa, vəziyyəti nəzarəti altına keçirməyə imkan yaratdı. Əslində demokratik düşərgənin ay yarım öncəki davranışı təqdir olunmalıdır. Müxalifət sanki nəsə bilirmiş kimi davranaraq bu etirazlara yön vermədi, yerli təşkilatlarını proseslərdən kənar tutdu, gözləmə mövqeyinə keçdi. Müxalifət həmin vaxt hadisələri qızışdırmaq xəttindən çox, hökumətə antiböhran təklifləri verdi. Bu, həm də dəstək idi. Təkcə hökumətə yox, həm də dövlətə və xalqa. Çünki müxalifət liderləri də yaxşı anlayırlar ki, Azərbaycan qarışsa, ölkədə sabitlik pozulsa, onların da perspektivi sual altına düşə, proseslərə müdaxilə imkanları məhdudlaşa bilər. 
Düzdür, 1-2 gün iqtidar düşərgəsi aksiyaların müxalifət tərəfindən təşkil edildiyi tezisini ortaya atıb ictimai rəyi buna inandırmağa həvəsləndi. Lakin tez də bu təbliğat dayandırıldı. İllərdir iqtidar mediası, ideoloqları müxalifətin zəiflədiyini, siyasi proseslərə təsir imkanlarının qalmadığını, sosial bazasının tükəndiyini iddia edir. Bəs olmayan müxalifət ölkənin az qala yarısını bir neçə gündə necə ayağa qaldıra bilərdi? Ona görə hakimiyyət bu dəfə müxalifətə ağır ittihamlarla yüklənmədi. Səbəb aydındır: bu addımı atsaydı, avtomatik müxalifətin güc mərkəzi olduğunu etiraf etmiş olacaqdı. Həm də yuxarıda yazdığımız kimi – müxalifət faktiki olaraq bu etirazlarda yoxuydu. Bunu hətta bəzi partiya sədrləri bəyanat verərək bildirdilər.  
*****
“Yeni Müsavat”a verilən informasiyaya görə, lokal aksiyalar davamlı olsaydı, qığılcım digər rayonlara da sıçrayacaqdı. İqtidara etiraz edən bölgələrin sayı çoxalsaydı, prosesə müdaxilə və nəzarət eləmək imkanı xeyli dərəcədə hakimiyyətin əlindən çıxa bilərdi. Aksiyaların Bakıya və digər iri şəhərlərə də sıçrayacağı da istisna deyildi. 
Redaksiyamıza daxil olan məlumata görə, xalqın sosial problemlərə görə etiraz aksiyalarının böyüdülməsi, bütün ölkəni ağuşuna alması planı olub. Yerli camaatın un, çörək, iş tələbi sonradan Azərbaycanı qarışdırmaq üçün bir mexanizm halına gətiriləcəkmiş. Əlbəttə ki, kənar güclərin müdaxiləsi ilə! (Əslində bunun belə olduğunu ilk gündən AZDP-nin sədri Sülhəddin Əkbər açıq şəkildə mediaya söyləmişdi- Red.) Təsadüfi deyil ki, bu lokal etiraz aksiyaları tez bir zamanda Qərb mətbuatında “şişdi”, hətta prezident İlham Əliyevə Davos Forumunda sual şəkilində verildi də...   
Dünya praktikasında bu cür lokal aksiyaların sonradan hətta inqilabı proseslərlə nəticələndiyini sübuta yetirən çoxsaylı faktlar mövcuddur (Tunis inqilabının göyərti satanın piştaxtasının dağıdılması ilə başladığını yada salmaq kifayətdir- Red.). Azərbaycanda da bu praktikanın təkrarlanacağı təhlükəsi kifayət qədər real olub. Azərbaycanı istəməyən ayrı-ayrı kənar güclər bu cür situasiyadan yararlanıb vəziyyətə nəzarəti ələ keçirib Azərbaycanda xaos yaratmağı planlaşdırıblarmış. 
Məlumatlı mənbəmiz həmçinin bildirir ki, bu proses yanvar-fevral ayı boyunca kiçik fasilələrlə davam edib, martda daha təhlükəli mərhələyə qədəm qoyacaqmış. Ssenariyə görə, xalqın hökumətdən sosial məsələlərə görə narazılığı kənar güclərin müdaxiləsi ilə Azərbaycanı qarışdırmaq planının işə salınmasına gətirib çıxaracaqmış. Bununla da hakimiyyət-vətəndaş qarşıdurması başladıb sonradan ona yön vermək, nəzarətdə saxlamaq, üsyan həddinə çatdırmaq  planları olub. 
Hökumətin maliyyə boslarının 21 dekabr yanlışı sonda Azərbaycanı az qala böyük bir fəlakətlə üz-üzə qoyacaqdı. Bu vəziyyətdən istifadə edən güclər isə xalqla hakimiyyəti toqquşdurub ölkəmizi geriyədönməz xaosa soxacaqmış. 
Siyasi hakimiyyət zamanında müdaxilə etməsəydi, xalqla dil tapmasaydı kim bilir nələr olacaqdı. Xatırladaq ki, Azərbaycanda siyasi proseslər küçə və meydanlara keçəndə Qarabağ cəbhəsində də gərginlik artır. 1990-cı illərin əvvəllərində ölkədə siyasi gərginlik, tez-tez hakimiyyət dəyişikliyi paralel olaraq Azərbaycanın torpaq itkiləri ilə müşayiət olunub. Siyasi xaos heç bir ölkəyə uğur gətirmədiyi kimi Azərbaycana da yaxşı nəsə verməyib. Bu dəfə də verməyəcəkdi. 
Bir məqam da var ki, onu vurğulamaq yerinə düşərdi. Azərbaycan prezidenti İlham Əliyevin 21 dekabrdan sonrakı davranışları da ölkəmizi ciddi xaosdan xeyli sığortaladı. Prezidentin bəzi davranışları, fərman və sərəncamları, həmçinin ictimaiyyətə açıqlanmayan bir sıra addımları Azərbaycanı çox böyük fəlakətlərdən xilas etdi. Martın 1-də prezident İ.Əliyevin imzaladığı bir sıra fərmanlar bu mövqeyimizi təsdiqləyir. Amma təhlükə tam aradan qalxmayıb. Hökumət xalqın haqlı tələb və narazılığını azaltmaq üçün hələ çox çalışmalıdır. 
*****
ADP sədri Sərdar Cəlaloğlu da hesab edir ki, sosial etirazların bütün ölkəni bürüməsi halında bu vəziyyət xaosa və çox təhlükəli proseslərə yol aça bilərdi. Ola bilsin ki, belə bir planı olan xarici və daxili qüvvələr də olub: “Xalq xaotik şəkildə ayağa qalxanda onun qarşısını heç kəs ala bilməz və ölkə çox böyük sarsıntılarla üz-üzə qalar. Azərbaycanda minimum əməkhaqqı bu gün 80 dollardır. Minimum əməkhaqqının səviyyəsi ilə ölkələrdə sabitliyin arasında bir bərabərlik işarəsi qoymaq olar. O ölkələrdəki minimum əməkhaqqı yüksəkdir, orada sabitlik var. O ölkələrdəki minimum əməkhaqqı çox aşağıdır o ölkələrdə qeyri-stabillik, sosial-siyasi kataklizmlər riski ilə üz-üzədirlər. Azərbaycan artıq risklə üz-üzə ölkələr sırasına aid edilə bilər. Belə vəziyyətdə olan ölkələrdə xarici qüvvələrin də öz maraqlarını həyata keçirməsi üçün hər an əlverişli şərait yarana bilər.
Azərbaycan artıq risk zonasındadır. Ölkədə yaranmış durumdan xarici güclər qarışıqlıq yaratmaq və təşəbbüsü ələ almaq istəyinə düşə bilərlər. Bir çox qüvvələr iqtisadi, sosial böhranın ağır mərhələyə keçəcəyini gözləyirlər. Eyni zamanda öz maraqlarını həyata keçirmək üçün ölkədə qarışıqlıqda maraqlı olan, qarışıqlıq yaratmaq, gərginliyi bütün ölkəyə yaymaq, yaranmış gərginlikdən yararlanmaq istəyən hakimiyyətdaxili və hakimiyyətxarici qüvvələr də ola bilər. Bütün bunların baş verməməsi, təhlükədən yan keçmək üçün ölkədə təcili iqtisadi, sosial, siyasi islahatlara ciddi şəkildə başlanmalıdır. Görüntü xarakterli addımları yığışdırmaq lazımdır”.  (musavat.com)
 
 






Fikirlər