Lukaşenko: "Azərbaycan üçün edə biləcəyimiz bir şey varsa, BUNU ETMƏYƏ HAZIRIQ"
“Belarus Azərbaycanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir və bu sahədə əməkdaşlıq beynəlxalq öhdəliklərə zidd deyil”. APA-nın "Belta" agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşdə deyib. O bildirib ki, əlaqələr heç bir beynəlxalq razılaşmanı, BMT TŞ-nin heç bir qətnaməsini pozmur: “Biz suveren, müstəqil ölkələrik və zamanın ruhuna, ənənəvi qardaşlıq əlaqələrinə malik ölkələrimizin tələbinə uyğun əməkdaşlıq istiqamətlərini müəyyən etmək hüququna malikik. Minskdə ümumiyyətlə, Azərbaycanla bağlı heç bir narazılıq yoxdur. Biz Azərbaycan xalqına çox böyük hörmətlə yanaşırıq. Mən çox yaxşı xatırlayıram, Belarus xalqının çətin günlərində Azərbaycan prezidenti öz çiynini irəli verib. Biz bunları yaxşı xatırlayırıq və əgər Azərbaycan üçün edə biləcəyimiz bir şey varsa, bunu etməyə hazırıq. Biz istəyirik ki, sizin xalqının təhlükəsiz şəraitdə yaşasın və ölkəniz inkişaf etsin”.
A. Lukaşenkonun sözlərinə görə, Azərbaycan xalqının özünü sakit, təhlükəsiz və etibarlı hiss etməsi üçün müdafiə tədbirləri gücləndirilməlidir: “Biz bu baxımdan sizinlə işləyirik və bu işləri gələcəkdə də davam etdirəcəyik”.
Belarus prezidenti Azərbaycan prezidenti ilə tez bir zamanda görüşə ümid etdiyini də söyləyib.