Qiyam, çevriliş cəhdləri dalğası və Qarabağ – YENİ TƏHLÜKƏ

Qiyam, çevriliş cəhdləri dalğası və Qarabağ – yeni təhlükə

Status-kvo əvvəlki qorxulu fazaya qayıdır; Türkiyə və işğalçı Ermənistandakı son dramatik hadisələr konfliktin həllinə yönəlik səyləri sıfırlaya, müharibə riskini artıra bilər; Putinin adamından Ermənistanda siyasi terror xəbərdarlığı gəldi... 

 

Türkiyədəki məşum çevriliş olayı bölgədə Azərbaycana da təsirsiz ötüşməyəcək yeni bir situasiya yaradıb. Qardaş ölkənin güc və potensialına zərbə olan bu hadisə və onun nəticələri sözsüz ki, hələ bir müddət Ankaranın başını özünə qatacaq. Türkiyə siyasi isteblişmentini daha çox daxili problemlərin həllinə, bir az da xarici aləmlə zədələnmiş əlaqələrin bərpasına cəlb edəcək.
 
Demək, Azərbaycan, Qarabağ məsələsi qardaş ölkə üçün əvvəlki aktuallıqda olmayacaq. Hər halda, müəyyən müddət belə olacaq. Doğru, rəsmi Ankaranın Qarabağ məsələsində mövqeyi yerində qalır. Ancaq o da var ki, apreldəki 4 günlük müharibədən sonra münaqişənin həlli ilə bağlı yeni və ümidverici bir ab-hava, diplomatik fəallıq özünü göstərməyə başlamışdı və prosesə Türkiyənin də fəal şəkildə, hətta faktiki, Minsk Qrupunun 4-cü həmsədri qismində cəlb olunması gözlənilirdi. 
Ələlxüsus, Ankara-Moskva əlaqələri normallaşandan sonra belə gözləntilər xeyli artmışdı və bunu rusiyalı rəsmilər və ekspert dairələri də açıq etiraf eləməkdə, paralel surətdə Ermənistanda bu perspektivdən dolayı təlaş yaşanmaqda idi. Rusiya XİN başçısı Sergey Lavrovun İrəvana son səfəri zamanı isə qapalı danışıqlarda Türkiyə amilinin də diqqətdə olması haqda Rusiya KİV-i sensasion informasiyalar yaymışdı. 
Ardınca Kremlin danışan dili sayılan və həmişə anti-Türkiyə bəyanatları ilə tanınan Vladimir Jirinovski Azərbaycan telekanallarından birinə müsahibəsində “Türkiyə və Rusiya səylərini birləşdirsə, kürd və erməni məsələləri öz-özünə həll olunacaq, Qarabağ problemi də həll ediləcək, Azərbaycan bundan razı qalacaq” demişdi.
Öz növbəsində Rusiya XİN rəsmisi Mariya Zaxarova Türkiyəni nəzərdə tutaraq, Qarabağ məsələsində başqa - ikitərəfli formatların da mümkünlüyünü dilə gətirməklə ermənilərin təlaşını gücləndirmişdi. 
****    
 
Dünən - iyulun 18-də isə Minsk Qrupu həmsədrlərinin fəaliyyətdə olduqları müddətdə ilk dəfə Türkiyəyə səfəri gözlənilirdi. Belə ki, XİN başçısı Mövlud Çavuşoğlu ötən həftə Bakıda olarkən demişdi ki, vasitəçilərin 18 iyula nəzərdə tutulan Ankara səfərində Türkiyə rəhbərliyi Qarabağ danışıqları ilə bağlı məlumatlandırılacaq. Çavuşoğlunun son Bakı səfəri də elə Qarabağla bağlı məlumatlar toplamaq idi. Fəqət hərbi çevriliş cəhdi planları dəyişdi.    
İş də ondadır ki, həmsədrlərin Türkiyəyə planlaşdırılan səfəri nizamlama prosesinin daha məsuliyyətli bir fazaya girməsi ilə birbaşa bağlı idi. İstisna edilmirdi ki, Türkiyə ilə Qarabağ məsələsi ətrafında həm də elə bir kritik detalın müzakirəsi gözlənilir ki, bundan Azərbaycan məmnun qalmaya bilər. Söhbət böyük ehtimalla, Ermənistanla sərhədlərin açılması kimi rəsmi Bakının sərt yanaşdığı bir mövzudan və indiki həssas dönəmdə artan müharibə riskini minimuma endirmək üçün qardaş ölkənin Azərbaycana təsir potensialını hərəkətə gətirməkdən gedir.  
***
Şübhəsiz ki, Minsk Qrupu həmsədrlərinin Ankaraya planlaşdırılan səfəri Qarabağ məsələsində Türkiyənin roluna və təsirinə verilən önəmin təzahürü, onun vazkeçilməz oyunçu kimi konfliktin nizamlanmasında mühüm rol oynadığının etirafı, məsələdə Türkiyə ilə hesablaşmağın, onun maraqlarını nəzərə almağın zəruriliyini göstərən gerçəklikdir.
Bu yerdə xatırladaq ki, Türkiyə Minsk Qrupu yaradılanadək ABŞ və Rusiya ilə birgə Qarabağ məsələsində vasitəçi üçlüyə daxil olub və həmin vasitəçilik yetərincə uğurlu olub. Əfsus ki, sonradan qardaş ölkəni ermənipərəst Fransa əvəzlədi və bununla da vasitəçilikdə balans pozuldu, Azərbaycan faktiki şəkildə təklənmiş oldu, Bakıya təklif olunan ədalətsiz sülh təkliflərinin önü açıldı. 
Bu xüsusda qardaş ölkənin regionda, dünyada nüfuz və imicinə vurulan istənilən zərbə əlbəttə ki, onun Qarabağ məsələsindəki roluna da zərbə anlamına gəlir, bu rolu və təsiri zəiflədir. Demək, altını çəkən həm də Azərbaycan və onun köklü maraqlarıdır, Qarabağ məsələsidir.
*** 
Qarabağ danışıqlarının yeni raunduna başqa bir zərbə Ermənistandakı daxili durumdan qaynaqlanır. Belə ki, qonşu ölkədə Sərkisyan rejiminə qarşı etirazlar yeni mərhələyə keçib, hətta hakimiyyətə qarşı silahlı qiyam cəhdləri özünü göstərməkdədir. Hələ rəsmi İrəvan Qarabağ məsələsində heç bir güzəştə imza atmayıb, belə gərginlik var... 
“İrəvandakı hadisələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kompromis imkanlarını azaldacaq”. Bu sözləri rusiyalı politoloq, prezident Vladimir Putinin etibarlı şəxslərindən biri sayılan Sergey Markov radikal müxalifət qüvvələrinin İrəvandakı hərbi qiyamını şərh edərkən deyib (report). Onun sözlərinə görə, bu olaylar Serj Sərksiyanın prezident postundan uzaqlaşdırılması ilə bağlı qorxusunu əhəmiyyətli dərəcədə artıracaq. 
“Baş verənlər iki şeydən xəbər verir. 
Birincisi, Ermənistanın hazırkı prezidenti Sərksiyanla bağlı geniş narazılıq, o cümlədən onu prezident postundan salmaq niyyətində olan təşkilatlanmış qruplar var. İkincisi, Ermənistan siyasətində zorakılıq səviyyəsi çox yüksəkdir. Əvvəllər də buna bənzər faktlar olub. Ermənistan maliyyə naziri Levon Barxudaryanın tribunada çıxışı zamanı terrorçuların içəri daxil olub Ermənistan parlamentini, oraya toplaşan deputatları atəşə tutulmasını xatırlamaq kifayətdir (1999-cu ildə parlamentin gülləbaran edilməsi nəzərdə tutulur-red.) Başqa sözlə, Ermənistanda siyasi sferada zorakılıq səviyyəsi çox yüksəkdir”, - deyə politoloq əlavə edib. 
 
Yəni Markov faktiki şəkildə işğalçı ölkədə yeni siyasi terror aktını istisna eləməyib.
    
*** 
Putinin müşavirinin də açıqlamalarından belə qənaət hasil olur ki, Azərbaycana qonşu iki ölkədə siyasi qiyam və hərbi çevriliş cəhdləri yekun etibarilə Qarabağ sülh danışıqlarına da zərbə vurmaqla yanaşı, yeni müharibə ehtimalını artıra bilər. Çünki dəfələrlə vurğuladığımız kimi, istənilən sülhün alternativi müharibədir. Aprel döyüşləri isə göstərdi ki, Qarabağ məsələsi ətrafında status-kvo uzun müddət indiki kimi qala bilməz.






Fikirlər