Rail Rzayevin müəmmalı qətlində ELDAR MAHMUDOVUN “əl izləri

Rail Rzayevin müəmmalı qətlində Eldar Mahmudovun “əl izləri

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunduqdan sonra Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, general-leytenant Rail Rzayevin qətli məsələsi yenidən aktuallaşdı 

Sabiq komandanın qətlinin indiyə qədər bağlı qalması son günlər cəmiyyətdə, eləcə də sosial mediada mənfi rezonans doğurmağa başlayıb. Bu səbəbdən keçmiş komandanın müəmmalı qətlində E. Mahmudovun "barmaq izləri"nin olması məsələsinə dair də iddialar dolaşmaqdır. 
Ona görə ki, R. Rzayev məhz onun nazir olduğu dönəmdə qətlə yetirilib və E. Mahmudovun bundan dəqiq məlumatının olması isə heç kimə sirr deyil. Axı E.Mahmudovun "xeyir-duası" olmasa Azərbaycan səmalarında göyərçin də "səkə" bilmirdi. Amma nədənsə R. Rzayevin qətli hələ də bağlı qalır. "MTN işi" olaylarının ən qızğın çağında mediada fikirlər yer alırdı ki, E.Mahmudov bu qətllə bağlı faktlar açıqlayacaq. Amma bunu etmədi. Görünür, o "bütün müəmmaları açıb-ağardacam" deyərək hökuməti şantaj edib. Görünür, məhz belə faktlara görə, o, hazırda azadlıqdadır. Maraqlıdır, görəsən R. Rzayevin qətli niyə bağlı qalır? Bu qətlin sifarişçiləri kimlər ola bilər? 
Mövzuyla bağlı savash.org-un suallarını cavablandıran kriminalist ekspert İlqar Altay qeyd edib ki, Rail Rzayev sadə bir vətəndaş olmadığı üçün istintaq orqanları onun qatilinin tapılması ilə bağlı araşdırmaları sürətləndirməlidir. Ekspertin fikrincə, generalın qətli təsadüfi deyil: 
"Faktiki olaraq, bu düşünülmüş və planlaşdırılmış böyük bir qətl hadisəsidir. Çox güman ki, həmin cinayət mütəşəkkil qrup tərəfindən həyata keçirilib. Rail Rzayevin qətlini əsasən 2 yerə ayırmaq olar. Birincidə versiyalarda bu qətl daxili, ikincidə isə xarici amillərlə izah edilə bilər. Mümkündür ki, generalın qətlini daxili düşmənləri qisas məqsədi ilə həyata keçirmiş olsun. İstintaqla bağlı ictimaiyyətə səbəblər bəlli olmadığı üçün konkret faktlara söykənmək qeyri mümkündür. Dediyim kimi bu qətli Rail Rzayevin ədavətdə olduğu biri də törədə bilər. Odur ki, Rail Rzayevin qətli araşdırılarkən ilk növbədə ölkədə onunla münaqişədə olan şəxslərin üzərində dayanmaq lazımdır. Digər variantda isə cinayəti Azərbaycana təsir etmək istəyən qüvvələr də planlaşdıra bilər. Çünki Rail Rzayev Azərbaycan üçün kifayət qədər böyük simalardan biri və ölkənin təhlükəsizliyinə cavabdehlik daşıyan bir şəxs olub." 
Ekspert hesab edir ki, Azərbaycanın xüsusi xidmət orqanları bu cinayəti araşdırıb ciddi bir nəticəyə gələ bilərlər: "Amma generalın qətlinin üstündən 7 il vaxt keçməsinə baxmayaraq müəmma açılmayıb. Azərbaycanda kriminal rejimmə nəzarət heç də pis deyil. Bu istiqamətdə dövlət kifayət qədər ciddi işləyir və bir sıra mühüm qətl hadisələrinin üstünü də açmaq çətin olmur. Amma generalın qətli ilə bağlı aparılan istintaqın bir nəticə verməməsi aidiyyatı orqanların işinə bir nöqsan kimi dəyərləndirmək olar. Hesab edirəm ki, generalın qatilinin tapılması istiqamətində iş gücləndirilməlidir. Azərbaycan generalının kim tərəfindən öldürülməsi bütün ictimaiyyət üçün maraqlıdır. Xüsusən də, hadisə günün günorta çağı, şəhərin mərkəzində baş verdiyi üçün xeyli sayda cavabsız suallar yaranır. Bütün bu narahatlıqlara son qoymaq üçün də Rail Rzayevin qətli ilə bağlı açılan cinayət işinin üzərində ciddi işləmək lazımdır."

Politika.Az






Fikirlər