Əhalinin 75 faizini hökumətdən narazı salan nazir - VİDEOSORĞU

Azərbaycanda sürətli internet problem olaraq qalır və bu, əhalinin ciddi narazılığına çevrilməyə başlayıb.

 BakiPost.az xəbər verir ki, istər genişzolaqlı xətt, istərsə də mobil telefonla internetə qoşulanlar sürətin azlığından, tez-tez qırılmaların olduğundan şikayətçidirlər. İnternet qiymətləri qonşu ölkələrə nisbətən xeyli baha olsa da, xidmət sıfır səviyyəsindədir. Gün ərzində istənilən provayderin texniki xidmətinə zəng etdikdə ya məşğul olur, ya da telefona cavab verən olmur. Əgər, dəstəyi qaldıran olsa da, problemi həll etmək əvəzinə müxtəlif bəhanələrlə istifadəçini aldatmağa çalışırlar.
 Məsələnin kökünü araşdırdıqda istər rəsmi, istərsə də, özəl provayderlərin təmsilçiləri problemin "yuxarıda” olduğunu deyirlər. Məsələn, özəl provayderlərə yerin altıyla fiberoptik xətlər çəkməyə imkan vermirlər ki, müştərilərə interneti müqavilədə göstərilən sürətdə təqdim edə bilsinlər. Bir neçə provayderin təmsilçilərinin qeyri-rəsmi verdiyi cavablar təxmini eynidir:"Özümüz də bezmişik. Müştərilərin narazılığından, hətta söyüşlərindən boğaza yığılmışıq. Cavab da verə bilmirik, çünki haqlıdırlar, verdiyi pulun müqabilində internet tələb edirlər. Amma deyə bilmirik ki, bizlik heç nə yoxdur. Gərək, nazirlik istəsin...”
 Problemin qısa məzmunu bundan ibarətdir ki, internet istifadəçilərindən yığılan pullar yalnız qazanc olaraq mənimsənilir. Həmin pullar lazım olan məsələlərə - xətlərin yenilənməsi, yeni avadanlıqların alınması və.s yerlərə demək olar ki, xərclənmir. Üstəlik, sistem elə qurulub ki, müştəriylə müqavilədə göstərilən sürətin ən azı yarısı kəsilir ki, bu da aidiyyəti qurumların necə deyərlər, "təmiz” qazancıdır.
Bu "təmiz qazanc” isə əhalinin əsəbi bahasına başa gəlir, kütləvi narazılıq yaradır. Nəzərə alaq ki, ölkənin 75 faizindən çoxu internet istifadəçisidir və bunların böyük bir qismi xidmətdən narazıdır. Azərbaycanda xidmət sahələrinin inkişafı, vətəndaşları narazı salan halların aradan qaldırılması üçün böyük layihələrin həyata keçirildiyi, prezident İlham Əliyevin bu məsələlərə xüsusi həssaslıq göstərdiyi bir vaxtda insanlara qarşı bu cür kütləvi dələduzluq, ölkə əhalisinin böyük bir qisminin haqqına girmək cəsarəti görəsən, hardandır?
Bu işlərə məsul Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin gənc rəhbəri Ramin Quluzadə görəsən, təcrübəsizliyindən bu boyda narazı kütlənin olmasının fərqində deyil, yoxsa, o, qurumun Əli Abbasovun vaxtından formalaşan "oğru”, "camaatın cibinə girən”, "MTN-ə xidmət göstərən” imicini dəyişmək istəmir?    
 Suallara növbəti yazılarda cavab almağa çalışacağıq. 
 İndiliksə BakiPost.az-ın əməkdaşlarının Bakıda internet istifadəçiləri arasında apardığı kiçik videosorğunu təqdim edirik: 

Qeyd edək ki, 2015-ci ilin 9 ayının göstəricilərinə görə, Azərbaycanda ölkə üzrə əhalinin 75 faizi internet, 65 faizi isə genişzolaqlı internet istifadəçisidir. Həmçinin ev təsərrüfatlarının 75,2 faizinin internetə çıxışı var. Evdə əhali internetə 70,6 faiz genişzolaqlı xətlə, 25,4 faiz mobil telefonla, yalnız 3,7 faiz modem (dial-up) vasitəsi ilə qoşulur.
Ümumilikdə ölkədə hazırda 31-dən çox internet provayder fəaliyyət göstərir.
Ən çox narazılıqsa reytinqdə ilk beşliyə daxil olan "Bakinternet”, "Uninet”, "Aztelekom”, "Azeronline”, "DataPlus”dandır. 

 






Fikirlər