“Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər”. “Quran”, “Yasin” surəsi, 65
Ayədə xəbər verildiyi kimi, məhşər günü insanların dilləri susacaq, etdikləri günahlar barədə əlləri danışacaq. Sual yaranır: bu necə baş verəcək? Əllər necə danışacaq? Axı onlarda danışıq qabiliyyəti yoxdur? Niyə ayaqlar və yaxud başqa orqanlar deyil, məhz əllər danışacaq?
Bu məntiqli suallara cavab tapmaq üçün elmi-lədun araşdırmalar apardıq. Əldə etdiyimiz maraqlı nəticələri moderator.az saytının oxucularına təqdim edirik:
Bu istiqamətdə araşdırmalarımız bizi “Qiyamət” surəsinin 4-cü ayəsinin üzərinə aparıb çıxardı. Ayədə Rəbbim buyurur:
"Bəli, Biz onun barmaqlarını da (barmaq izlərini) düzəltməyə qadirik!" “Quran”, 75:4.
Hesablamalarımız göstərir ki, həmin barmaq izlərindən bəhs edən yeganə ayə “Quran”ın 5555 - ci ayəsidir. Yəni, müqəddəs kitabın birinci ayəsindən başlayıb 75-ci surənin 4-cü ayəsinə qədər saysaq görərik ki, bu, 5555-ci ayədir.
Beləliklə, “Quran”dakı saysız-hesabsız sirlərdən daha birini kəşf etmiş olduq. Belə ki, insanda iki əl və iki ayaq olmaqla, hər birində 5 barmaq vardır. Bunların dördünü yanaşı qoyduqda 5555 ədədi alınır ki, bu da "Qiyamət" (75) surəsinin 4 - cü ayəsini göstərir:
"Bəli, Biz onun barmaqlarını da (barmaq izlərini) düzəltməyə qadirik!" Quran, 75:4.(5555-ci ayə)
(Xatırladaq ki, insan ilk dəfə saymağı məhz barmaqla öyrənir.)
İndi bildinizmi qiyamət günü əllər necə “danışacaq”? Məhz barmaq izləri ilə! Necə ki, bu dünyada istintaqçılar barmaq izlərini “danışdırırlar”.
Bu və digər hikmətlər onu göstərir ki, “Quran”ın sözləri Allaha məxsus olduğu kimi, onun düzülüşü və nömrələnməsi də Rəbbimə məxsusdur və hər birində sətiraltı, rəqəmlərlə kodlaşdırılmış mesajlar vardır.
Yeri gəlmişkən, “Quran”da əllərdən bəhs edən surələrdən biri də “Əbu-Ləhəb” (111) surəsidir. Surənin birinci ayəsində pis əməlləri (!) müqabilində Əbu Ləhəb haqda HÖKM oxunur:
“Əbu Ləhəbin əlləri qurusun, qurudu da!” 111:1.
Burada diqqət çəkən məqam ondan ibarətdir ki, Əbu Ləhəbin əllərindən bəhs edən 111-ci surədə cəmi 5 (!) ayə vardır. Bu da əldəki 5 barmağa işarədir.
Digər maraqlı məqam surənin hasili ilə bağlıdır. Belə ki, surənin nömrəsini (111) ayələrinin sayına (5-ə) vurduqda 555 ədədi alınır:
111 x 5 = 555
Ötən yazılarımızdakı hesablamalardan məlum olduğu kimi 555 ədədi “Quran”da tövbə və cəza rəmzi sayılır (bütün təbi fəlakətlərin və təyyarə qəzalarının hesablaması bu ədədə bağlanır).
Bu hikmətlərlə tanış olduqdan sonra yaxşı olar ki, əməllərimizə diqqət edək. Çünkü, hansı vəzifədə işləməyimizdən aslı olmayaraq, bir gün həm bu dünyada (istintaqda), həm o dünyada mütləq əllərimiz “danışacaq” və əməllərimiz qarşımıza qoyulacaq! Odur ki, çalışaq barmaq izlərimiz ancaq gözəl əməllərin üzərində qalsın!
“Bu elə bir moizədir ki, onunla həm qorxsunlar, həm Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar”. Quran.
Paşa Yaqub,
Yazıçı-psixoterapevt