Rektora 10 gün vaxt VERİLDİ - Qafqaz Universitetinin rəhbəri NAZİRLİYƏ ÇAĞIRILDI
Ötən gün Təhsil Nazirliyində Qafqaz Universitetinin rektoru və müəllimləri ilə görüş keçirilib. AzerTaym.az xəbər verir ki, bu barədə azvision.az-a fəaliyyəti dayandırılan Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza bildirib. Onun sözlərinə görə, görüşün əsas məqsədi ali təhsil müəssisəsinin müəllimlərinin gələcək fəaliyyəti, akademik təcrübələri ilə bağlı sualları Təhsil Nazirliyinin rəhbər şəxsləri tərəfindən cavablandırmaq olub: "Görüşdə qeyd olunub ki, Qafqaz Universitetinin Ləğvetmə Komissiyası öz fəaliyyətini Təhsil Nazirliyinin işçi qrupu ilə əlaqələndirmiş şəkildə qurur və aidiyyəti suallar proses başa çatana qədər cavablandırılacaq. On gün ərzində komissiya universitetin tələbə və müəllim heyəti ilə bağlı qərar verəcək". R.Rza qeyd edib ki, ilk növbədə tələbələrinin təhsillərini optimal şəkildə davam etdirmələri üçün bütün şərait təmin ediləcək. Qeyd edək ki, Qafqaz Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlayıb və ləğvetmə komissiyası yaradılıb. Eyni zamanda universitetin ləğvi ilə bağlı Təhsil Nazirliyində İşçi qrupu yaradılıb və qış imtahan sessiyasından sonra tələbələrin digər universitetlərə köçürülməsi həyata keçiriləcək.