"Külqabı Pənahın başına dəyəcəkdi, göydə tutdum" - MÜSAHİBƏ

"Külqabı Pənahın başına dəyəcəkdi, göydə tutdum" - MÜSAHİBƏBir nazirin, bir müavinin ixtiyarı yox idi ki, mənsiz bir iş görsün”.

“Amerika prezidenti mənim tərcüməçim olub...“


“Erməni nazir salam vermək üçün stolun üstünə səriləsi oldu.”


AzVision.az- ın müsahibi Azərbaycanın keçmiş baş naziri, 1992-ci ilin mayından 1993-cü ilin yanvarına kimi hökumətə başçılıq etmiş Rəhim Hüseynovdur. Beynəlxalq Xəzər Fondunun prezidenti kimi fəaliyyət göstərir, həmçinin, Dünya Sülh Federasiyasının Ali Şurasının üzvüdür.
Rəhim Hüseynov 1953-cü ildə Bakıda 6 nömrəli məktəbi bitirib. Hamı düşünürdü ki, o da səhiyyə naziri olan atası kimi tibb sahəsini seçəcək. Amma o, kimyaya maraq göstərir, 1959-cu ildə Moskva Polad İnstitutunu metallurq-mühəndis kimi bitirib, Azərbaycanda Boru-Prokat zavodunda işləməyə başlayır. Usta köməkçisi, boru-prokat sexində usta, sexin baş texnoloqu, rəisi kimi çalışır.

Daha sonra Azərbaycan SSR Dövlət Plan Komitəsində işləməyə dəvət olunur. Orada baş mütəxəssis, şöbə rəisi vəzifələrində çalışır. 9 il Baş Maddi-Texniki Təchizat İdarəsi rəisinin müavini, 15 il sədr işləyir. Sədrlik dövründə həm də Ali Sovetin deputatı idi.

1989-1992-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsinin sədri (baş nazirin statusunu daşıyır) və Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini olur. 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın baş naziri vəzifəsində çalışıb. Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra istefa verir.

`Mütəllibov başladı hədələməyə...`

- Baş nazir vəzifəsinə gətirilməyiniz necə oldu?

- Mən iqtisadçıyam, Nazirlər Kabineti də iqtisadiyyat məsələlərilə məşğul olur. Ona görə də bu vəzifəyə o vaxt seçilməyim təbii idi. Xocalı faciəsindən sonra Ayaz Mütəllibov vəzifəsindən azad olunmuşdu. Ancaq Ali Sovetin iclasında qərar verildi ki, onun günahı yoxdur və vəzifəsinə geri qaytarılsın. Həmin gün iclasda Mütəllibova söz verildi. O, çıxdı tribunaya, təşəkkürünü bildirdi və yavaş -yavaş səsinin tempini qaldırdı: “Bundan sonra belə olmayacaq, belə deyəcəyəm, elə edəcəyəm...” Bir sözlə, başladı deputatları, zalda oturanları hədələməyə.

Bunlar da hamısı fikirləşdilər ki, onsuz da sabahdan Mütəllibov bizimlə haqq-hesab çəkməyə başlayacaq. Yəni, daha itirməyə bir şey qalmır. Odur ki, elə sessiyadaca başladılar hay-küy salmağa. Elə həmin gecədən AXC üzvüləri iş başında olan bəzi vəzifə sahiblərilə birləşib camaatı qızışdırdılar ki, Mütəllibovun vəzifəyə bərpası düzgün addım olmayıb.

Mütəllibovun çıxışından sonra iclasda yerdən təklif olundu ki, elə baş naziri də bu iclasda seçmək lazımdır. Çünki baş nazir Həsən Həsənov da yox idi, artıq getmişdi. Firuz Mustafayev baş nazirin səlahiyyətlərini müvəqqəti icra edirdi.

Mütəllibov bildirdi ki, mən 3 aydan çox işdə olmamışam, bir mənə imkan verin, baxım görüm, nə var, nə yox... Dedilər, yox, elə bu gün seçilməlidir. Onda Mütəllibov qayıtdı ki, madam, təklif edirsiniz, elə Rəhim Hüseynov olsun, respublikanın tanınmış iqtisadçısıdır, burada olmadığım müddətdə bircə o, məni axtarıb. Beləliklə, əl çaldılar, məni seçdilər baş nazir.

- Heç bir gün keçməmiş həmin vəzifədən niyə azad olundunuz?

- Məni Prezident Aparatına Mütəllibov təqdim etdi. Saat 1 üçün Nazirlər Kabinetinə gəldim. Bir az keçdi, Firuz Mustafayev gəldi ki, yoldaşım xəstələnib, icazə verin gedim həkim çağırım. Sonra digər birinci müavinim Artur Rəsizadədən zəng gəldi ki “Rəhim Əliyeviç, mənə nəsə olub, deyəsən, təzyiqim qalxıb. İşləyə bilmirəm, özümü pis hiss edirəm. İcazə versəydiniz, gedərdim”. Birinci müavinlərə icazə verdim. Ancaq o biri müavinlər Rauf Gülməmmədov və Matvey Radayev axıracan mənimlə qaldılar.

Həmin gün axşam saat 7-də xəbər gəldi ki, Milli Məclisdə dünənki qərarı ləğv olunub. Yəni Mütəllibovun seçilməyi də, mənim baş nazir olmağım da...

Mütəllibova da zəng etdim. Telefona cavab vermədi. Komendaturaya zəng vurdum, dedilər, onu bir saat olar ki, gəlib harasa apardılar. Artıq 100% əmin oldum ki, prezident getdi. Xəbəri səhəri gün Moskvadan gəldi.

Elə həmin gecə saat ikidə Yaqub Məmmədov bizim evdəki hökumət telefonuna zəng etdi ki, “səni yenidən baş nazir təsdiq etdilər”. Deməli, iki gündə xəbərim olmaya-olmaya iki dəfə baş nazir seçildim. Vahid Əhmədov birinci müavinim, Sülhəddin Əkbər isə təhlükəsizlik nazirinin birinci müavini olmuşdu.

"Külqabı Pənahın başına dəyəcəkdi, göydə tutdum" - MÜSAHİBƏ

`Rəhim qovluğunu Pənahın başına çırpdı`

- Hazırda Ayaz Mütəllibovla əlaqəniz varmı, görüşürsünüzmü?

- Oğlu rəhmətə gedəndə mən Ayazı qarşılamışdım. Getdik? yasını verdik. Onun mənə olan münasibətini itirmirdim. Ancaq onun özü məndən uzaqlaşdı. Onun Moskvadakı və Bakıdakı evl’rində olmuşam. Amma indi haçan gəlir-gedir, xəbərim olmur...

- AXC ilə necə işlədiniz?

- Mən baş nazir seçiləndə Elçibəy AXC-nin sədri idi, prezident deyildi. Prezidentin səlahiyyətlərini müvəqqəti olaraq Yaqub Məmmədov icra edirdi. Tofiq Qasımov, İsa Qəmbər, Etibar Məmmədov, Pənah Hüseynov və Arif Hacıyev baş nazirin kabinetinə gəldilər. Onlara dedim ki, mən siyasətə qarışmıram, ölkənin iqtisadiyyatı ilə məşğul olacağam. Əgər mənim işimə kənardan müdaxilə olacaqsa, onda ürəyiniz istəyən adamı bu postda əyləşdirin. Elçibəy dedi, siz iqtisadiyyatla, biz siyasətlə məşğul olacağıq.

Beləcə, 9 ay bəylərlə bir yerdə işlədim. Ancaq verdikləri sözləri tutmadılar. Hansısa naziri işdən çıxarırdılar, ancaq mənim xəbərim olmurdu. Dedim yox, mən sizinlə işləyə bilmərəm. Təsəvvür edin ki, bir dəfə Milli Təhlükəsizlik Şurasının iclaslarından birində Rəhim Qazıyevlə Pənah Hüseynov mübahisəyə başladılar. Rəhim böyük qovluğunu Pənahın başına çırpdı. Əl atıb, Pənahın başına külqabını vurmaq istəyəndə göydə tutdum. Sonra o, “Badamlı” butulkasına əl atdı. Bu dəfə də onu tutanda ağzı əlimi kəsdi. Elçibəy də içəridə idi. Əsil şou çıxarırdılar. Deyirdim, Elçibəy, sən axı niyə imkan verirsən ki, onlar səninlə bu cür rəftar edirlər? 1992-ci ilin mayından 1993-cü ilin fevralına qədər onlarla necə işləmişəm, nələr çəkmişəm, Allah bilir...

Mən baş nazirlikdən gedəndən sonra yerimə Əli Məsimli gəldi. Onu özüm bütün şöbələrlə tanış etdim, ayrılanda da bir Quran bağışladım ki, işi yaxşı getsin.

`Jak Şirakla məzələnmişəm`

- Bildiyimə görə, ata Buşla yaxşı əlaqələriniz olub. Onunla tanışlığınız maraqlıdır...

- 1992-ci ilin may ayında Braziliyada Ümumdünya konqresi keçirilirdi, ekologiya məsələlərinə həsr olunmuşdu. Konqresə 84 ölkənin prezidentləri, baş nazirləri yığışmışdılar. Konqresə Nazirlər Kabinetinin xarici əlaqələr şöbəsinin müdiri Xanlar Səlimxanov da mənimlə birgə getmişdi.

Brazilyada mən Corc Buşla iki dəfə görüşmək imkanı əldə etdim. Mən cavan oğlan, Buş Amerikanın prezidenti. Azərbaycanda heç kim ABŞ prezidentinin üzünü də görməmişdi...

Konqreslə bağlı 20 dəqiqəlik çıxış hazırlamışdım. Ancaq orada bildirdilər ki, 7 dəqiqədən artıq heç kimə söz verilməyəcək. Ermənistanın Azərbaycana təcavüzünü bütün çılpaqlığı ilə bu çıxışımda göstərə bilmişdim. Ona görə də, orada bir rus oğlan tapıb çıxışımı ingilis dilinə tərcümə etdirdik, pul verib 300 nüsxə çap etdirdik, verdik mətbuat mərkəzinə. Məqsədimiz o idi ki, iştirak edən 300 nəfər nümayəndə oxusun.

Konqresə Ermənistandan da nümayəndələr gəlmişdilər. Ter –Pterosyan gözünü məndən çəkmirdi, mən də heç o tərəfə baxmırdım.

Konqresin ikinci iş günü Butros Qalli mənə söz verdi. Tribunaya çıxmaq üçün mütləq ermənilərin yanından keçməli idim. Ter-Petrosyan , yanında da xarici işlər naziri Avanesyan oturmuşdular. Mən bunlara çatanda özümü elə apardım ki, guya indi gördüm. Zal da baxır. Əlimi uzatdım. Petrosyanın əli birtəhər çatdı. Amma Avanesyan çox yoğun adam idi, tərpənə bilmirdi, mənə əl vermək üçün stolun üstünə səriləsi oldu. Zaldan qəfil bir gülüş qopdu. Çünki boyu çatmırdı. Zala da xoş gəldi ki, mən erməniyə salam verib, sonra çıxdım tribunaya. Çıxışımı bəyəndilər, Butros Qalli məni təbrik etdi.

Sonra Xanlar Səlimov gəldi ki, Buş sizinlə görüşmək istəyir. Ona da çıxışım təsir etmişdi. Biz böyük bir zalda görüşdük, o, mənə bildirdi ki, onda Azərbaycan haqqında tamamilə fərqli fikir olub. Süleyman Dəmirəl hər şeyi ona danışıb. Ona görə də çalışacaq ki, konfiliktin ədalətli həllində bizə kömək etsin. Amerikada olanda neçə dəfə onun evində qonaq olmuşam. İndi də hərdənbir görüşürük. O, məndən 10 yaş böyükdür. Əsil dövlət xadimi idi.

Oğlu isə atasına heç oxşamayıb. Çox ermənipərəst adamdır. Bir dəfə BMT-nin tədbirlərindən birində biabır etmişəm. Mən ona dedim, təsəvvür edin ki, Amerikanın ştatlarından birində çıxıb deyirlər ki, biz istəyirik ki, Amerikadan ayrılaq. Siz Azərbaycanı və başqa ölkələri köməyə çağıracaqsınız ki, gəlin kömək edin, bunları sakitləşdirək? Siz bizi niyə qoymursunuz işğal olunmuş torpaqlarımızdan düşmənlərimizi çıxaraq? Bizim işimizə qarışırsınız. Bundan sonra mənə əl çaldırlar. Bala Buş mənə cavab vermədi.

- Fransa prezidentini də həmin konqresdə pərt etmişdiniz?

- Bəli, biz Buşla söhbət edərkən Fransa prezidenti Mitteran gəldi. Mənə fransızca nəsə dedi. Bildirdim ki, mən o dili bilmirəm. Corc Buş dedi ki, fransız dilini bilir, bizə tərcüməçilik edə bilər. Zarafatla həmişə deyirəm ki, Amerika prezidenti mənim tərcüməçim olub...

Mən Buşa dedim ki, Mitteran erməni maraqlarına söykənmiş adamdır. Onunla sizin kimi söhbətimiz tutmaz. Buş söhbəti zarafata çevirdi. Mitterana xitabən əlavə etdim: Biz fransızları həmişə mədəni xalq kimi qəbul etmişik. Amma mən keçən il bizim prezidentimizin dəvətnaməsini sizin XİN vasitəsilə sizə çatdırdım. Prezidentimiz sizi Azərbaycana dəvət edir. İndi siz dövlət xadimisiniz, vaxtınız azdır,başa düşürük, amma mədəniyyətiniz olsaydı, yazardınız ki, çox sağ olun, ancaq indi imkanım yoxdur. Amma siz cavab da vermədiniz.

Hətta bir dəfə Jak Şiraka dedim ki, sənin adın Şirakdır. Ermənistanda futbol komandası var , “Şirak leninakan”, yəqin, sənə görə o adı veriblər ona. Belə atmacalı zarafatlarım olurdu.

Səfərlərim çox olub. Kubada Fidel Kastro ilə də görüşmüşəm. Hətta onun həyat yoldaşı rəhmətə gedəndə yasına da getmişdim. 7 dəfə Çində, Koreyada, 6 dəfə Yaponiyada, 4 dəfə Kubada, 3 dəfə Brazilyada, Norveçdə, Portuqaliyada olmuşam.

`Məni Heydər Əliyev öyrətmişdi`

- Heydər Əliyevlə münasibətləriniz necə idi?

- Mən Heydər Əliyevlə 16 il - Nazirlər Kabinetinin sədri olana kimi işləmişəm. O, məni işə təyin edəndə demişdi ki, mən bilirəm, sən necə işləyirsən, gərək heç kimə qulaq asmayasan, çünki sən işinə görə ancaq mənə cavab verəcəksən. Bir nazirin, bir müavinin ixtiyarı yox idi ki, mənsiz bir iş görsün. Bizim işimiz belə idi. Əgər mən bir tapşırıq verdimsə, kimsə onu eləmədisə, sabah orada işləməyəcəkdi. Heydər Əliyev məni belə işləməyə öyrətmişdi. Ona görə, qayıdandan sonra məni yanına çağırdı, dedi, Rəhim, neçə dəfə mən sənə demişəm, qayıt gəl işə, sən nə üçün gəlməmisən? Dedim, Heydər Əliyeviç, mən sizinlə işləmişəm, siz mənə iş üsullarını öyrətmisiniz, indi mən necə işləyim onlarla? Heydər Əliyev dedi ki, Rəhim, get otur, Xəzər fondunda, işlə, mən tapşıraram, sənə kömək etsinlər. Ayağa durdu, əlilə ehmalca çiynimə toxunub yola saldı. Elə o vaxtdan da mənə kimsə toxunmadı, öz işimlə məşğul oldum.

- Hazırda necə dolanırsınız?
- Prezident təqaüdü alıram.

- Keçmiş müavininiz Vahid Əhmədovla görüşürsünüz?
- Dünən zəng etmişdi, gələn həftə görüşəcəyik.


Şahanə RƏHİMLİ
Fotolar: Nuron Məmmədov






Fikirlər