“Türkiyə lirəsi ilə Rusiya rublunun ucuzlaşmasının arxasında ABŞ DAYANIR” – Türkiyəli analitik
“Türkiyə və Rusiya iqtisadiyyatı hazırda Amerika Birləşmiş Ştatlarının hədəfindədir”.
Bu fikirləri Yenicag.ru-ya müsahibəsində lirə ilə rublun ucuzlaşmasını, o cümlədən dünyanın fond və xammal birjalarında cərəyan edən prosesləri dəyərləndirən Türkiyə Strategiya və Enerji Siyasəti Araşdırma Mərkəzinin (TESPAM) direktoru Oğuzhan Akyener deyib. – Türkiyə lirəsi və Rusiya rublunun dollara nisbətdə ucuzlaşması arasında hansı paralellər var? – Ondan başlayaq ki, ABŞ-ın maliyyə siyasətinin dəyişdirilməsi tək Rusiya, Türkiyə və İran deyil, dünyanın bütün ölkələrinin valyuta bazarlarına təsir göstərib. Bu siyasətdən həmçinin Hindistan, Braziliya, Argentina, İndoneziya, Misir, Tayland və digər ölkələr də zərər çəkməkdədirlər. Bu ölkələrin milli valyutalarının məzənnələri dəyişdi və onlar dollarla müqayisədə dəyər itirdilər. Bu proses liderliyi Böyük Britaniya və Çin kimi zəngin ölkələrə güzəştə getmək istəməyən ABŞ prezidenti Donald Trampın siyasəti ilə bağlıdır. Hər şey ondan başladı ki, ABŞ əvvəlcə bütün dünyaya dollar axıtdı, bütün ölkələrin bankları dollar ehtiyatlarını artırdılar. İndi isə Tramp həmin dollarları geri qaytarmağa çalışır və bu da dediyimiz vəziyyətin yaranmasına səbəb olub. Bu siyasət ABŞ-ın daxili müstəqilliyini qorumaq və dünya üzərində nəzarəti təmin etmək niyyəti kimi qiymətləndirilə bilər. Bu fonda Türkiyə lirəsi ilə Rusiya rublunun dəyər itirməsinin səbəbi aydın şəkildə görünür. Bu valyutaların dəyər itirmələrinin başqa bir səbəbi olaraq, xarici kapitalın milli iqtisadiyyatlara təsiri və ABŞ-ın dünyanın bu coğrafiyasında düzəninin dəyişdirilməsinə hədəflənmiş siyasətidir. – Türkiyə və Rusiyanın maliyyə bazarlarının çökməsini Qərbin planlaşdırılmış aksiyası hesab etmək olar? Yaxın müddətdə iqtisadi kataklizmlərə gətirə biləcək sarsıntılar gözlənilir? – Hər şeydən əvvəl bu plan Pentaqonda Ağ Evin siyasi baxımdan ciddi surətdə asılı olduğu bu qurumun analitikləri tərəfindən hazırlanıb. Lakin bu qlobal qarşıdurmada Çin, Böyük Britaniya və Avropa İttifaqı öz çəkilərini, o cümlədən təsir imkanlarını qoruyub saxlayaraq, Pentaqonun məlum strategiyasına qarşı öz strategiyalarını həyata keçirməyə çalışacaqlar. Təbii ki, dediyim səbəblərə görə yaxın və uzaq perspektivdə dünya bazarlarında sarsıntıların davam edəcəyi istisna olunmur. Çünki bu böhranın miqyası olduqca böyükdür və xeyli ölkəni əhatə edir. Yəni bu iqtisadi proseslər lokal yox, qlobal xarakter daşıyır. – Türkiyə hökumətinin həyata keçirdiyi tədbirlər böhranın vurduğu iqtisadi zərərin aradan qaldırılmasına imkan verir? – Hazırda Türkiyə hökuməti başqa ölkələrlə əlaqələri və özünün hazırladığı antiböhran layihələri ilə iqtisadiyyatdakı neqativ prosesləri dayandırmaq üçün bazara yeni daxili və xarici “oyunçu”lar cəlb etməkdədir. Ola bilər ki, bu tədbirlərin təsiri özünü qısa müddətdə göstərməsin. Ancaq yaxın vaxtlarda ölkə iqtisadiyyatında kardinal dəyişikliklər baş verəcək. Sözsüz, belə çətin şəraitlə üzləşən Türkiyə dövləti geosiyasi düşmənlərin başladıqları irimiqyaslı hücumları və təzyiqləri dəf etməyə hazırdır. Əminəm ki, hökumətin düşünülmüş antiböhran konsepsiyası var. – Yaxın vaxtlarda Qərb Türkiyənin əsas ticarət tərəfdaşlarından biri olan Rusiyaya qarşı yeni sanksiyaları işə salacaq. Rusiyada iqtisadi böhranın dərinləşməsi Türkiyə iqtisadiyyatına necə təsir göstərəcək? – Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi gündəlikdədir. Aydın məsələdir ki, bu sanksiyalar Rusiyanı zəiflətməklə yanaşı, bu ölkə ilə sıx əlaqələri olan ölkələrin iqtisadiyyatına da mənfi təsir göstərəcək. Ancaq unutmayaq ki, hər bir risk yeni imkanlar doğurur. Ona görə də, Rusiya, Türkiyə, həmçinin digər ölkələr birgə plan və fəaliyyət əsasında bu çətin mərhələdən daha az itki ilə çıxa bilərlər. – Dünya neft bazarında durğunluq hökm sürür, qiymətlər sürətlə aşağı düşməkdədir. Sizcə, bu tendensiya nə qədər davam edəcək və dünya iqtisadiyyatına hansı təsirləri olacaq? – Neft bazarındakı katirovkalara baxsaq görərik ki, istehsal tələbatı bir neçə dəfə üstələyir. Dolların digər valyutalara nisbətən bahalaşması fonunda neftin ucuzlaşması gözlənilən prosesdir. Məsələnin kökünə nəzər salsaq, o zaman deyə bilərik ki, 2018-20-ci illərdə 1 barel neftin qiyməti 70-80 dollar civarında proqnozlaşdırılır. Əgər neftin ucuzlaşması ABŞ-ın bir düşməni olan Rusiyanı zəiflədirsə, digər düşməni sayılan və “qara qızıl”ın ən böyük istehlakçılarından biri olan Çini gücləndirir. Bundan başqa, neftin ucuzlaşması ABŞ-ın nəhəng neft şirkətlərinin gəlirlərinin azalmasına səbəb olur. Yekunda demək istərdim ki, Türkiyə və onun müttəfiqləri Allahın köməyi ilə bu böhran mərhələsindən minimal itkilərlə çıxacaqlar.