QARABAĞ üçün məxfi “yol xəritəsi”, yoxsa GİZLİ anlaşma...
Ötən həftə Qarabağ konflikti ilə bağlı bəzi mühüm, eyni zamanda, maraqlı proqnozlara yol açan gəlişmələrlə yadda qaldı. Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri və Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə görüşü keçirildi. Moskva danışıqları bitər-bitməz, ABŞ-ın dövlət katibi Mayk Pompeo Qarabağ təşəbbüsü ilə çıxış etdi, nazirlərin növbəti görüşünü Vaşinqtonda keçirmək təklifini irəli sürdü. Kremlin ideoloqlarından olan, avrasiyaçı-politoloq Aleksandr Duqin isə Musavat.com-a verdiyi eksklüziv müsahibədə artıq “Lavrov planı” deyilən planın masa üzərində olduğunu bildirdi (Plana əsasən, ilkin mərhələdə Dağlıq Qarabağ ətrafında 5 rayon boşaldılır, ardınca kommunikasiyalar açılır, azərbaycanlı köçkünlər öz yurd yerlərinə qayıdır və Dağlıq Qarabağa aralıq statusu verilir). Duqin müsahibədə belə bir ifadə də işlətdi ki, planın reallaşması nəticəsində Dağlıq Qarabağ nə müstəqil ola biləcək, nə də Ermənistanın tərkibində. ***** Qarabağ məsələsi ətrafında həqiqətən də növbəti diplomatik hərəkətlilik, hətta iki əsas həmsədr dövlət - Rusiya və ABŞ arşında bir təşəbbüskarlıq yarışı getdyi ortadadır. Bu “yarış”ın problemin həllinə əlavə dinamika gətirəcəyi, yoxsa pəl vuracağı ilə bağlı yerli və xarici siyasi təhlilçilərin müxtəlif fikirləri var. Onlardan birinin - A.Duqinin yanaşmasını təqdim elədik. “Dağlıq Qarabağ problemi Ağ Evdə heç vaxt unudulmayıb”. Bu sözləri isə digər rusiyalı tanınmış ekspert Qriqori Trofimçuk Vaşinqtonun Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün ABŞ-da keçirilməsi haqda təklifini şərh edərkən deyib (axar.az). Onun sözlərinə görə, ABŞ-da bu münaqişəyə yalnız Minsk Qrupunun amerikalı həmsədri Endryu Şoferin formal işi çərçivəsində baxılmır.
“Mən xeyli vaxtdır deyirəm ki, ABŞ Qarabağın statusu ilə bağlı birbaşa məşğul olmaq istəyir. Hələ İlham Əliyevlə Nikol Paşinyanın Vyana görüşündən öncə ABŞ ərazisində Qarabağ görüşünün keçirilməsi planlaşdırılırdı. Ancaq Avstriya, məncə, Moskvanı boşuna əsəbləşdirməmək üçün seçildi. Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin ilk görüşünün ABŞ ərazisində keçirilməsi çox böyük siqnal olardı. Bundan sonra Moskva tərəflərə münaqişənin həllində rolunu xatırlatmaq üçün Rusiya, Azərbaycan və Ermənistanın XİN rəhbərləri səviyyəsində dərhal görüş keçirdi. İndi də ABŞ nazirlər səviyyəsində görüş təklif edərək, öz varlığını vurğulayır”, - deyə politoloq qeyd edib. Onun fikrincə, bununla da ABŞ Rusiyaya Qarabağ münaqişəsini həll etməyə hazır olduğunu göstərir: “Ələlxüsus da erməni tərəfini təmsil edən kəsin Sərkisyan deyil, ilk gündən Qarabağ məsələsinə diqqət ayıran Paşinyan olduğu bir zamanda... Həm də Paşinyanın danışıqlar başladıqdan sonra dəyişən bəyanatlarına nə Şofer, nə də Vaşinqton diqqət yetirir. Beləliklə, bu məsələ ilə bağlı İrəvan və Vaşinqton arasında bəzi razılaşmaların mövcud olduğu qənaətindəyəm”. ***** Diqqətçəkicidir ki, bu qəbildən yeni gəlişmələr fonunda ötən həftə bir qrup ABŞ konqresmeni İrəvanda olub, baş nazir Nikol Paşinyanla görüşüb. Paşinyan amerikanların səfərini alqışlayaraq, Ermənistanın ABŞ-la əlaqələrin inkişafı və dərinləşməsinə mühüm önəm verdiyini bildirib. Ardınca o, iddia edib ki, “Ermənistan radikal islahatlar prosesinin içindədir və demokratiyanın inkişafı istiqamətində inamla irəliləyir”; qeyd edib ki, hökumət demokratiyanın institutsional və iqtisadi əsaslarını möhkəmləndirməklə məşğuldur və bu prosesdə beynəlxalq tərəfdaşlardan, o cümlədən ABŞ-dan dəstək gözləyir. Amerikalı konqresmenlər isə öz növbəsində Ermənistanda demokratiyanın möhkəmlənməsinə, iqtisadi islahatların reallaşmasına və ABŞ-Ermənistan əlaqələrinin inkişafına dəstək verməyə hazır olduqlarını söyləyiblər.
Təbii ki, Birləşmiş Ştatlar bu dəstəyi boşuna verməyəcək. Vaşinqtonun əsas şərti Ermənistanın Rusiya ilə siyasi-hərbi bağlarının zəifləməsidir. Bu isə Qarabağa dair danışıqlarda diplomatik sıçrayışdan, qonşu Türkiyə və Azərbaycanla əlaqələrin qurulmasından keçir. Ötən ilin oktyabrında İrəvanda səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizik məsələləri üzrə müşaviri Con Bolton da bəyan eləmişdi ki, Ermənistan inkişaf yoluna çıxmaq istəyirsə, öncə Qarabağ məsələsinin həll yönündə real addımlar atıb öz əsas qonşuları - Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalı, nəticə etibarilə də Rusiyanın təsir zonasından uzaqlaşmalıdır. Eyni mesaj iki ay sonra prezident Donald Trampın Nikol Paşinyana göndərdiyi təbrik məktubunda əksini tapdı. Bundan sonra Qarabağla “Bolton planı” deyilən planın varlığından danışılmağa başladı. Ehtimal ki, Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşü səmərəli olarsa, ardınca iki ölkə rəhbərinin də görüş yeri kimi ABŞ seçilsin. Öz növbəsində postsovet məkanı üzrə ixtisaslaşmış alman politoloq Silviya Şteber bu yöndə fikir və mülahizələrinin davamı kimi bildirir ki, Nkol Paşinyan hökuməti üçün Azərbaycanla münasibətlərin normallaşmasına nail olmaq prinsipial əhəmiyyət kəsb edir: “İctimai rəy sorğuları da göstərir ki, erməni əhali sosial-iqtisadi problemdən sonra Dağlıq Qarabağ konfliktini ən kəskin problem hesab edir - hansı konflikt ki, ölkənin sabitliyi və təhlükəsizliyi üçün təhlükə olaraq qalır”. ***** Göründüyü kimi, Paşinyanın daxildə aparmaq istədiyi köklü islahatlar Qərbin, ABŞ-ın ciddi dəstəyindən, Qərbin, ABŞ-ın ciddi dəstəyi isə Qarabağ məsələsində Paşinyan hökumətinin konstruktiv mövqeyindən asılı durumdadır. Ancaq bu mövzuda fərqli düşünən təhlilçilər də var. Məsələn, politoloq Tofiq Abbasov hesab edir ki, Lavrovun səyləri, demək olar, iflasa uğrayıb. “Çünki Paşinyan iddia edir ki, guya o hələ vəziyyətlə tam tanış olmadığından qərar verə bilməyəcək... Bu başdan da Mayk Pompeo danışıqları Amerikada keçirməklə bağlı təklif səsləndirdi. Bu da o anlama gəlir ki, ermənilərin ürəyincə olan turizm diplomatiyası uzanacaq. Çünki Vaşinqton artıq Qarabağ problemi zəminində Moskva ilə öz haqq-hesabını çürütməyə qərar verir. Bunlar Azərbaycanın maraqların ziddir”, - deyə bildirib. Bu qəbildən skeptik və optimist proqnozların nə dərəcədə gerçəyə yaxın olduğunu isə yaxınlarda biləcəyik. (musavat.com) “Bolton planı” “Lavrov planı”na qarşı; Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşü okeanın o tayında reallaşa bilər, əgər...; politoloqlardan ilginc rəylər