28 İLLİK MÜƏMMA -QARAKƏND FACİƏSİ!!!
Bu gün Azərbaycan tarixinin ən faciəli hadisələrindən biri – Qarakənddə törədilən qətliamdan 28 il ötür. "AzerTaym.az" bildirir ki, Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mİ-8” vertolyotunun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. Həlak olanlar sırasında vertolyotda Rusiya və Qazaxıstandan olan müşahidəçilər də vardı. Hadisədən 28 il keçməsinə baxmayaraq, indiyədək terror aktının üstü tam açılmayıb və ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi digər soyqırımlar kimi, bu cinayəti törədənlər də cəzasız qalıblar. Azərbaycanın dövlət və ictimai xadimlərinin bir vertolyata yığılaraq vurulması xüsusi hazırlanan planın tərkib hissəsi idi.
Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün vertolyotdakı qara qutunu Rusiyaya göndərdilər. Ancaq qara qutudan heç bir səs-soraq çıxmadı…
Əvvəl rəsmi variant səsləndi: vertolyot dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və “Mi-8”i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu.
İndiyə qədər hələ də məlum deyil ki, niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan “Mi-8”i silahlı mühafizə vertolyotu müşayiət etmirdi?
Niyə onların hamısı bir vertolyotda idi?
Bütün bunlar mümkün və qeyri-mümkün təhlükəsizlik qaydalarına ziddir.
1991-ci il noyabrın 20-də “Mi-8” hərbi vertolyotunda həlak olanlar:
Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi;
İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror;
Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri;
Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini;
Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili;
Vəli Hüsyn oğlu Məmmədov – millət vəkili;
Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri;
Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini;
İqor Aleksandiroviç Plaviski – DQMB-nin prokuroru;
Vladimir Vladimiroviç Kovalyov - DQMB-nin Daxili İşlər İdarəsinin rəisi;
Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi;
Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı;
Sanlal Dasumoviç Serikov – Qazaxıstan daxili işlər nazirinin müavini;
Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru;
Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant;
Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi;
Alı Mustafa oğlu Mustafayev – telejurnalist;
Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı;
Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator;
Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri;
Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü;
Dmitri Borisoviç Yarovenko –vertolyot heyətinin üzvü.