“Kim sədr seçilsə, onu ürəkdən təbrik edəcəm” - Yazıçı Anar
Azərbaycan Yazıçılar Birliyi (AYB) növbəti qurultayına hazırlaşır. 26 oktyabr saat 10:00-da Akademik Milli Dram Teatrında keçiriləcək qurultay öncəsi əsas müzakirə mövzusu AYB-nin hazırkı sədri Xalq yazıçısı Anar Rzayevə kimlərin rəqib olmasıdır. Bundan öncəki xəbərlərdə Xalq yazıçısı Çingiz Abdullayevin AYB sədri postuna namizəd olacağı, hətta onun sədr seçiləcəyi iddia edilirdi. Digər məlumatlarda isə gənc yazarlardan birinin sədr postuna gətiriləcəyi vurğulanırdı. Deyilənə görə, yazıçı Anar namizədliyini irəli sürsə də, növbəti müddətdə sədr seçilib-seçilməyəcəyinə əmin deyil. Modern.az-ın əməkdaşı qurultay ərəfəsində gəzən söz-söhbətlərə aydınlıq gətirmək üçün Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin özü ilə əlaqə saxlayıb. Qurultaya hazır olduğunu deyən Xalq yazıçısı rəqiblərini tanımadığını söyləyib: "Mən digər namizədlərin kim olduğunu bilmirəm. Prosesi izləmirəm. Ancaq hər kəsin namizəd olmaq hüququ var. Kim istəyir, namizəd olsun. Beləliklə, kimliyindən asılı olmayaraq seçkidə iştirak edib, qazanan şəxsi səmimi qəlbdən təbrik edəcəyik". AYB sədri yazıçı Çingiz Abdullayevin namizəd olmayacağını sözlərinə əlavə edib: "Çingiz Abdullayev özü belə bir fikri olmadığını, seçkidə iştirak etməyəcəyini bildirib". Anar yenidən sədr seçilməsi məsələsinə gəlincə, "kimin sədr olacağını qurultayda görəcəyik" deyib. Qeyd edək ki, Anar 1987-ci ildən AYB-nin sədridir. Hazırda 84 yaşı var.