Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin və Sumqayıt Diskussiya Klubunun təşkilatçılığı və BREN proqramı çərçivəsində “Sülh quruculuğu və gender bərabərliyi üçün keçmiş məcburi köçkünlərin sosial media bacarıqlarının artırılması” layihəsində Sumqayıt Dövlət Universitetində təhsil alan keçmiş məcburi köçkünlərdən olan tələbələr iştirak edərək diplom və sertifikata layiq görülmüşdülər.
Bu məqsədlə də yanvarın 29-da Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində mükafatlandırma mərasimi keçirildi.
Qurumun mətbuat xidmətindən "AzerTaym.az"-a bildirildi ki,tədbirdə Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Edward Evans və nümayəndə heyəti, Sumqayıt Diskussiya Klubunun sədri və üzvləri iştirak etdilər.
Mərasimi Sumqayıt Diskussiya Klubunun sədri Sevda Məmmədova açaraq qonaqları və iştirakçıları salamladı, yaradılan şəraitə görə universitetin rektoru dosent Rüfət Əzizova təşəkkürünü bildirdi. Rəhbərlik etdiyi klubun fəaliyyəti və həyata keçirilən layihələr barədə geniş məlumat verdi. Sözügedən layihənin gələcəkdə də davam edəcəyini bildirdi.
Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Edward Evans çıxış edərək tələbələri təbrik etdi. Onlara həm təhsildə, həm də ictimai fəaliyyətdə uğurlar arzuladı.
Rektor dosent Rüfət Əzizov çıxış edərək layihənin əhəmiyyətindən və Sumqayıt Dövlət Universitetinin tələbələrinin fəallığından danışdı. Tələbələrimizin belə layihələrə qatılaraq diplom və sertifikatla təltif olunmasını yüksək qiymətləndirdi. Diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da əhalinin davamlı savadlanması üçün “ömürboyu öyrənmək” mexanizminin yaradılması məsələsi yer alıb. Bu mexanizm əhalinin əmək bazarının tələblərinə uyğun ixtisasartırma kurslarında iştirakına və zəruri kvalifikasiya əldə etməsinə imkan verəcək. Bu istiqamətdə də Sumqayıt Dövlət Universitetində böyük layihələr gerçəkləşərək əmək bazarına təlabatına uyğun olaraq kadr hazırlanır.
Daha sonra Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin və Sumqayıt Diskussiya Klubunun təşkilatçılığı ilə keçirilən layihədə Kimya və biologiya fakültəsinin III kurs tələbələri Məleykə Xankişiyeva, Nigar Əliyeva, Riyaziyyat fakültəsinin I kurs tələbəsi Aysu Xanlarova və klubun üzvü Fərid Muradov “Hakaton yarışında fəal iştirak edərək hazırladıqları maarifləndirici uğurlu sosial çarxın təqdimatına görə” diplomla təltif olundular.