Hər UZUN SAQQALI, gödək şalvarlı vəhabidirmi? - İlahiyyatçıdan ETİRAZ

 Related image

Son zamanlar oğlanlar arasında saqqal saxlamaq, gödək şalvar geyinmək sanki dəbə minib.

Azərbaycan cəmiyyətinin müəyyən qismi bu mənzərəni artıq normal qəbul edir. Lakin heç də hamının bu mənzərəyə yanaşması birmənalı deyil. Xüsusən də Azərbaycanın bölgələrindən olanlar uzun saqqal saxlayan, gödək şalvar geyinən kişi görəndə insanların ağlında belə bir sual yaranır: “Görəsən vəhabidir?” . Hətta bəzən elə birbaşa təsdiq formasında da işlənir. Yəni birmənalı şəkildə zahiri görünüşə görə onları vəhabi adlandırmaqdan çəkinməyənlər var.
Problemin nədən qaynaqlandığını öyrənmək üçün ilahiyyatçı Rəhman Abbaszadə ilə danışdıq. Müsahib Modern.az-a açıqlamasında bildirdi ki, məsələnin kökündə cahilliklə yanaşı, siyasi qüvvələrin fəaliyyəti də dayanır:

Bu gün bəlli məsələdir ki,  müsəlmanları gözdən salmaq, İslam dinini ləkələmək üçün Qərbdə bir sıra qüvvələr fəaliyyətdədir. Bu proses uzun müddətdən bəri davam edir. İŞİD və onun kimi bəzi terror təşkilatları xarici qüvvələr tərəfindən maliyyələşdirilən, dəstəklənən və “İslamı təmsil edən” qruplardandır. Təbii ki, bu qruplar dinə zərbə vurmaq, insanları bu yoldan uzaqlaşdırmaq üçün yaradılıb. Bu qrupların əksəriyyəti eynilə vəhabilərdəki kimi, uzun saqqal saxlayan insanlardan ibarətdir. Buna görə də bəziləri uzun saqqallı birini görən kimi onu İŞİD-ə qoşulan şəxs, yaxud da vəhabi olaraq dəyərləndirir. Əslində bir sıra siyasi qüvvələrin etmək istədiyi də budur. Lakin problemin təməlində dayanan əsas səbəb cahillikdir. Belə düşünən insanların İslamdan ümumiyyətlə xəbərləri yoxdur”.

 Related image
İlahiyyatçı məsələnin yalnız vəhabilərlə bağlı olmadığını vurğuladı:

Mən vəhabiləri də əhli-sünnə məzhəbinə qatacam və fikrimi belə ifadə edəcəm ki, istər əhli-şiə olsun, istərsə də əli-sünnə məzhəbinin nümayəndələri. Bu gün hər məzhəbin ifratçısı, radikalı, öz məzhəbindən başqasını qəbul etməyənləri ucbatından bir sıra insanlarımızda dinə qarşı ikrah hissi oyanıb. Bu çox ciddi təhlükədir və gərək xalqımız o insanlara yox, dinin özünə baxınlar, “Qurani-kərim” oxusunlar. Dini mollalardan deyil, alim dindarlardan öyrənsinlər. İnanın, bu gün hər məzhəbdə problemlər var. Problem həmin məzhəbin qatı düşüncəli nümayəndələrindədir. Təkcə vəhabilərlə iş bitmir. Vəhabilərin ifrat düşüncəli, yalnız öz əqidəsini bəyənən insanları olduğu kimi, bütün əqidələrə hörmətlə yanaşan nümayəndələri də var. Mən əminəm ki, uzun saqqal Avropada bir dəb olsaydı, bu dəb bizlərə də gəlsəydi heç kəs ağzını-burnunu əyməyəcək, əksinə hörmət göstərəcəkdi. Saqqal saxlayıb dindar olmayan və ateist olan kifayət qədər insan var. Yəni məsələ nə saqqalda, nə də qısa şalvardadır. Bir insan əməllərində düzgündürsə, heç kim ondan bir zərər görmürsə, onun saqqal saxlamağında nə kimi problem ola bilər?”.

 Rəhman Abbaszadə məsələnin həllini insanların maarifləndirilməsində görür:

Gərək sağlam düşüncəli savadlı dindar alimlərimiz yetişsin. Hər məlumatlı şəxs də bunu özünə borc bilərək, insanları məlumatlandırmalıdır. İslam dininin xürafat olmadığını, elmə dəyər verən din olduğunu bilməyən insanlara bunu çatdırmaq lazımdır”.






Fikirlər