Adətən Türkiyədə bu cür çevrilişlərdən öncə müəyyən hazırlıq prosesləri aparılır, əvvəlcə küçələrdə fərqli ideoloji qrupların bir-birinə qarşı bir neçə ay davam edən silahlı münaqişəsi baş verir, yaxud da ana müxalifət partiyasından gizli dəstək alınır, Misirdə olduğu kimi, hakimiyyətə qarşı olan qüvvə meydana nümayişə çıxaraq istefa tələbi qoyur və ordu bu tələbi bəhanə edərək hakimiyyəti ələ keçirir.
Ancaq Türkiyədə indiki durum fərqlidir, hakimiyyyətin ciddi sosial bazası - 15 illik iqtidar imkanlarından qazanılan maddi resursları var, digər tərəfdən ordunun hakimiyyətə gəlməsini zəruri edən sosial sifariş də müşahidə olunmur.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyədə dövlət çevrilişinə cəhdi ilə bağlı danışarkən millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, məlum hadisə xarici ölkədən yönləndirilən, perspektivsiz, sadəcə, Ərdoğana bir xəbərdarlıq aksiyasıdır:
“Çünki TRT-dən mücərrəd “Yurdda Sülh Konseyi” adından açıqlama verilməsi ilə əsgəri axıra qədər bu işi davam etməyə yönləndirmək mümkün deyil. Üstəlik, hakimiyyətin ciddi media dəstəyi mövcuddur. Əgər bu işin başında bilavasitə Baş Qərargah rəisi dursaydı və ya prosesləri hansısa xarizmatik bir general idarə etsəydi, qısa müddətə nəyəsə nail olmaq olardı. Məchul bir mənbədən alınan əmrin məsuliyyəti altına ağlı başında olan kimsənin girişməsi çətindir”.
F.Mustafa bildirib ki, Türkiyənin qanuni yolla seçilən prezidentini və hökumətini devirmək bu ölkəni 30-40 il geri salmaq demək olardı:
“Ərdoğanın kiminsə xoşuna gəlib-gəlməməsi hər kəsin öz işidir, ancaq hərbi çevrilişə simpatiya duyanları heç cür anlaya bilmirəm. Bunun adı nə Atatürkçülük, nə də Türkiyə sevgisidir. Bunun adı Türkiyənin bu həssas dönəmdə zəifləməsini arzulamaqdır”.
Qeyd edək ki, dünən Türkiyədə bir qrup hərbçi dövlət çevrilişə cəhd edib.