Hökuməti batıran payız...

 Hökuməti batıran payız...

Bütün kommunal sistem çöküb, məmurlar isə “bu, təbiidir” deyə özünü haqlı çıxarmağa çalışır 

 

Oktyabrın 16-17-də aramsız yağan yağışlar Bakını da, Bakı sakinlərini də pis duruma salıb. Yollarda yaranan göllər, suda maşınların batıb qalması ilə yanaşı, əksər ərazilərdə mənzillərə normal təzyiqlə qaz verilməməsi, işıq və su problemi də pik həddə çatıb. Sanki paytaxt qış mövsümünün başlanmasına hələ bir ay qalmış fəlakətə təslim olub. Və  indi bu fəlakətin izləri Bakı sakinlərinin həyatında anbaan özünü göstərir. 
Oktyabrın 17-də Xocasən qəsəbə sakinləri Bakı-Xocahəsən yolunu kəsməyə cəhd ediblər. Hadisə yerinə gələn Post Patrul Xidmətinin əməkdaşları sakinlərin yolu kəsmələrinə mane olub. Etiraz aksiyasının iştirakçıları deyib ki, yağışlı havada onları bir araya gətirən problemləridir, evlərinə qaz gəlmir. Hadisə yerinə gələn Binəqədi rayon Qaz İstismarı İdarəsinin nümayəndəsi də bildirib ki, yaxın vaxtlarda qaz veriləcək.
İbrahim Kərbalayev: “Problem kütləvi deyildi”
Oktyabrın 16-da isə başda Binəqədi olmaqla, Xətai, Nərimanov, Sabunçu kimi əksər rayonlara, eləcə də bölgələrə təbii qazın verilməsində problem yaranıb. “Azəriqaz” İB-in mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ayın 16-da bəzi ərazilərdə qazın təzyiqinin azalması xəbərləri həqiqəti əks etdirir. Onun dediyinə görə, havalar qəfil soyuduqda qaz təchizatında təhlükəsizlik qaydaları qorunmaq şərtilə qazın təzyiqi artırılır: “Oktyabrın 15-də respublika ərazisinə təbii qazın verilişi 9 milyon 961 min kub metr olubsa, oktyabrın 16-da 11 milyon 154 min kub metr təşkil edib. Yəni 1 milyon 193 min kub metr artım olub. Ölkə ərazisinə verilən qazın həcmi artırılıb, sakinlər də gün keçdikcə bunu hiss edəcəklər”. 
Image result for İbrahim Kərbalayev
İ.Kərbalayevin dediyinə görə, qazın verilişi ilə bağlı heç bir məhdudiyyət olmayacaq. Təbii qaza olan tələbat artdıqca, qazın verilişi də artırılacaq: “Qazla bağlı yaranan çatışmazlıqlar təbii idi, çünki havalar qəfil soyuyub. Amma o problemlərin əksəriyyəti əməkdaşlarımız tərəfindən öz həllini tapıb. Bəzi tənzimləmə problemi qalıb ki, onu da həll etmişik. Problem kütləvi deyildi. Sadəcə, təbii qaza olan tələbat birdən-birə artdığı üçün belə mənzərə yaranmışdı. Texniki təhlükəsizlik baxımından qazı birdən-birə normadan artıq yükləmək olmur. Əksər ərazilərdə qazın səviyyəsi yüksək, bəzilərində aşağı olub. Hazırda yeni qaz xətləri, qaz tənzimləyici qurğular quraşdırılır, istismara yararsız qaz xətləri yeniləri ilə əvəzlənir və problem 1 gün ərzində tam həllini tapacaq".
Image result for Yağışdan sonra bakı
Yağışın məhv etdiyi, kanalizasiya sisteminin olmaması ucbatından gölə dönən yolların yaranma səbəbi nədir?  “Azəravtoyol” ASC-nin mətbuat katibliyinin rəhbəri Anar Nəcəfli isə mediaya açıqlamasında deyib ki, normadan artıq yağıntı olduqda Bakı şəhərində müəyyən bölgələrdə problemlər olur. A. Nəcəfli vurğulayıb ki, problem yaranan ərazilərdə də yağış-kanalizasiya sistemi, kollektorlar var: “Sadəcə, kollektorların gücü çatmır və nəticədə su yenidən yola çıxır. Əksər ərazilərdə problemin səbəbi budur. Ziya Bünyadov prospektində, Xətai, Neftçilər prospektində, Biləcərinin mərkəzi yolunda və Binəqədi şossesində olan problem ondan ibarətdir ki, su nasosları suyu ərazidən uzaqlaşdıra bilmir”.
Image result for Yağışdan sonra bakı
Bakı küçələrinin 16-17 faizində yağış-kanalizasiya sistemi var
Yollarda suyun çəkilməsi ilə bağlı işlərə “Azərsu” ASC və Fövqəladə Hallar Nazirliyinin (FHN) nəzarət etdiyini bildirən qurum sözçüsü əlavə edib ki, “Azəravtoyol” ASC-nin əməkdaşları da onlara yardım göstərirlər: “Bizə aid olan yağış barmaqlıqlarıdır, onlarda heç bir problem müşahidə olunmur. Bakı küçələrinin cəmi 16-17 faizində yağış-kanalizasiya sistemi var. Ancaq mövcud problemin yaranmasında yağış-kanalizasiya sisteminin olub-olmaması rol oynamır. ”Azəravtoyol" ASC-nin balansında olan küçə və prospektlərdə mövcud olan yağış-kanalizasiya sistemində heç bir problem yoxdur". (APA)
Kanalizasiyaya xərclənən milyonlar, milyardlar... 
Image result for Yağışdan sonra bakı
“Yeni Müsavat” isə rəqəmləri yada salmağın tərəfdarıdır.
Ümumilikdə 2003-2013-cü illərdə su təchizatı və kanalizasiya sektoruna müxtəlif mənbələr hesabına 2,8 milyard manatdan çox vəsait ayrılıb. Bunun 1,8 milyardı dövlət büdcəsinin, 779 milyon manatı Dövlət Neft Fondunun, 196 milyon manatı isə xarici maliyyə qurumlarının payına düşür. Və haqlı olaraq da bu sual ortaya çıxır: hardadır (kimin cibindədir) o milyonlar, milyardlar? “Kanalizasiyanın haqqına” kimlər, hansı məmurlar, necə girib?  
Yollar bərbad durumdadırsa, nəqliyyatın hərəkərindən də xoş heç nə gözləmək olmaz. Təsadüfi deyil ki, oktyabrın 17-də Bakının Ziya Bünyadov prospekti, Binəqədi qəsəbəsi, Babək prospekti, Tbilisi prospektində nəqliyyatın hərəkəti iflic vəziyyətə düşmüşdü. Sosial şəbəkədə paylaşılan tıxac videoları, fotoları yollarda zərərçəkmişə dönən sürücülərin gerçək tablosu idi. Şikayətçi sürücülərin dediyi bir söz vardı: “Bir yol polisi gəlsəydi, bu yolları açardı...”
Maraqlıdır ki, həmin saatlarda Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin internet saytı da iflic vəziyyətdə idi. Çünki saytda və  mobil tətbiqetmədə havanın günəşli, yolların isə tıxacsız olduğu göstərilmişdi. İşıqforlar da normal işləmədi, xaotik hərəkət qəzalara səbəb oldu. 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov da bildirdi ki, yol və metereoloji şərait nəzərə alınmadığı üçün Bakıda 8 yol qəza hadisəsi baş verib. DYP rəsmisi eyni zamanda sürücülərə şəxsi avtomobillərə yox, ictimai nəqliyyata üstünlük verməyi məsləhət gördü. 
Şəxsi avtomobilindən istifadə edənləri isə su gölməçələri üzərindən keçərkən sürət həddini minimuma endirməyi, avtomobillər arasındakı ara məsafəsinə diqqət etməyə, avtomobilləri mövsümü təkərlərə keçirməyə çağırdı. 
“Yeni Müsavat” xatırladır ki, oktyabrın 17-də yollardakı gölməçələr ucbatından evakuator xidmətindən istifadə edənlərin də sayı çox olub. Və bununla bağlı Bakı yollarında evakuator biznesi yaşanıb.  Belə ki, vətəndaşlardan biri Bakıda evakuator sürücülərinin yağışlı havada yaranmış gölməçələrdən keçmək istəyən sürücülərdən 10 manat alması barədə məlumat və video paylaşıb.
İstilik problemi özünü evlərdə olduğu kimi, Bakı məktəblərində də göstərib. Dərsdən qayıdan uşaqlarınızın “bütün gün dərsdə gödəkçə ilə oturduq”, “isinmək üçün müəlliməmiz qaçmağa icazə verdi” sözlərini xatırladızmı? 
“Bakı məktəblərində istilik sistemi ilə bağlı problemlərin aradan qaldırılması üçün Təhsil Nazirliyinə təkliflər göndərilib”. Bunu jurnalistlərə açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. Onun sözlərinə görə, Bakıda hələ də istilik sistemi ilə bağlı problemi olan məktəblər var. 
Qurumun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov isə “Yeni Müsavat”ın yazılı sorğusuna cavab olaraq bildirib ki, BŞTİ-nin tabeliyində olan məktəblərdə davamiyyətlə bağlı heç bir ciddi problem qeydə alınmayıb. Məktəblərin soyuq olması ilə bağlı suala cavabda isə B.Məmmədov deyib ki, ümumitəhsil müəssisələrinin istiliklə təchiz edilməsi hər il müvafiq olaraq noyabr ayının 15- i tarixindən başlayır və aprel ayının 15-i tarixinə qədər davam edir. Havaların soyuq keçməsi ilə əlaqədar zərurət yaranacağı təqdirdə, müvafiq qərardan sonra təhsil müəssisələrinin vaxtından əvvəl istiliklə təmin edilməsinə başlanılması mümkündür.
Vahid Əhmədov: “Milyardlarla manat pul xərcləməsək, yaranan problemi də başa düşərdik”
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə son iki günlük yağış fəlakətinin paytaxtın həyatına vurduğu zərbələrdən danışdı. “Yeni Müsavat”a açıqlamasında V.Əhmədov dedi ki, son illər Azərbaycanda infrastruktur layihələrinə milyonlarla vəsait xərclənib: “Milyardlarla vəsaiti xərcləyib, bunu etməsək, yaranan problemi də başa düşərdik. Amma 2003-dən bu yana qaz, su, kanalizasiya ilə bağlı nə qədər vəsait xərclənib.  Ən az şikayət olunan sahə işıqdır”. 
Image result for Vahid Əhmədov
V.Əhmədov dedi ki, özünü daha çox göstərən problem kanalizasiya ilə bağlı olub: “Kanalizasiya sistemi sovet dövründən çəkilib və köhnəlməsi başadüşüləndir. Hamısını birdən-birə dəyişmək mümkün deyil. Qışa hazırlığa hökumət baxır. İstər rayon, istər şəhər icra hakimiyyəti rəhbərləri qışa hazırlıqla bağlı bütün hazırlıqları görməlidir. Hər bir icra başçısı buna maraqlı olmalıdır ki, onun rayonunda bu adını çəkdiyimiz problemlər olmasın”. 
Bəxtiyar Sadıqov: “Yağış iri damcılarla, elə həsrətlə yağır ki, sanki müstəqillik günündə...”
Zaman-zaman ölkənin müəyyən problemləri ilə bağlı silsilə tənqid yazıları ilə çıxış edən “Azərbaycan” qəzetində isə bu gün hər hansı məqaləyə rast gəlmədik. Əvəzində isə “Müstəqil Azərbaycanın sosial rifah strategiyası: etibarlı təminat və modernləşməni hədəfləyən inkişaf paradiqması”, “Ölkənin meliorasiya və su təsərrüfatı sistemi yenidən qurulmuşdur” başlıqlı yazılar yer almışdı. Qəzetin baş redaktoru Bəxtiyar Sadıqovdan bu mənzərənin səbəbini soruşduq: problemlər bitib, ya artıq problemlərdən yazmağa qadağa var? 
B.Sadıqov dedi ki, sözügedən mənzərənin yaranmasının üç əsas səbəbi var. Müsahibimizin sözlərinə görə, bunun əsas səbəbi ölkədə müstəqillik gününün qeyd edilməsidir: “Dünən təmtəraqlı tədbir keçirildi, müstəqilliyin əzəməti göstərildi. Biz də uzun zamandır ki, müstəqillik gününə hazırlaşırdıq. Bütün sahələr üzrə materiallar verdik.  Əgər müstəqillikdən danışıqsa, fəlakətdən danışmaq yersizdir. Yubiley qeyd olunanda tənqid vermirik. İnsan bir şeydən danışar da. 25 ilin uğurlarından danışa-danışa o biri məsələni də ora qatmaq qəzetçilik baxımından doğru deyil.  Digər tərəfdən, son 20 ildir ki, Azərbaycana və Bakıya bu qədər sürəkli, həcmli yağış yağmayıb. Yağış iri damcılarla, elə həsrətlə yağır ki, sanki müstəqillik günündə Azərbaycana qovuşmağa çalışır. Öz nuru ilə bizi təbrik edir. Bu qədər fəsad törətməsi normaldır. Bakı çay kənarında yerləşsəydi, qayıqlarla gəzərdik. Bu problemin bir kökü də ondadır ki, yeni yollar salınanda, küçələr genişlənəndə yağış sularının axması üçün yer qoyulmayıb. Cəmi 17 faizində yağış sularının axması üçün yer qoyulub. O qədər tənqid eləmişik ki, xeyri yoxdur. Yazırıq, deyirlər ki, yağışötürücü qurğular yoxdur. Tənqidə o qədər əhəmiyyət vermirlər ki, tənqidi hörmətdən salırlar. Bu üç məqama görə qəzet yağış problemindən yazmadı”. 






Fikirlər