“Rusiya səfirinin öldürülməsi bəsit bir terrorçu işi deyil”
"Türkiyədə Rusiya səfirinin öldürülməsi bəsit bir terrorçu işi deyil, arxasında çox ciddi güclərin durması şübhəsizdir". Modern.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada güllələnərək öldürülməsinə münasibət bildirərkən deyib. Deputat bildirir ki, Türkiyəyə qarşı ən alçaq üsullarla mübarizə aparırlar. "Rusiya səfirinin öldürülməsi Türkiyənin ağır durumda buraxılmasını hədəfləyən bir addımdır. Bəsit bir terrorçu işi deyil, arxasında çox ciddi güclərin durması şübhəsizdir. Yaxşı ki, Rusiya məqamlarından gələn açıqlamalar soyuqqanlı və işin mahiyyətini anlayacaq üslubdadır və hədəfin Türkiyə-Rusiya münasibətlərinin pozulması olduğunu bəyan edirlər". Fazil Mustafa həmçinin qeyd edib ki, hamımız Türkiyəmizin bu ağır durumunda dəstəyimizi əgirgəməməliyik. “Türkiyəni ağır töhmət altına soxan bu vətən xainlərinin tez bir zamanda üzə çıxarılması və gərginliyin azaldılması istiqamətində ağıllı addım atılması vacibdir".