“Azərbaycan Dəmir Yolları” inzibati binasının açılışı OLDU

 “Azərbaycan Dəmir Yolları” inzibati binasının açılışı oldu

Müasir standartlara cavab verən binada sərnişinlər üçün pulsuz Wi-Fi sistemi də nəzərdə tutulub 

 

Fevralın 10-da “Azərbaycan Dəmir Yolları” inzibati binasının açılışı olub. Açılışda prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib. Onlar inzibati binada yaradılan şəraitlə və Dəmir Yolu Vağzalında aparılan quruculuq işləri ilə tanış olublar. Dəmir Yolu Vağzalına baş çəkərək oradakı yeni şərait və hazırda vağzal ərazisində  aparılan abadlıq işləri ilə maraqlandıq.
Paytaxt Bakının giriş qapısı sayılan bu vağzalda yüksək standartlara cavab verən quruculuq işləri aparılıb. 2015-ci ildən başlanan abadlıq işləri demək olar ki, yekunlaşıb. Vağzalın ətrafındakı köhnə obyektlər sökülüb, hazırda onların yerində müasir standartlara cavab verən mağazalar tikilir. Dəmiryol İdarəsinin yenicə təmirdən çıxan inzibati binası isə özünəməxsus dizaynı ilə seçilir. Vağzalın əsas binasının üzlüyü memarlıq üslubu saxlanılmaq şərti ilə yenidən qurulub, binanın əsaslı təmir işləri aparılıb.
Binanın birinci mərtəbəsində 2 saylı “ASAN kommunal” fəaliyyət göstərir. Həmçinin bilet satışı kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəzlənib. Yük, sərnişin və əlillər üçün liftlər quraşdırılıb. Əsaslı təmir zamanı burada inzibati otaqlar, müasir standartlara cavab verən ticarət və iaşə obyektləri yaradılıb, ana-uşaq otaqları, gözləmə zalı, saxlama kameraları sərnişinlərin istifadəsinə verilib. Binada sərnişinlər pulsuz Wi-Fi sistemindən də istifadə edəcəklər.
Bakı Dəmir Yol Vağzalının stansiya rəisi Nizaməddin Eminov bizimlə söhbətdə aparılan abadlıq və yenidənqurma işlərindən danışdı: “Biz həmişə demişik ki, Bakı Vağzalı şəhərin əsas giriş qapısıdır. Gördüyünüz kimi, köhnə vağzal əsər-əlamət qalmayıb. Etiraf gedək ki, əvvəl burada yaxşı istər işçilər üçün, istərsə də sərnişinlər üçün normal şərait yox idi. Bütün bunlar Cavid Qurbanovun apardığı işlərdən qaynaqlanır. Bu gün həm də Cavid Qurbanovun  Azərbaycan Dəmir Yollar İdarəsinə sədr təyin olunmasının iki ili tamam olur. Bu da bir təsadüfdür. Bakı Avtovağzalı yüksək standartlara cavab verir. Təbii ki, bütün bunlar cənab prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində baş verdi”.
AZƏRTAC-ın məlumatına görə, burada yaradılan “ASAN kommunal” mərkəzi qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara, o cümlədən vağzaldan istifadə edən bütün sərnişinlərə xidmət göstərəcək. Burada həmçinin “Azərişıq” və “Azərsu” ASC-lər, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 45 növ xidmətin göstərilməsi nəzərdə tutulur. Bank və notariat xidmətlərinin də təşkil edildiyi mərkəzdə 51 əməkdaş, 20 könüllü, ümumilikdə, 71 nəfər işlə təmin olunub. Bu il yanvarın 15-dən fəaliyyətə başlayan 1 saylı “ASAN kommunal” mərkəzində bu günədək 3200-dən artıq müraciət qeydə alınıb.
Qeyd edək ki, binada işçilərin yüksək səviyyədə çalışmaları üçün hərtərəfli şərait var. Server otağında qatarların hərəkətinin onlayn və GPS izlənmə sistemləri tətbiq edilib. Binanın 280 nəfərlik müasir akt zalında bütün imkanlar yaradılıb. İnzibati otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Binada, həmçinin şəhid dəmiryolçuların fotolarından ibarət guşələr yaradılıb. Müasir yeməkxana işçilərin ixtiyarına verilib.
Xatırladaq ki, Bakı Dəmir Yolu Vağzalının binası 1884-cü ildə Mavritaniya üslubunda inşa olunub, 1926-cı ildə isə rekonstruksiya edilib. Elə həmin ilin iyununda keçmiş SSRİ məkanında ilk dəfə Azərbaycanda Bakı-Sabunçu dəmir yolu sahəsində elektrik qatarı hərəkətə buraxılıb. 1977-ci ildə dəmir yolunun Bakı sərnişin stansiyasında yeni vağzal binası tikilib.






Fikirlər