“Naxçıvandakı ordumuz Ermənistanın Müdafiə Nazirliyini darmadağın edə bilər” – Tofiq Zülfüqarov

“Naxçıvandakı ordumuz Ermənistanın Müdafiə Nazirliyini darmadağın edə bilər” – Tofiq Zülfüqarov

Keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarovun Yenisabah.az-a müsahibəsi:

- Tofiq müəllim, gecə saat 01:00 radələrində Ermənistanın Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir neçə ballistik raket kompleksi Azərbaycan Ordusu tərəfindən məhv edilib. Hadisələrin bundan sonrakı gedişatını necə qiymətləndirirsiniz?

- Bu, gözlənilən idi. Çünki işğal olunmuş ərazilərdə bizimlə döyüşlər aparan məhz Ermənistan ordusudur. Ermənistan ordusunun bir hissəsinin döyüşlərdə iştirak edib digər hissəsinin iştirak etməməsi  mümkün olan şey deyil. Bu, həm məntiqə, həm də hərbin qanunlarına uyğun deyil. Bu baxımdan Ermənistanın Gəncədə törətdiyi hərbi cinayət cavabsız qalmamalıdır. Azərbaycan dövləti Konstitusiyaya uyğun olaraq ilk növbədə Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə bu hədəfləri məhv edib. Bu, beynəlxalq qanuna uyğundur, legitim adlandırılan bir hədəfdir. Hesab edirəm ki, artıq hərbi əməliyyatlar ikinci mərhələyə keçib və çoxdan proqnozlaşdırılmış ikinci mərhələ ondan ibarət olacaq ki, həm Ermənistanın, həm də Azərbaycanın ərazisi artıq müharibə zonası olacaq. Bunun hərbi baxımdan bizim xeyrimizə olduğunu düşünürəm. Çünki Ermənistanın hərbi potensialı bizdən azdır, buna görə də onun müdafiə sistemində fraqmentasiya prosesi gedəcək. Onlar istər-istəməz zərbələri fərqli yerlərdən ala bilərlər. Gəncəyə edilən raket hücumu ermənilər üçün ağır nəticələr doğuracaq. Çünki Azərbaycanın Naxçıvandakı hərbi bazalarımız onların paytaxtda olan və bu vəhşiliyin əmrini verən Müdafiə Nazirliyini çox asanlıqla hədəf seçib darmadağın edə bilər.

- Bu hadisə  Dağlıq Qarabağ problemini regional  münaqişəyə çevirə bilərmi? Çünki Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl açıqlama vermişdi ki, müharibə Ermənistan ərazisində getmir, ona görə proseslərə müdaxilə etmirlər.

- Biz Ermənistanın həm Rusiya, həm də digər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  (KTMT) üzvləri ilə olan sənədlərinə baxsaq görərik ki, bu müqavilənin maddələri o zaman işə düşür ki, Ermənistan üçün hansısa təhlükə yaranır. Əslində, həmin müqavilənin mahiyyəti müdafiə xarakteri daşıyır. Bu sazişdə heç də göstərilmir ki, təşkilata üzv olan bir ölkə başqa bir ölkəyə hücum edəndə digər üzvlər köməyə gəlməlidir. Bu, mümkün olan şey deyil. Oradakı müvafiq maddələrində göstərilir ki, belə bir hadisə baş versə və Ermənistan digər üzvlərə müraciət etsə, müzakirələr ola bilər. Hesab edirəm ki, həmin müzakirələr də bizim xeyrimizə ola bilər. Məlumdur ki, Azərbaycan KTMT üzvü deyil, əvvəl üzvü olub, lakin sonradan üzvlüyünü dondurub. Lakin bizim digər təşkilatlarda həmin üzv ölkələrlə sıx əlaqələrimiz var. Bu baxımdan 2016-cı ildə baş verən hadisələri yada salmaq istəyirəm. Belə ki, həmin vaxt Ermənistanda hansısa tədbir keçirilirdi və biz gördük ki, KTMT üzvləri bu tədbirdə iştirakdan imtina etdilər. Hətta erməni tərəfi heç kim gəlmədiyi üçün incidi. Bu səbəblə  indi baş tuta biləcək müzakirələrin bizim xeyrimizə olacağını ehtimal edirəm. Ermənistanın işğalçı siyasəti və  bu siyasətin heç kim tərəfindən dəstəklənməməsi bir daha ortaya çıxacaq.

- Bildiyiniz kimi, Azərbaycan Minsk qrupunun Həmsədrlik İnstitutunda Türkiyənin də təmsil olunmasını istəyir. Lakin iki gün əvvəl Rusiyanın Xarici işlər naziri Sergey Lavrov həmkarı Zohrab Mnatsakanyanla təşkil etdiyi mətbuat konfransında belə bir şeyin mümkün olmayacağından söz açdı, yəni təklifi rədd etdi. Sizcə, Türkiyə masaya otura bilər? Əgər bu baş tutarsa, nə dəyişər?

- Minsk qrupunun vasitəçiliyi ATƏT çərçivəsində baş verir. Tarixən müxtəlif ölkələr bu vasitəçiliyi öz üzərlərinə götürüblər. İranın vasitəçiliyi olub, o cümlədən Rusiyanın vasitəçiliyi ilə atəşkəs rejimi bərqərar olunub. Minsk qrupu çərçivəsi heç də o demək deyil ki, Azərbaycan digər təşəbbüslərə müsbət baxmayacaq. Son vaxtlar biz görürük ki, Rusiyanın səlahiyyətli şəxslərinin Türkiyə həmkarları ilə sıx təmasları var. Məhz bu mövzunu onlar mütəmadi şəkildə müzakirə edirlər. Bu baxımdan mən istisna etmirəm ki, indiki mərhələdə Türkiyənin təklif etdiyi 2+2 formatı  hansısa mərhələdə işlək mexanizm kimi istifadə olunmasın. Təəssüflər olsun ki, 30 il ərzində biz ATƏT-dən bir xeyir görmədik. Cənab Prezidentin də dediyi kimi, bir santimetr ərazi də azad olunmayıb.

- Hadrutun azad olunması diplomatik danışıqlarda Azərbaycan üçün hansı üstünlüklər yaradır?

- Hadrut və digər yaşayış yerlərinin  azad olunması, ümumiyyətlə, yeni bir vəziyyət yaradır, təmas xətti və status-kvo dəyişib. Bu, mütləq nəzərə alınmalıdır. Çünki vaxtilə  Ermənistan Azərbaycan torpaqlarını işğal edərkən deyirdi ki, biz reallıqları görməliyik. İndi biz də onlara göstərək ki, reallıq nədir?!

- Tofiq müəllim, Azərbaycanın Müdafiə Nazirliyi düşmənin hərbi texnikasının məhv edilməsi ilə bağlı görüntü paylaşdıqdan dərhal sonra  Ermənistanın Müdafiə Nazirliyi təkzibedici bəyanatlarla çıxış edir və sosial şəbəkələrdən gördüyümüz qədəriylə cəmiyyətləri buna inanır. Ermənilər niyə məğlubiyyətlə barışmırlar?  

- İstənilən səbəbi demək olar. Amma bunlar da zəifliklərinin nəticəsidir. Bu, onların həm siyasi, həm də hərbi zəiflikləridir. Arqumentləri yoxdur. Amma bu, təbliğat müharibəsinin bir elementidir. Başa düşməliyik ki, düşmənlə müharibə təkcə səngərdə yox, təbliğatda, iqtisadiyyatda və digər yerlərdə də baş verir.






Fikirlər