“EURO-2016" bitdi - tanınmış azarkeşlər oyunları hansı kanaldan izlədilər?

 “Euro-2016

Futbolsevərlərin böyük maraqla gözlədiyi futbol turniri artıq başa çatdı. Milyonlarla azarkeşi ekran başına toplayan “Euro 2016" Azərbaycanda da futbolsevərlərin diqqət mərkəzində oldu. 

Çempionatın oyunları xarici ölkə telekanalları ilə yanaşı, Azərbaycanda da iki telekanal vasitəsi ilə canlı yayımlandı. Lakin futbolsevərlərin oyunları daha çox xarici telekanallardan izləməsi müşahidə olundu. Turnir ərzində sosial şəbəkələrdə apardığımız müşahidələr zamanı gördük ki, yerli azarkeşlər əsasən TRT kanalının canlı yayımından görüntülər paylaşır, bu kanalın turnirin keçirildiyi Fransadan hazırladığı reportajlardan sitat gətirərək öz fikirlərini bölüşürlər.
Bunun bir neçə səbəbi var idi. İlk səbəblərdən biri yerli telekanallarımızın çempionat ərzində baş tutan bütün oyunları yayımlamaması idi. Məsələn, “CBC sport” kanalı yalnız 51 matçdan 28-ni canlı olaraq yayımladı. Başqa bir səbəb isə TRT kanalının çempionata daha böyük diqqət ayırması idi.
Türkiyə millisinin də iştirak etdiyi futbol turnirinin başlamasına bir ay qalmış hazırlıqlara başlayan TRT telekanalı hər gün təqdim etdiyi anonslarla çempionat başlayanadək böyük izləyici kütləsi yığa bildi. Çempionatın açılış günündən etibarən Fransanın bir çox şəhərindən, oyunların keçirildiyi stadionlardan canlı bağlantılarla azarkeşlərin qarşısına çıxan TRT böyük maraqla izlənilən telekanallardan oldu. Azərbaycanlı azarkeşlərin TRT-ni izləməsinin digər səbəbi isə yəqin ki, dil amili idi. 
“Euro 2016" turnirini izləyən bir neçə tanınmış futbol azarkeşləri arasında sorğu keçirdik. Onların çempionatı əsasən hansı telekanaldan izlədiyini öyrəndik. Və bu seçimlərinin səbəbini soruşduq.
Futbola böyük marağının olması ilə tanınan deputat Fazil Mustafa “Euro 2016"nın oyunlarının TRT telekanalından izləyib. Deputat yerli telekanallardan futbol matçlarını izləməməsinin səbəbini texniki problemlə izah etdi: ”İctimai Televiziyanın şifrəsi pozulduğundan daha çox TRT 1 və TRT spor telekanallarından oyunları izlədim". Fazil Mustafanın fikrincə, əsas məsələ futbol oyununun hansı kanaldan izləmək yox, gözəl oyun izləməkdir: “Maraqlı və gözəl oyun izlədikdən sonra kanalın hansı olması fərq etmir. Ancaq şərhçilərin oyunu təqdimatı da önəmlidir. Azarkeşlər bu məqama da diqqət edir. Şəxsən mənim üçün futbol matçının hansı kanaldan yayımlanması o qədər də fərq etmir”.  
“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev futbol azrkeşi olaraq çempionatı ilk günündən etibarən izləyənlərdəndir. Oyunlarla bağlı fikirlərini tez-tez sosial şəbəkələrdə bölüşən İ.Quliyev də yerli futbol azarkeşlərinin matçları daha çox xarici kanallardan izlədiyini deyir. Bunun səbəbinin isə daha çox şərhçilərin peşəkarlığı ilə bağlı olduğunu düşünür: “”Euro-20 16"nın əksər oyunlarını izləmişəm. Oyunları həm yerli, həm türk, həm də rus kanalları vasitəsilə izlədim. Yerli kanallarla bir neçə oyuna öz şərhçilərimizin keyfiyyət səviyyəsi ilə tanış olmaq üçün baxdım. Son vaxtlar yerli idman şərhçilərimizin səviyyəsi xeyli artsa da, problemlər hələ də var. Bu baxımdan, azarkeşlərin əksəriyyəti oyunları xarici telekanallardan izləməyə üstünlük verirlər. Mən də tutaq ki, Türkiyə yığmasının oyunlarına TRT-dən, Rusiya yığmasının oyunlarına NTV-dən baxdım. Digər oyunlara baxarkən isə şərhçinin kim olmasından asılı olaraq seçim etdim".
 
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli də çempionatı daha çox TRT-dən izləyənlərdəndir. S.Əsədli futbol matçlarını türkiyəli şərhçilərin daha maraqlı şəkildə şərh etdiyini düşünür: “Çempionatın oyunlarına dostlarla birlikdə müxtəlif yerlərdə baxdıq, hansı yerdə hansı telekanal olurdusa, həmin telekanaldan baxırdıq. Adətən matçları TRT-dən izlədim. Bu da yəqin ki, dil məsələsinə görə, həm də türkiyəli şərhçilərin futbolu maraqlı şərh etməsi ilə bağlı ola bilər”.
 
AĞ Partiyanın sədri Tural Abbaslı da futbol matçlarını Türkiyə telekanallarından izləyib: “Bəzi oyunları İctimai Televiziyadan da izlədim. Amma LİG TV və digər Türkiyə telekanalları oyunları daha maraqlı şəkildə təqdim edirlər. Şərhçilər oyun zamanı futboldan danışırlar”.
Tanınmış jurnalist Cavid İsmayıl isə çempionat ərzində bir neçə oyuna baxdığını və həmin oyunları İctimai Televiziyadan izlədiyini bildirdi.

 






Fikirlər