“Köhnə ili həm gözüyaşlı, həm də sevincli yola salıram. Gözüyaşlı ona görə yola salıram ki, ikinci Qarabağ müharibəsində çoxlu şəhid verdik, qazilərimiz oldu. Qələbəmizə görə isə hamı kimi mən də hədsiz dərəcədə sevinirəm. Düzünü deyim ki, təmtəraqlı Yeni il keçirmirəm, o ab-havada deyiləm, heç şam ağacı da bəzəməmişəm. Çünki 3 mindən çox şəhid ailələrinin evində şam ağacı qurulmayıb. Mənim üçün sadəcə olaraq təqvim dəyişir. Bizim üçün yeni il hər zaman Novruz bayramı olub. Bu il isə bütün bayramlarımızda bir gözümüz gülür, biri isə ağlayır”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış və sevilən müğənni Nazənin Salayeva bildirib. O daha sonra əlavə edib:
“Yeni il bayramını hər il adətən evdə ailəmlə, övladlarımla birgə qeyd edirəm. Həmin gecə heç bir yerdə səhnə almıram. Təsadüfən, çox nadir hallarda ola bilər ki, ailəmizə çox yaxın olan insanlar, dostlarımız hansısa restorana dəvət etsinlər. O zaman da gedib ifa edib tez evə gəlirəm. İnşallah, üzümüzə gələn 2022-ci il hər birimiz, ən əsası da ölkəmiz, dövlətimiz üçün düşərli olsun. Arzulayıram ki, heç bir evdə ananın gözü yaşlı qalmasın. Əsgərlərimiz sağ-salamat evlərinə dönsünlər. Cəbhədən şəhid xəbərləri gəlməsin. Ölkəmizdə sülh, əmin-amanlıq olsun. Qazilərimiz tezliklə sağalsın! Şəhidlərimizin ailələrinə qarşı elə diqqət olsun ki, az da olsa, onlar bu diqqətlə təsəlli tapsınlar. Tapa bilsələr əgər. Onlara böyük diqqət və qayğı göstərmək hamımızın borcudur. Krizis olmasın, insanlar ac qalmasın. Azərbaycanda bir dənə də olsa kasıb və xəstə insan olmasın! Allah heç kimsəyə bala dağı göstərməsin, hamının evində qazanı qaynasın. Bax, Allahdan bunları istəyirəm. O ki qaldı özümə arzuladıqlarım. Şükür Allaha bir parça çörək tapıb yeyirik. Min şükürlər olsun, ac deyilik, susuz deyilik. Ona da möhtac olanlar var!” - deyə tanınmış müğənni bildirib.