Arif Hacılının qardaşından Əli Kərimliyə ağır ittihamlar: “Onun HOQQABAZLIGI...”

Müsavat başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli AXCP sədri Əli Kərimlini kəskin şəkildə tənqid edib.

BakiPost.az xəbər verir ki, o özünün facebook səhifəsində partiya sədrini müxalifəti növbəti dəfə parçalamaqda ittiham edib. Maraqlıdır ki, M.Hacıbəyli həm də Müsavat partiyasının başqan müavini Tofiq Yaqublunu da tənqid atəşinə tutub: 
"Mehman Hüseynovun qardaşının təklif etdiyi kimi, bütün müxalifət birlikdə mitinq qərarı versəydi, əlbəttə yaxşı olardı. Amma alınmadı. Əli Kərimli ənənəvi qeyri - sağlam siyasi vərdişlərinə sadiq qalaraq növbəti dəfə özünə yaraşan şəkildə hərəkət edib və ümumi qərarın qəbuluna imkan verməyib. Bu, əlbəttə təqdir ediləcək bir davranış deyil və hiss edirəm ki, onun bu növbəti hoqqabazlığı hətta okeanın o tayından Rəsul Quliyevə də təsir edib. O da öz növbəsində absurd təbliğata başlayıb ki, mitinq baş tutmayacaq, heç 50 nəfər də gəlməyəcək, filan. 
Görünən odur ki, Əli Kərimliyə münasibətdə həmişə "kraldan çox kralçı olmaq"dan qətiyyən usanmayan Tofiq Yaqublu istisna olmaqla, özünə hörmət edən hansısa tanınan müxalifət nümayəndəsi Əli Kərimlinin tədbirində "çağrılmamış qonaq" sifətində iştirak etməyəcək. Məncə, referendum ərəfəsində Əli Kərimlinin etdiyi kimi siyasi tərbiyəsizlik edib deyək ki, aprelin 8-də mitinq təyin etmək də məqsədəuyğun deyil. 
İndiki halda, Əli Kərimlinin siyasi mövqeyini başa düşmək və düzgün qiymətləndirmək lazımdır. Ölkədə seçki institutu faktiki ləğv olunduğu üçün onun da, digər müxaliflər kimi hansısa seçkilərdə fərqlənmək şansı yoxdur. Bu mənada onun müxalifətin lideri statusu uğrunda apardığı mücadilə çoxsaylı tənqidlərə məruz qalsa da, tamamilə təbiidir.
Əgər müxalifətin Milli Şurada təmsil olunan hissəsindən başqa kimlərsə onun siyasi liderliyini qəbul etsəydi, onda Əli Kərimli Milli Şurada təmsil olunmayan qüvvələrlə də əməkdaşlığa maraqlı olacaqdı. İndiki halda isə onun siyasi maraqları tam idarəçiliyində olan Milli Şuradan başqa müxalifətin olmadığını iddia etməyə vadar edir.
 Onun bütün siyasi gedişləri də məhz bu məqsədə xidmət edir. Bu mənada mitinq ətrafında gedən diskussiyalarda söylənilən bir çox mülahizələr bizim "yurdçu"ların işinə yarayır. Təxminən belə təbliğat aparırlar ki, "biz demokratik tələblərlə mitinq keçiririk, "satqın" müxalifət mitinqimizi bəyənmək istəmir".






Fikirlər