YAP-dan Siyavuş Novruzovla bağlı AÇIQLAMA
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov partiyada yeni vəzifəyə təyin olunub. Aydın Hüseynova YAP-da Təşkilat şöbəsinin müdiri vəzifəsi həvalə olunub. Bu təyinatdan sonra sosial şəbəkələrdə deputat Siyavuş Novruzovun istefa verdiyi YAP icra katibinin müavini vəzifəsinin də Aydın Hüseynova tapşırıldığını iddia edənlər var. “AzerTaym.az" bildirir ki, partiyanın mətbuat katibi Hüseyn Paşayev isə Modern.az-a sözügedən iddiaların tamamilə əsassız olduğunu qeyd edib: “Təşkilat şöbəsinin müdiri vəzifəsi tamam fərqli təyinatdır. Bu, icra katibinin müavini demək deyil. İcra katibinin müavini postu hələlik boşdur”. H.Paşayev onu da qeyd edib ki, YAP İcra katibinin müavini vəzifəsinə partiya sədrinin təqdimatı , İdarə Heyətinin təsdiq etməsi ilə təyinat mümkün ola bilər: “YAP sədri, cənab prezident İlham Əliyevin təqdimatı və partiya İdarə Heyətinin təsdiq etməsi ilə icra katibinin müavininin kimliyi müəyyənləşəcək. Belə bir addım atıldıqda, mütləq ictimaiyyətə də məlumat veriləcək”. Xatırladaq ki, YAP icra katibinin keçmiş müavini, deputat Siyavuş Novruzov idi. O, koronovirus pandemiyası ilə bağlı xüsusi karantin rejiminin qaydalarını pozaraq, akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirakına görə, həm ictimai qınağa, həm də inzibati məsuliyyətə cəlb edildi. Bundan sonra Siyavuş Novruzov partiyada tutduğu vəzifədən istefa verdi. Hazırda qeyd edildiyi kimi, hakim partiyada icra katibinin müavini postuna təyinat olmayıb.