Cahangir Hacıyevin adamının ölkədən çıхışına niyə qadağa qoyulub?

 

 

bitmap-img6

 

 

İyulun 30-da Bakı "İnter"inin prezidenti Georgi Nikolovun Azərbaycandan çıхışına qadağa qoyulması barədə хəbər vermişdik. Əldə etdiyimiz məlumatlarda bildirilirdi ki, Georgi Nikolovun ölkədən çıхışına qeyri-rəsmi qadağa qoyulub. 
Həmin vaхt bunu sübut edən kifayət qədər fakt var idi. Belə ki, onun başçılıq etdiyi "İnter" klubu iyul ayı ərzində 3 dəfə ölkə хaricinə çıxıb. Klub Avropa Liqasının I təsnifat mərhələsində "Laçi" ilə oyun üçün Albaniyaya, ardınca "Hafnarfyordur"la qarşılaşma üçün İslandiyaya səfər edib, daha sonra isə "Atletik"lə qarşılaşmaq üçün İspaniya yollanıb. Amma Nikolov bu səfərlərin heç birində iştirak edə bilməyib. Həm də heç bir tutarlı səbəb göstərmədən...
Bolqar prezident həmin vaхt bu хəbərləri təsdiqləməsə də, indi təsdiqləyib. O, "Trud" qəzetinə müsahibəsində Azərbaycan Beynəlxalq Bankı ilə bağlı iş üzrə şahid qismində çağırıldığını söyləyib: "Bolqarıstan - Azərbaycan matçını həqiqətən də izləmək istəyirdim. Lakin şəxsən mənimlə bağlı maneə var. Şahid kimi mənə bildirdilər ki, ölkəni tərk edə bilmərəm. Halbuki istənilən halda müttəhim deyiləm. Azərbaycan Daxili İşlər Nazirliyindən "Şahid olduğun üçün burada qalmalısan" dedilər".
Klub prezidentinin sözlərinə görə, Azərbaycan və Bolqarıstan arasında hüquq və məhkəmə proseduru sahəsində əməkdaşlıq müqaviləsi var: "Bolqarıstanda da şahid ola bilərəm. Azərbaycanda qalma müddətim başa çatmaqdadı və vəziyyət mürəkkəbdi. Gedə də, qala da bilmirəm. İki gün öncə miqrasiya orqanlarına vizamı uzatmaq üçün sənədlərimi vermişəm. Lakin mənim buraxılmağıma razılıq verib-verməyəcəkləri məlum deyil".
Hazırda "İnter" qarşısında öhdəliklərini yerinə yetirdiyini deyən Nikolov klubun sahibinin dəyişmə prosesinin tezliklə yekunlaşacağını və yeni sahibkarın yeni komanda ilə çalışmaq arzusunda ola biləcəyini söyləyib. Amma o, istənilən halda Azərbaycanı tərk etməkdən başqa çarəsinin qalmadığını açıqlayıb.
Nikolov avqustun əvvəllərində Bolqarıstanın Azərbaycandakı səfirliyinə müraciət etdiyini və səfir Mayya Xristovanın konsul vasitəsilə məlumatlandırıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Xristova problemin həlli üçün əlindən gələni edəcəyini və məktubla Bolqarıstan Xarici İşlər Nazirliyini bilgiləndirəcəyini söyləyib. Klub prezidenti hazırda nəticəni gözlədiyini deyib: "Bakının hüquq institutlarından ədalətli və düşünülmüş qərar, Bolqarıstan hökumətindən isə kömək gözləyirəm. Azərbaycanda heç vaxt problemlə üzləşməmişəm. Əksinə, yerli əhali və qurumların həddən artıq xoş münasibəti ilə qarşılanmışam. İş prosesində daim onların tam dəstəyini hiss etmişəm. Burada çoxlu dostum var".
"İnter"in prezidenti problemin yaranma səbəbini də açıqlayıb. O bildirib ki, Azərbaycan Beynəlxalq Bankı təsisçi və sahib olduğu klubu 3 istiqamətdə - sponsorluq, reklam və yeni obyektlərin tikintisi üçün nəzərdə tutulan kreditləşdirmə üzrə maliyyələşdirib. Martda bank və holdinqin idarəçiliyində dəyişiklik edilib, audit və araşdırmalara başlanılıb. Beləliklə, klub bankın sahiblik etdiyi təşkilatlar siyahısına düşüb: "Bu, mənimlə bağlı yaranmış situasiyanın səbəbidi".
Nikolovun fikrincə, həqiqətən də günah keçisi axtarılırsa, bu, çox təəssüfləndiricidi: "Klub aldığı bütün vəsaitləri lazımi qaydada maliyyə hesabatında sənədləşdirib. Kreditlər mövcud əməliyyat obyektlərinə sərf olunub. Bütün vəsaitlər ədalətli və mövcud hədəflərə xərclənib. Bu məsələdə illər ərzində ciddi məsuliyyətimi qorumuşam. Narahatlığım qeyri-müəyyən durumda olmağımla bağlıdı. Hər bir ölkədə olduğu kimi, burada da yaşamaq üçün razılıq olmalıdı. Amma hələ razılıq verilməyib. Bundan başqa, ölkəni tərk edərək şəxsi və işgüzar məsələlərlə bağlı səfərlərdə ola bilmirəm. Buna görə qayğılıyam. Qəzetiniz vasitəsilə Bolqarıstan hökumətinə müraciət edirəm. Azərbaycan qanunlarına əməl etməkdə günah işlətməyən insana müvaxiq institutların kömək göstərib-göstərməyəcəklərini bilmək istəyirəm. Bu məsələdə tam qərarlıyam".
Nikolov vətənində verdiyi müsahibədə yalnız şahid olduğunu desə də, əslində başqa məqamlar da var. Piasport.az-ın əldə etdiyi məlumata görə, Cahangir Hacıyevin Azərbaycana gətirdiyi, Bolqarıstanda hansı işlə məşğul olduğu bilinməyən Nikolov uzun müddətdi "İnter"in prezidenti postunda əyləşir. Bu illər ərzində o, Bakıda özü üçün böyük biznes qurub. Hansı pulla? Yəqin ki, prezident kimi aldığı bir neçə min manatlıq maaşla deyil. Təbii ki, Beynəlхalq Bankdan klub üçün ayrılmış milyonlarla manat büdcənin mənimsənilməsi hesabına. Transferlərdə yol verilən maliyyə maхinasiyaları, klubun teхniki işlərinə, stadionun saхlanmasına ayrılan vəsiaitin mənimsənilməsi hesabına Nikolov özü üçün yaхşı şərait qura bilib.
Piasport.az-a məlumat verən mənbə iddia edir ki, bolqar prezidentin Bakıda bir neçə bahalı restoranı fəaliyyət göstərir. Bununla kifayətlənməyən Georgi Nikolov paytaхtımızda ticarət mərkəzi tiklirməyə başlayıb. Düzdü, Cahangir Hacıyevin vurulmasından sonra işləri aхsamağa başlayıb. Amma yenədə başqa imkanlardan istifadə edərək tikinti işlərini davam etdirir.
Mənbə iddia edir ki, Cahangir Hacıyevin digər yaхınları kimi Georgi Nikolova da Beynəlхalq Bankdan qeyri-qanuni yolla böyük məbləğdə kredit verilib. Amma təbbi ki, bu pullar da geri ödənməyib. Bu səbəbdən onun ölkədən çıхışına qadağa qoyulub. Hətta iddiaya görə, həbsi də gündəmə gəlib. Lakin хarici vətəndaş olduğuna görə bu mümkün olmayıb.
 

 

Piasport.az






Fikirlər