Rusiya-Ukrayna müharibəsinin “püşkatma” mərhələsi - variantlardan danışılır...

Asim Mollazadə: “Ukraynanın dirənişi Kremlin bütün planlarını alt-üst edib”

Rusiya-Ukrayna müharibəsi başlayan ilk gündən bunun Qərblə Kremlin savaşı olması heç kimə sirr deyildi. Rusiyanın NATO ordusunun  Moskvanın bir addımlığında yerləşməsi planına qarşı ən qəddar variantlara belə əl atacağı gözlənilən idi.

Düzdür, bu müqavimət Rusiya üçün heç də asan başa gəlmir, iqtisadiyyatı çöküş ərəfəsindədir, sanksiyalar altında çabalayır, ancaq hələ də müqavimətini davam etdirir. Qərbin də gözləntilərinin doğrulmadığını söyləmək olar. Faktiki ortada bədbəxt və bərbad durumda olan Ukrayna var. İndi elə bir ağır vəziyyət yaranıb ki, sanki Ukrayna müharibəsinin sonu ilə bağlı “püşkatma” mərhələsidir. Yəni konkret nə etmək lazım olduğunu müəyyən etmək mümkün olmur. Hətta proses o qədər qəlizdir ki, 2-3 yox, 5-dən çox variant ətrafında danışılır.  Sovet liderlərinin bioqrafı kimi tanınan politoloq Uilyam Taubman ABŞ-ın “Foreign Policy” jurnalında dərc etdirdiyi məqalədə bir neçə mümkün ssenaridən söz açıb: “Ssenarilərdən biri budur ki, Rusiya çox ciddi uğursuzluqlara düçar olacaq. Hətta vəziyyət o yerə çatacaq ki, Putin ya devriləcək, ya da müharibədə məğlubiyyətini etiraf edəcək...

Ancaq keçmiş sovet rəhbərləri Nikita Xruşşovun və Mixail Qorbaçovun bioqrafı kimi sizi əmin edə bilərəm ki, Putin bu kommunist liderlərdən daha güclüdür...

İkinci ssenari Rusiyanın hərb meydanında Ukraynaya tam qalib gəlməsidir. Putin də elə buna ümid edir. Amma indiyədək bu baş verməyib və Qərbin Kiyevə dəstəyi davam edərsə, o zaman bu ssenarinin reallaşacağı ehtimalı çox azdır...

Üçüncü ssenari ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin təklif etdiyi və yəqin ki, Fransa prezidenti Emmanuel Makron kimi Avropa liderlərinin də dəstəklədiyi bir kompromisdir. Söhbət fevralın 24-dək mövcud olmuş vəziyyətə, status-kvoya qayıdılması məsələsindən gedir...

Dördüncü ssenari müharibənin davam etməsidir. Təəssüf ki, bu, daha inandırıcı bir ssenaridir, çünki bu variant Putinin xislətinə uyğundur. Yəqin ki, rusiyalıların da çoxu məhz bunu gözləyir...

Beşinci ssenari Putinin aşkar məğlubiyyətin qarşısını almaq və vəziyyətdən çıxmaq üçün nüvə silahından istifadə etməsi ola bilər..."

Ekspert bu variantları səsləndirərkən müharibənin davam edəcəyini daha inandırıcı sayır. Bəs vəziyyət niyə bura dirəndi? Nələr ola biləcəyini kim əvvəlcədən düzgün hesablamamışdı? - Rusiya, yoxsa Qərb?

Asim Mollazadə: Hərbi cinayətlər törətmiş cəlladlar məsuliyyətə cəlb olunmalıdır - 27.05.2022, Sputnik Azərbaycan

Asim Mollazadə

Demokratik İslahatlar Partiyasının rəhbəri, deputat Asim Mollazadə “Yeni Müsavat”a deyib ki, Rusiya imperiyanın yenidən bərpası iddiasındadır: “Ukraynasız imperiya mümkün deyil. Bu gün baş verənlər də bu iddianın gerçəkləşməsindən ötrüdür. Ukrayna imperiyanın bərpasında birinci addım olmalı idi. Rusiya siyasi rəhbərliyi yalnış məlumatlara arxalanıb, Ukraynanı qısa bir müddətdə təslim edəcəklərini düşünürdülər. Bu savaşa girincə hesablamadıqları Ukrayna xalqının çox ciddi müqavimət göstərəcəyi, istiqlal savaşına girəcəyi idi. Bu gün Ukrayna xalqı azadlığı, hürriyyəti, öz torpağı uğrunda mübarizə aparır. Bu dirəniş Rusiyanın bütün planlarını alt-üst edib”.

Politoloq deyib ki, Rusiyanın Ukraynaya təcavüzü nəticəsində çox dərin bir böhran yaranıb: “Rusiya Ukraynanı prosesin əvvəlində düşündüyü kimi işğal edə bilmədi. Rusiya Ukrayna xalqını sındıra bilməyəcək. Ukrayna xalqının Vətən sevgisi, azadlıq sevgisi müqaviməti daha da artıracaq. Ukraynaya dəstək olarsa, silah təminatı olarsa, Ukrayna xalqı öz azadlığı uğrunda mübarizəni davam etdirəcək”.  /“Yeni Müsavat”

 
 






Fikirlər